Deputat Elmira Axundova MDB Parlamentlərarası işçi qrupunun iclasında çıxış edib

15:43 - 1 Mart 2017 - SİYASƏT

MDB dövlətlərinin mədəni irsinin qorunması haqqında Konvensiyanın müzakirəsi üzrə işçi qrupun Peterburqda keçirilən iclasında iştirak edən AR Milli  Məclisinin deputatı  Elmira  Axundova çıxış edərək adı çəkilən Konvensiyaya prinsipial və əhəmiyyətli dəyişikliklər olunmasını təklif etdi. Konvensiyanın aktuallığını qeyd edən millət vəkili bir sıra iradlarını da dilə gətirib. O bunları deyib: “Hər şeydən əvvəl qeyd etməliyəm ki, Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunması barədə bir çox beynəlxalq və regional Konvensiyalara qoşulub. Onlar arasında YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyasını (1993-cü il), "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasını (1999-cu il), YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasını (2006-cı il), “Avropanın memarlıq irsinin qorunması haqqında” Konvensiyanı (2009-cu il) misal  göstərmək olar. Həmçinin İSESKO, TÜRKPA və TÜRKSOY kimi təşkilatlar çərçivəsində birgə qərar və sənədlər də mövcuddur və üzərində işlədiyimiz Konvensiya bir tərəfdən qeyd etdiyim bu sənədləri nəzərə almalı, digər tərəfdən əhəmiyyətli yenilikləlrə onlardan fərqlənməlidir, təəssüf ki, bizim layihəmiz bəzi məsələlər üzrə onlardan zəifdir. Məsələnin mahiyyəti orasındadır ki, Konvensiya mövcud reallığı əks etdirmir, dünya və MDB məkanındakı milli münaqişələrin, hərbi toqquşmaların, anti-terror əməliyyatların olduğu müasir vəziyyətin özəlliklərini nəzərə almır. Təəssüf ki, bütün bunlar torpaqlarının 20 faizi işğal edilmiş Azərbaycan vətəndaşlarına tanışdır. Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımının 25 illiyi ilə bağlı 24 fevral 2017-ci il tarixli qərarında deyilir ki, Ermənistan hərbi qüvvələrinin silahlı zorakılığı nəticəsində 877 şəhər, kənd və qəsəbə dağıdılıb. Zəbt olunmuş torpaqlarda Azərbaycanın tarixi-mədəni irs obektləri xüsusi qəddarlıqla məhv edilib. Onlar arasında 500-dən çox tarixi və 100-dən çox arxeoloji abidə, 22 muzey, 4 rəsm qalereyası var, tarixi əhəmiyyətli 9 saray talanaraq yandırılıb, 44 məbəd və 9 məscid təhqir olunub. Dağıdılan 927 kitabxanada 4.6 milyon kitab və qiymətsiz əlyazma məhv edilib. Bu rəsmi statistikadır. Azərbaycana dəyən zərər onlarca milyard dollardır.

Bundan əlavə, Konvensiyanın 15-ci maddəsində deyilir ki, “müvafiq Konvensiyanın tərəfləri hesab edirlər ki, MDB xalqlarının mədəni irsi ilə bağlı məsuliyyət ümumidir, buna görə də onun qorunması və istifadəsi üçün tərəflər effektiv əməkdaşlıq etməlidirlər. Bundan əlavə Konvensiyanın tərəfləri mədəni irsin yerləşdiyi dövlətin suverenleyini tam şəkildə qəbul edir və  hörmətlə yanaşır, qeyd olunan irsə münasibətdə milli qanunvericiliklə nəzərdə tutulan hüquqları tapdalamır”.
Konvensiyanın bu və digər əsas müddəaları Azərbaycana münasibətdə artıq pozulub. Buna görə Azərbaycan tərəfi o fikirdədir ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayan bir dövlətlə hər hansı  əməkdaşlıq etməsi qeyri-mümkün və qəbulolumazdır, o vaxta qədər ki, həmin torpaqlar azad olunsun və sülh müqaviləsi imzalansın. Bununla belə Konvensiyanın  15-ci və digər maddələrində mədəni irsin qorunması üçün “tərəflərin əməkdaşlıq etmə öhdəliyi” barədə danışılır.
Beynəlxalq birlik tərəfindən qəbul olunan bütün bu obyektiv reallıqlar həmin Konvensiyanın effektivliyini və  icra olunmasını  sual altına alır.
Yuxarıda qeyd olunanlarla bərabər Konvensiyaya bir sıra dəyişiklikləri təklif edirəm. belə ki, “Konvensiyanın məqsədləri” adlı 2-ci maddənin sonuncu bəndinə – “sosial və təbii fəlakətlər dövründə MDB xalqlarının mədəni irs obyektlərinin qorunması üzrə dövlətlərarası yardımın həyata keçirilməsi” bəndinə “MDB dövlətləri ərazisində hərbi münaqişələr zamanı, anti-terror əməliyyatlarının aparılması müddətində” sözləri əlavə olunmalıdır.
7 və 8-ci bəndlər üzrə iradlar 2-ci maddədəki kimidir. 8-ci bölmənin adına və 36-cı maddəyə bunları əlavə etmək lazımdır. “Sosial və təbii fəlakətlər nəticəsində mədəni irs obyektləri dağıldıqda və zədələndikdə” sözündən sonra “həmçinin hərbi münaqişələr, anti-terror əməliyyatları” sözlərini əlavə etmək lazımdır.
Digər dövlətin ərazisində mədəni irs obyektlərinin məhv edilməsində günahkar olan dövlətin məsuliyyətini və Beynəlxalq arbitraj və ya digər beynəlxalq hüquq təşkilatlarında mübahisəli məsələlərin həlli yolu ilə maddi kompensasiyanın ödənməsi qaydalarını adı çəkilən Konvensiyada müəyyən etmək lazımdır. Buna görə 47-ci maddənin müddəaları, yəni “tərəflər müvafiq Konvensiyanın tətbiqi və təfsiri zamanı yaranan mübahisəli məsələləri qarşılıqlı razılıq əsasında öz səlahiyyətli qurumları vasitəsilə məsləhətləşmə və danışıqlar yolu ilə həll edirlər” müddəası bizim üçün məqsədəuyğun deyil, hətta bəzi hallarda qəbul olunmazdır. Hesab edirəm ki, mübahisələrin həlli məsələsinə beynəlxalq hüquqi nöqteyi-nəzərindən yanaşmaq lazımdır”.
Bu prinsipial qeydlərdən əlavə Elmira Axundova bir sıra başqa dəyişikliklər təklif edərək demişdir ki, MDB dövlətlərinin mədəni irsinin qorunması haqqında Konvensiya üzərində ciddi işləmək və bu Layihəni Mədəniyyət, İnformasiya və İdman Komitəsinin martın sonunda nəzərdə tutulan iclasının gündəliyindən çıxartmaq lazımdır.
Azərbaycan nümayəndə heyətinin üzvü deputat Elmira Axundovanın çıxışından sonra Ermənistanın MDB-dəki nümayəndəsi Ayk Çilinqaryan etiraz əlaməti olaraq iclas zalını tərk edib. Elmira Axundovanın səsləndirdiyi irad və təkliflərin əsaslı olduğu hesab edilib və Konvensiyanı hazırlayan mütəxəssislərə tapşırılıb ki, onların əksəriyyəti Layihənin yeni redaksiyasında nəzərə alınsın.

 

Elmin

Xəbər xətti