Vüqar Əliyev: “Azərbaycanın inkişafı, ölkədəki sabitlik və təhlükəsizlik dünyaya nümunədir”

11:58 - 3 Mart 2017 - SİYASƏT

“Həssas regionda yerləşən, ərazisi işğal edilən, mühüm transmilli enerji layihələrinin təşəbbüskarı olan Azərbaycanın inkişafı, ölkədəki sabitlik və təhlükəsizlik dünyaya bir nümunədir. Bunun iki səbəbi var. Birinci səbəb Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, praqmatik, milli maraqlara söykənən siyasətdir. İkinci səbəbi isə Azərbaycan xalqının bu siyasəti dəstəkləməsidir”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, bəzi qüvvələr öz məqsədlərinə çatmaq olmaq üçün Azərbaycan gənclərindən istifadə ediblər və bir sıra hallarda öz məqsədlərinə nail olublar: “90-cı illərdə gənclər ayrı-ayrı siyasi qruplara bölünərək hakimiyyət uğurunda mübarizə aparırdılar. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra düşünülmüş gənclər siyasətinin əsası qoyuldu, gənclər siyasətinin konseptual əsasları yaradıldı. Gənclər Azərbaycan prezidenti İlham Əliyevin ətrafında sıx birləşməlidir”. V. Əliyev qeyd edib ki, bu gün Azərbaycan dövləti gənclərə böyük diqqət göstərir: “Azərbaycanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyətinin inkişafına gənclər böyük töhfələr verir”. Dövlətin jurnalistikaya kifayət qədər qayğı ilə yanaşdığını söyləyən V. Əliyevin sözlərinə görə, KİV cəmiyyətdə, gənc nəsildə vətəndaşlıq hissinin formalaşmasına mühüm töhfəsini verməlidir: “Jurnalistika kifayət qədər məsuliyyətli sahə olduğundan gənc jurnalistlər nəzəri biliklərini artırmalı, cəmiyyətin nəbzini tutmalıdırlar”.

Xəbər xətti