Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin cəzası azaldılıb

11:50 - 10 Mart 2017 - ÖLKƏ İÇİ

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. "Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, İ.Qasımovun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib. Qeyd edək ki, İ.Qasımov ötən ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. Sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə prosesində zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib. O, İ.Qasımova 19,5 milyon dollar verdiyini deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şirkət rəhbəri apellyasiya şikayəti verib. Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Xəbər xətti