Ana səhifə
27 May 2018

“Müəllimliyə xüsusi sevgim olmayıb”- Müsahibə

Vurğun Əyyub: “Talonla yarım kilo yağ almaq üçün saatlarla növbədə dayanırdıq”

 

 

O, şəxsən mənim yaddaşıma müstəqil Azərbaycanda ilk dəfə təsis olunan Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının ilk sədri kimi göstərdiyi dürüst və prinsipial mövqeyinə görə həkk olunub. O, biliyinin yetərincə olmamasını əsas gətirərək, öz doğma bacısını qəbul imtahanına buraxmayıb. Hətta imtahan vaxtı anası xahiş edir ki, evin son beşiyi olan bacısını birtəhər imtahandan keçirsin. Amma cavabı qəti və konkret olub: “ümumiyyətlə, bacım sənəd verməsin, çünki savadı yoxdu”.

Bəli, Azərbaycanda test üsulu ilə rüşvətsiz tələbə qəbulundan danışanda orta və yaşlı nəsil nümayəndələrinin ilk olaraq yadına düşənlərdən biri də budur. Keçmiş SSRİ məkanında təhsil sistemindəki bu yeniliyi ilk olaraq Azərbaycanda tətbiq olunmasında onun böyük əziyyəti olub. Bu gün həm də Azadlıq hərakatında xidməti olan simalardan biri-Vurğun Əyyubdan söhbət açacağıq. O həm də, 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub. “Tanınmışların yadda qalan tələbəlik illəri” rubrikasının bu dəfəki qonağı olan müsahibimiz öz “uğur hekayəsi”ni belə nəql etdi.

 

Şərqşünaslıq, Jurnalistika fakültələrinə öz biliyinlə daxil olmaq çətin idi

 

- 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşam. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil oldum. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim kimi çalışmışam. 1984-cü ildə elə həmin institutun əyani aspiranturasına daxil olub, 1987-ci ildə də oranı bitirib, müdafiə etdim və filologiya elmlər namizədi oldum.

İxtisas seçimimdə təbii ki, valideynlərin rolu olub. Deyim ki, müəllimliyə xüsusi sevgim olub, belə bir şey olmayıb. Baxmayaraq ki, valideynlərim müəllim idi. Atam əslində ixtisasca sənətşünas idi. Amma öz ixtisası üzrə çalışmayıb, orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Rus dilini çox yaxşı bildiyi üçün o vaxt Maarif Nazirliyi ona rus dilini də tədris etməyə icazə verib. Atam 7-yə yaxın dil bilirdi. Eyni zamanda riyaziyyat, fizika, kimya sahəsundə də kifayət qədər savadı var idi. Məsələn, riyaziyyat olimpiadasında rayonun adlı-sanlı müəllimləri hər hansı məsələnin həllində aciz qalanda atama müraciət edərdilər. Anam kimya müəllimi idi. Kimyadan bəzən onun çətinlik çəkdiyi məsələləri atam, necə deyərlər, dizi üstə həll edərdi.

Onu da deyim ki, ailəmizdə hamının ədəbiyyata böyük həvəsi olub. Evimizdə həmişə yerli və əcnəbi yazıçıların müxtəlif əsərləri, “Azərbaycan”, “Ulduz” jurnalının bütün nömrələri daim gözümüzün qabağında olub. Bunlar da yəqin öz rolunu oynamışdı. Amma açığını deyim ki, Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq heç fikrimdən də keçməyib. Sadəcə, məcburiyyət qarşısında bu ixtisası seçmişəm. Məcburiyyət deyəndə, sovet vaxtı mən arzuladığım şərqşünaslıq, jurnalistika kimi fakültələrə öz biliyinlə daxil olmaq çətindi. Bu mənə qeyrü mümkün görünürdü. Ona görə də, sevdiyim fakültədə deyil, başqa fakültədə oxumalı oldum.

 

Mənim üçün təyyarəyə bileti şəhadətnamə ilə almışdılar

 

Ali məktəblərə ilk qəbul imtahanını detalları ilə xatırlamıram. İstənilən halda həyəcan var idi. Məşhur bir deyim var: Napoleonu gecə yuxudan oyadıb, qaldırırlar. Soruşur ki, nə baş verib. Deyirlər, düşmən hücuma keçib. Cavabı o olur ki, mən də elə bildim, imtahandı. Bu mənada imtahan hər zaman həyəcanvericidir. Amma imtahanvaxtı həyəcanla yanaşı, məndə bir əminlik də var idi. Yəni qorxu hissi yox idi. Qəbul imtahanı verəndə hələ 16 yaşım tamam olmamışdı. Təsəvvür edin, birinci sinfə gedəndə heç 6 yaşım olmayıb. Ona görə də rəhbərlik adımı jurnala da yazmağa ehtiyat edirdi. Amma orta məktəbə daxil olmamışdan artıq mən oxumağı, yazmağı, saymağı bacarırdım. O vaxt orta məktəb 10 illik olduğundan 16 yaşım tamam olmamış məktəbi bitirdim. Ali məktəbə daxil olanda isə pasportum yox idi, sənədlərimi doğum haqqında şəhadətnamə ilə qəbul etdilər. Hətta 1974-cü ilin yayında biz Həştərxana tələbə-inşaat dəstəsində işləməyə yollanarkən mənim üçün təyyarəyə bileti də şəhadətnamə ilə almışdılar.

Belə demək mümkünsə, müəllimlərimin, digər abituriyetlərin bəzilərinin təccüb, istehzalı baxışları altında imtahan vermək həyəcanlı idi.

Kənddən Bakıya gələn olsam da, tələbəlik illərimi yataqxanada keçirmədim. Çünki o zaman mənim bacım da ali məktəbdə oxyurdu. Ona görə kirayədə qalmalı oldum.

Tələbəlikdən yadda qalan hadisələr o qədər çoxdur ki, indi onların hansınısa dəqiq xatırlamağa çətinlik çəkirəm. Xüsusən, rəhmətlik Dəmirçizadənin dərslərində maraqlı anlar çox olurdu. İsmayıl Şıxlı, İsrayıl Mustafayevin də dərclərində  maraqlı hadisələrlə qarşılaşmışam. Yaddaşıma həkk olunan hadisələrdən biri 1976-cı ilə təsadüf edir. BDU-nun böyük akt zalında Asif Atanın “Estetika” klubunun təşkil etdiyi tədbirdə M.Fizuli haqqında çıxışım, orada həyəcanlanmağım, səsimin titrəməsi, Xudu Məmmədovun oturduğu yerdən mənə ürək-dirək verməsi heç zaman yadımdan çıxmayacaq hadisələrdəndir.

 

Özünü göstərmək üçün tələbə indi daha azaddır

 

Tələbəlik illərində aldığımız məvacib də ehtiyaclarımızı tam qarşılamırdı. O vaxt hər bir şəxs üçün müəyyən məbləğ müəyyənləşmişdi. Doğrusu ağlımıza gəlməzdi ki, təqaüdün azlığına ehtiraz edək. Evdən köməklik olmasaydı, dolanmaq çətin olardı. Ancaq valideynlərim tələbə vaxtı işləməyimə imkan vermir, mütəmadi olaraq yardım edirdilər.

Tələbə kimi asudə vaxtımızda yox idi. Belə vaxtı da dərsdən qaçaraq qazanırdıq. Həmin boş vaxtlarda da tələbə imkanına uyğun dostlarla yeyib içib, dincəlirdim. Tətil zamanı isə kəndə valideynlərimin yanına gedirdim. Tələbə yoldaşlarımdan bir çoxu hazırda elm adamıdır. Rayonda müəllim işləyən yoldaşlarla indi də mütəmadi əlaqə saxlamağa çalşırıq. Bəziləri artıq dünyasını da dəyişib.

Tələbəlik illərim təəssüf ki, sovet dövrünə təsadüf edib. Bu dövrlə bağlı da xoş təsüratım çox azdır. Bəzən, kimisə dindirən də deyir ki, sovet dövründə gözəl şərait, təhsil vardı. Mən bu fikirlərlə razılaşmıram. Bunlar uydurma, adətən “nostalji” hislərdən doğan bir haldır. Bizim vaxtımızdakı tələbəlik illərini indiki mühütü ilə müqayisə etmək qeyri mümkündür. Özünü sərbəst, olduğu kimi göstərmək üçün tələbə indi daha azaddır. Hər halda mənim işlədiyim yerdə belədir. Bu haqda çox danışmaq olar. Bircə onu deyim ki, kimsə sovet dövrünü tərifləyib ideal mühit kimi qələmə verirsə, o problemli adamdır. Təssəvvür edin, 1976-cı ildə 3-cü kursda oxuyurdum. Bizə yarım kilo yağ almaq üçün talon verirdilər. Ondan ötrü saatlarla növbədə dayanırdıq. Yalandan deyirlər ki, o vaxtlar indikindən daha yaxşı olub. Bunlar uydurmadır, reallıqdan uzaqdır. Sanki biz Amerikada yaşayırdıq, həmin dövrün çətinliklərindən xəbərmiz yoxdur. .

 

Əfsun

Tarix
16 Noyabr 2014 [09:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin