Azərbaycanda müxtəlif dinə mənsub insanlar qarşılıqlı anlaşma şəraitində yaşayıblar

18:28 - 2 Mart 2017 - KİVDF

Heç vaxt milli və dini zəmində ayrı seçkilik və qarşıdurma olmayıb

"Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr verib. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən İslam dini ilə yanaşı, Xristianlıq, Yəhudilik dininə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşamışlar".  Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıb. Dini azlıqların nümayəndələrinin səmərəli fəaliyyəti üçün geniş imkanlar yaranıb, bütün dinlərə hörmətlə yanaşılıb. Dini azlıqlarla dini əksəriyyətin birgə yaşayışı təmin edilib. Bir sözlə Azərbaycanda həmişə yüksək tolerantlıq mühiti hökm sürüb, heç vaxt milli və dini zəmində ayrı seçkilik və qarşıdurma olmayıb. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin hazırki dövrə qədər qorunub saxlanmasında Azərbaycan xalqının milli xüsusiyyətlərinin rolu danılmazdır. Bu gün tarixi mədəniyyət abidələri, məscid və ziyarətgahlarla yanaşı, yəhudi və xristian məbədlərinin də bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. Dövlət Komitəsinin sədri bildirib ki, bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. "Vətəndaşlarının böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. Hələ 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilib. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Kilsənin açılış mərasimində Ulu öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak ediblər". Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapıbdır".
DQDK sədrinin müavini Səyavuş Heydərov isə bildirib ki, hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. "Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Bununla bərabər, ölkənin hüquq sistemi ekstremizm təhlükəsinin real olduğu şəraitdə, dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir". 
Bəli, bu gün tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşıb. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürüb, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib. Ayrı-ayrı etiqad və inanclara malik etnoslar əsrlərlə əmin-amanlıq şəraitində yaşayıb, etnik-mədəni müxtəliflk günümüzədək qorunub. 
Milli Məclisin Icdimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, ölkəmizdə tətbiq olunan dövlət-din modelinin ən böyük uğuru ondan ibarətdir ki, dünyada dinlərarası və məzhəblərarası qarşıdurmaların baş verdiyi müasir dövrdə Azərbaycanda bu sahədə hansısa gərginlik yaşanmır. "Bir faktı söyləmək kifayətdir. Belə ki, əsrlərdən bəri İslam dünyasının iki böyük - şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda həyata keçirirlər. Tarixdə bir neçə dəfə onların birliyinə, həmrəyliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb. İslam aləmində məzhəb məsələsinin ön plana çıxdığı bir dövrdə - keçən ilin yanvar ayının 15-də Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, ölkə müsəlmanları ilk dəfə bir araya gələrək eyni vaxtda, bir yerdə, bir sırada vəhdət namazı qıldılar və bu, ənənəyə çevrilərək digər məscidlərdə də tətbiq olunmağa başladı",-komitə sədri bildirib. Onun sözlərinə görə, ötən dövr ərzində, ümumilikdə İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində də əməli addımlar atılıb. "Hələ Ümummilli liderin dövründən başlayaraq Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının işində fəal iştirak edib. Ölkəmizin İslam dünyasının ayrılmaz parçası olduğunu dönə-dönə vurğulayan Ulu öndərin İslam Əməkdaşlıq Təşkilatının Mərakeş Krallığında keçirilən zirvə toplantısında səsləndirdiyi “Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımla - müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm” fikri onun İslam dünyası ilə əlaqələrə verdiyi əhəmiyyətin bariz göstəricisidir. Ümummilli lider Heydər Əliyev Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin iki qitə arasında barışdırıcı missiyasının əhəmiyyətinə diqqət çəkərək deyirdi ki, “Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük”. Fəxrlə deyə bilərik ki, Ulu öndərin bütün fikir və ideyaları kimi, bu dünyagörüşü də Prezident İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun və yeni çalarlar əlavə olunmaqla  davam etdirilir",- o deyib. Beləliklə, bu gün həm Avropa Şurasına, həm də ISESCO-ya müsəlman ölkəsi kimi üzv olan Azərbaycan istər müsəlman, istərsə də Qərb ölkələri arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurub. Artıq Azərbaycan dünyada istər mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, istər tolerantlığın, multikultural dəyərlərin inkişafı, istərsə də müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm rol oynamaqdadır.  Ötən illər ərzində qeyd etdiyimiz istiqamətlərdə keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq, bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanınan Azərbaycan tərəfindən irəli sürüldüyünün şahidi olarıq. 

Xəbər xətti