Ekstremizmlə mübarizədə səmərəli metodlardan biri maarifləndirmə, tolerantlığın təbliğidir

18:37 - 6 Mart 2017 - KİVDF

Din dövlətdən ayrı olsa da dövlət ölkədəki dini duruma bilavasitə məsuliyyət daşıyır

 Müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və  terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, milli zəmində vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri və məktəblər dağıdılır. Bunu iİlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirir. Onun sözlərinə görə, Azərbaycan olduqca həssas, böyük dövlətlərin maraqlarının toqquşduğu bölgədə yerləşdiyindən, gələcəkdə yarana biləcək, davamlı inkişafa mane olacaq münaqişələrin vaxtında qarşısının alınması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. "Müasir dövrdə fundamental insan hüquqlarından olan vicdan və dini etiqad azadlığının təmin edilməsi, tolerantlığın qorunması bir çox dövlətlərin və beynəlxalq qurumların siyasətində və qarşılıqlı əlaqələrində xüsusi rol oynayır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin borcu və müstəsna hüququdur. Din dövlətdən ayrı olsa da dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.
Azərbaycan Respublikasında dini ekstremizm təhlükəsi keçən əsrin 90-cı illərindən meydan çıxmağa başlamış, müstəqilliyin ilk illərində respublikada siyasi stabilliyin pozulması, Ermənistanla silahlı münaqişə və iqtisadi durumun çətinləşməsi ölkədə xeyli problem yaratmışdır. Yetmiş ildən artıq bir müddətdə sovet rejiminin ateizm təbliğatına məruz qalan, din xadimlərinin fəaliyyətinə və dini maarifləndirmənin aparılmasına qadağa qoyulan ölkəmizdə dini fəaliyyət sahəsində bir sıra problemlər özünü açıq göstərir, əhalinin böyük bir hissəsinin din barəsində məlumatsızlığı, dinlərin fəlsəfəsinə, Azərbaycanda yayılması tarixinə və xüsusiyyətlərinə dair biliklərinin yetərsizliyi radikal dini təriqətlərin respublikada yayılmasına əlverişli şərait yaradırdı",- o bildirir.
İİlahiyyat üzrə fəlsəfə doktoru  Ceyhun Məmmədov bildirir ki, müsir dövrdə qloballaşan dünyada terror və ekstremizmlə mübarizədə müxtəlif üsullardan istifadə olunur, bir sıra hallarda inzibati metodlara daha çox üstünlük verilir. "Bu gün ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılması, tolerantlığın təbliğidir".
O bildirir ki, ümumi təhlillər gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərir. "Bunun üçün dini təhsil müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, dini dərslərlə yanaşı dünyəvi fənlərin tədrisi, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanması, tədrisin hər hansı məzhəbçilik deyil, ümumi prinsiplər əsasında təşkil olunması, xurafatçılığa yol verilməməsi və tələbələrə vətənpərvərlik ruhunun aşılanması xüsusi əhəmiyyət kəsb edir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov isə bildirib ki, dini radikal elementlərə qarşı mübarizədə əsas faktor real alternativ ənənəvi dini təbliğatın aparılmasının gücləndirilməsidir. "Apardığımız müşahidələr göstərir ki, radikal, o cümlədən qeyri-ənənəvi təriqətlərin təbliğatı bir çox hallarda ölkədəki milli-mənəvi dəyərlərlə, millətlər arasında münasibətlərin inkişafı ilə ziddiyyət təşkil etdiyi üçün cəmiyyətdə ciddi narahatlıq doğurur. Bildiyiniz kimi, qeyri-ənənəvi cərəyanlar özlərinə tərəf əsasən gəncləri çəkməyə “müvəffəq olurlar”. Bunun bir səbəbi onların dünyagörüşünün, dini savadının kifayət qədər olmamasıdırsa, digər səbəbi Qafqaz Müsəlmanları İdarəsi tərəfindən attestasiyadan keçməyən bəzi “mollalar”ın dini düzgün təqdim etməməsidir".  Onun sözlərinə görə, problemlə mübarizədə yüksək ixtisaslı kadrların hazırlanması ilə məşğul olan tədris müəssisələrinin milli-ideoloji faktorlara söykənən parametrlər əsasında formalaşdırılması vacibdir. Səyavuş Heydərov deyib ki, son dövrlərədək əhalinin böyük əksəriyyətinin xəbəri olmayan müxtəlif yönümlü, Azərbaycan üçün xas olmayan dini əqidələr, qeyri-ənənəvi dini cərəyanlardan törənmiş sektalar cəmiyyətə nüfuz edir, müxtəlif yollarla insanların şüuruna və qəlbinə yol tapır. "Hesab edirik ki, əsas məsələlərdən biri yüksək ixtisaslı dinşünaslar, ilahiyyatçılar, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının ixtisaslı kadrlarını cəlb etməklə Dini Araşdırmalar Mərkəzinin yaradılması və həmin mərkəzdə aparılan araşdırmalar vasitəsilə radikal cərəyanların dini-ideoloji əsaslarının elmi tənqidinə yönələn fəaliyyət bu sahədə yaxşı nəticələr verə bilər. Eləcə də dini mühitə yönəlmiş xarici təsirlərin, milli maraqlara zidd dini baxışların yayılmasının qarşısının alınması məqsədilə vahid ideoloji xəttin mərhələli şəkildə formalaşdırılmasında mövcud imkanlardan məqsədyönlü istifadə edilməsi, xüsusilə koordinasiyalı fəaliyyətin gücləndirilməsi vacib məsələlərdəndir. Qeyd olunan faktlara əsasən deyə bilərik ki, hazırda ölkəmizdə islamşünaslıq elmi yenidən təşəkkül tapmağa başlayıb.
Bu baxımdan milli mənafelərə əsaslanan, ölkədə tarixən mövcud olmuş ənənəvi məzhəblərin birliyini, “İslam vəhdəti” dini-ideoloji xəttini özündə ehtiva edən dövlət-din münasibətləri konsepsiyasının və onun tətbiqi mexanizmlərinin hazırlanması dini radikalizmlə mübarizədə ideoloji xəttin əsas sütununu təşkil etməlidir".
DQİDK sədri Mübariz Qurbanlı isə bildirib ki, bu gün dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla, millətlər arasında münasibətləri pozmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi vacib amilə çevrilir. "Dini ekstremizmə və radikalizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Bu gün bəzi qüvvələr terroru dinlə əlaqələndirməyə cəhd göstərirlər. Lakin terrorun milliyyəti, dini, irqi yoxdur. Komitə sədrinin sözlərinə görə, ekstremizm və radikalizm dində o zaman özünü büruzə verir ki, din faktiki olaraq öz mahiyyətindən kənara çıxır və insanın mənəviyyat aləmindən siyasi aləminə doğru transfer edir. Lakin unutmamalıyıq ki, din sırf mənəviyyatla bağlı olan məsələdir". M.Qurbanlı bildirib ki, dini ekstremizmə və radikalizmə qarşı mübarizə daha ciddi şəkildə davam etdirilməlidir. "Burada kütləvi informasiya vasitələrinin, təhsil ocaqlarının üzərinə də böyük vəzifələr düşür. Biz cəmiyyət içərisində hərtərəfli təşviqat işlərini gücləndirməliyik ki, Azərbaycanda ekstremist və radikal qruplar meydana gəlməsin".
Bu istiqamətdə dövlətimiz dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir. Normativ-hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılması, dövlətin, həm də dini qurumların hüquq və öhdəliklərinin dəqiq müəyyən olunması, eləcə də insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirləri təbliğ edən təriqət və cərəyanların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir.
Bu gün Azərbaycan Respublikasının hüquq mühafizə orqanları ölkədə ekstremizmin və radikallıq meyllərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Radikal təriqətlərin ölkəmizdə yayılmasına imkan verilməməsi, xaricdə fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində döyüşən gənclərlə bağlı həyata keçirilən tədbirlər bu fikri təsdiq edir.

(ardı var)

Xəbər xətti