Ana səhifə
10 Dekabr 2018

“Ömrümdə bir bənd də olsa şeir yazmamışam”- Müsahibə

Ağalar Bayramov: “Tullanıb-düşməklə məşğul olan dırnaqarası sənətçilər birdən-birə xalq artisti olur, amma mən yox”

 

 

Bədii qiraət ustalarını dinləmək zövüqlü olsa da, bu işlə məşğul olan çox az adam var. Bu sahədə öz sözünü deyən cəmi bir neçə nəfər var ki, onlardan biri də əməkdar artist Ağalar Bayramovdur. Bir çox şeirlərə öz səsi ilə yeni ahəng verən Ağalar Bayramov redaksiyamızın qonağı oldu. Onunla ağır keçən uşaqlıq, gənclik illərindən, hazırkı fəaliyyətinə qədər bir çox mövzulara toxunduq. Həmin söhbətdan alınan müsahibəni sizlərə təqdim edirik.

 

- Ucarda doğulmusuz, uşaqlığınız orada keçib. İlk olaraq elə Ucarda yaşadığınız illərdən başlayaq...

 

- 1954-cü il yanvarın 16-da Ucarın Boyat kəndində doğulmuşam. Valideynlərimi erkən yaşda itirmişəm. Bacım-qardaşım da yoxdur. Məni nənəm böyüdüb. Uşaqlığım 45-50 dərəcə istisi olan o kənddə keçib. Orta məktəbi də orada yaxşı qiymətlərlə bitirmişdim. Nənəmi rayonda tək qoya bilmədim deyə, Bakıda ali məktəbə sənəd verə bilmədim. Göyçay bizə yaxın idi deyə, orada texniki peşə məktəbinə daxil oldum ki, nənəmə baxa bilim. Xalam da Göyçayda yaşayırdı. 1971-ci ildə qəbul oldum və 1972-ci ildə bitirdim. 1974-cü ilə kimi hər həftə Boyat kəndinə gəlmək şərtilə Göyçayda işləyib, xalamgildə qalası oldum. 1974-cü ildə nənəmi ağlar qoya-qoya hərbi xidmətə getdim. O vaxtı belə idi ki, əgər evdə qayğıya ehtiyac olan var idisə, oğlanı əsgərliyə aparmırdılar. Ucar rayon hərbi komissarı dedi ki, nənənin səni götürüb saxlaması haqda qəyyumluq kağızı yoxdur. Ağlaya-ağlaya dedim ki, bir parça kağıza inanırsız, yoxsa reallığa? Axı 73 yaşlı qadın tək qalır. 1974-cü il mayın 31-də Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində xidmətə getdim. Əsgərlik xidmətim çox yaxşı oldu. Məni yeməkxanaya çörəkçi qoydular. Əsgərlikdən nənəmə pul göndərirdim. Yerli vətəndaşlarla bir yerdə işləyirdim. Artıq peçenyelərdən ruslara verirdim, onlar da mənə pul verirdilər. Nənəmi dolandırırdım. Amma qadın kənddə tək qalmışdı. 1976-cı ildə mən əsgərlikdən gələn ili, qorxudan, ya nədən çox ağır xəstəliyə düçar olur. Əsgərlikdən mayın 31-dən sonra buraxılmalıydım. Allah bu gəlişimi tezləşdirdi. Əsgərlikdə tikinti batalyonunda briqadir idim. Böyük ərazinin işini vaxtından tez qurtardığımıza görə, məni bir ay öncə buraxdılar. Gəldim ki, nənəmin vəziyyəti ağırdır. O ağır məqamında güc toplayıb boynuma sarıldı. 15 gün sonra dünyasını dəyişdi. Mənim taleyim çox ağır olub. Nənəm dünyasını dəyişəndən sonra rayonda qala bilmədim və 5-6 ay sonra Bakıya gəldim. Fəhləlik edib pul qazanırdım, amma kitabları da təkrar edirdim. Sənədlərimi Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verdim, amma qəbul ola bilmədim. Bekar qalmayım deyə, Bakı Kitabxanaçılıq Texnikumunda mədəni-maarif fakültəsinin teatr kollektivi ixtisasına qəbul oldum. Oranı fərqlənmə diplomu ilə bitirdim və Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul oldum. Qarşıma yaxşı insanlar çıxdı. Mən qəbul olan ili instituta akademik Aslan Aslanov rektor gəldi. Aslan müəllim mənə çox gözəl qayğı göstərdi. 1985-cü ildə institutu bitirməliydim, 1984-cü ildə məni tədris teatrına aktyor götürdü.

 

- Bakıda tək yaşayırdız?

 

- 1980-ci ildə Mədəni-maarif texnikumunda paralel sinifdə oxuyan bir xanımla ailə həyatı qurdum. Həm oxuyurdum, həm çalışırdım. Kirayədə qalırdıq. 1985-ci ildə institutu bitirəndən sonra məni aktyor sənəti kafedrasına baş laborant keçirdilər. Bir müddət sonra dekan müavini işlədim. Sonra hiss etdim ki, yaradıcılıqdan qalıram. Ərizə yazıb, dekan müavini vəzifəsindən çıxdım. Ondan sonra bu günə kimi, Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı kafedrasında dərs deyirəm. Bir oğlum, bir qızım var. Qızım Tibb Universitetini bitirib, ailəlidir. Gülnur, Gülcan adlı iki nəvəm var. Oğlum isə İqtisad Universitetini bitirib, hərbi xidmətə yollanıb.

 

- Niyə bədii qiraətə maraq göstərənlər çox olsa da, uğur qazananlar az olur?

 

- Səsyazma studiyasında bir aparat gördüm. Dedilər ki, müğənnilərin səsini genişləndirmək, səsə dad-duz qatmaq üçündür. Bu yolla da sənət dünyasında dırnağarası cövlan edənlər var. Amma bədii qiraətdə aparatla nə isə etmək olmur. Qiraətin yaradıcılarından Kazım Ziya, Müxlis Cənizadə, Mikayıl Mirzə, Həsən Əbluc rəhmətə gedib. Qalanlar Əminə Yusifqızı, İlham Təvəkküloğlu, Nadir Hüseynov və mən. Bu sahədə tanınmışlar rəhmətə gedənlərlə bir yerdə 8 nəfəri keçmir. Bu sənət üçün bəlağətli, sözə dad-duz gətirən səs, sevgi, ədəbi materialı seçmək bacarığı, yaddaş, fantaziya, ən əsası böyük ürək lazımdır.

 

- Qalaq-qalaq kitablardan şeir seçmək də məharət tələb edir. Seçimi necə edirsiz?

 

- Gözəl şeir tapanda sevincimin həddi-hüdudu olmur. Şairin qalaq-qalaq kitablarına yox, nə yazdığına baxıram. Şairin şəxsiyyəti ilə yazdıqları arasında uçurum yoxdursa, o mənə məlhəm olur. Mən Ramiz Rövşən, Musa Yaqub, Məmməd Araz, Ramiz Qusarçaylı, Əjdər Ol, Sabir Sarvan, Zəlimxan Yaqub kimi şairləri necə dana bilərəm axı? Yazdıqları ilə əqidələri, dili ilə ürəkləri arasında uçurum yoxdur. Rasim Kərimlinin sözləri mənə təsir edir. Qismət adlı gənc var, sözünün vurğunuyam. Mənim üçün əsas meyar şeirin gözəlliyidir.

 

- Əməkdar artist adına 2002-ci ildə layiq görülmüsüz. Ötən il isə 60 yaşınızı qeyd etdiniz. Amma hələ də xalq artisti deyilsiz...

 

- Səngərdə, cəbhədə, bir sözlə, harada tədbir varsa, iştirak edirəm. Tullanıb-düşməklə məşğul olan dırnaqarası sənətçilər birdən-birə xalq artisti olur. Amma ömrünü sözün, sənətin, vətənin, dövlətin yolunda çürüdən Ağalar Bayramov yox. Bundan təbii ki, dövlət başçısının xəbəri olmur. Xırda məmurlar özlərini görməməzliyə qoyurlar. Bəlkə xalq artisti adı almaq üçün başqa meyar lazımdır? Yəqin, o meyarlara uyğun deyiləm. Yüz il fərhad kimi külüng çalan da, on gün qastrolda qalan da eyni mükafata layiq görüldü. Nə isə... Fəxri ad almaq naminə qapı arxasında dayanıb, quyruq bulamaq kimi iyrənc işlər nə boyuma yaraşır, nə buxunuma, nə də xarakterimə... Bu işlər mənlik deyil. Ulu öndər Heydər Əliyev sənətimi dəyərləndirib, 2002-ci ilin dekabrın 24-də cənab Prezidentimizin ad günündə mənə əməkdar artist fəxri adını verdi. Mənimlə o vaxt ad alanlar indi xalq artisti olublar... Bu sənətin yolçusuyamsa, əziyyətimə niyə dəyər verilməsin? O vaxt Hüseyn Arif gözləyirmiş ki, buna xalq şairi adı verəcəklər. Siyahı oxunur və adı çıxmır. Şairlərdən biri deyir ki, ay qağa narahat olma verərlər. H.Arif deyir ki, “lazım döyül, zəhləm elə xalqdan gedir. Bu avaralarla bir yerdə adım çıxmasa yaxşıdır”. Amma gizlindən yenə çalışır ki, növbəti dəfə ad verilsin. Bu dəfə də siyahıda adı olmur. Həmin şair yenə deyir ki, ay qağa narahat olma verərlər. H.Arif deyir ki, “lazım döyül istəmirəm. Osman Sarıvəlliyə o vaxt ad verdilər ki, Nəsimiyə Yesenin deyirdi, Natavana Qrupskaya”. Lazım döyül. O.Sarıvəlli xalq şairi olanda çox qocalıbmış. Gözləri görməyib, Yeseninin şəklinə baxanda elə bilib ki, Nəsimidir, Natavan da Nadejda Konstantinovna Qrupskaya. Bu gün mənim üçün önəmli olan ölkəmizin müstəqillidir. İnanıram ki, Qarabağımızı da geri qaytaracağıq.

 

- Bu qədər şeirlər oxuyursuz, bəs şeir yazmaq həvəsiniz olmayıb?

 

- Mənə çox adam şair deyir. Onları qınamalı deyil. Çox adam bədii qiraətin aktyorluğun bir qolu olduğunu bilmir. Bu sevindiricidir ki, mən şeirin ikinci müəllifi oluram. Fikrət Qoca qeyd edir ki, Ağalar müəllim mənim “Cənnətdən qovulanlar” poemamı efirdə dedi. Səhəri gün qonşusu Bilal kişi deyib ki, verilişdə hündürboylu oğlan var idi, nə gözəl şeir dedi. F.Qoca da deyib ki, o mənim şeirim idi. Deyib ay kişi, nə sənin şeirin, özü yazıb, özü də deyir. Fikrət müəllim efirdə dedi ki, Bilal kişi bəli, o Ağaların şeiri idi. Ağalar onu bişirib, araya-ərəsəyə gətirməmiş mikrofon qarşısında dayanmır. Mən şeirə öz ədəbi materialım kimi baxıram. Mənə şair desələr də, ömrümdə bir bənd də olsa şeir yazmamışam, heç könlümdən də keçməyib.

 

- Səhnə danışığı kafedrasının dosentisiz. Səhnə danışığı ölkəmizdə hansı səviyyədədir?

 

- Mədəniyyət və İncəsənət Universiteti 90 ildir fəaliyyət göstərir. Bu ilin may ayından universitetə Fərəh xanım Əliyeva rektor təyin olundu. Həmin vaxtdan bəri təmirindən tutmuş, şəffalığa qədər böyük işlər görüldü. Evin bünövrəsi gərək düz olsun ki, üstündə mərtəbə ucalda biləsən. Veriliş aparanlar, veriliş aparmaq istəyənlər müraciət edirlər ki, onlara səhnə danışığı ilə bağlı ayrıca dərs keçim. Bacardığım qədər onlara vaxt ayırmağa çalışıram. Bu il Fərəh xanımın göstərişi ilə universitetdə bədii qiraət müsabiqəsi keçiriləcək. Burada digər universitetlərin də tələbələri iştirak edəcəklər. Mən tələbəyə dediyim dərs praktikada həllini tapmırsa, onun nə önəmi var? O müsabiqələrdə, tədbirlərdə çıxış etməsə, əhəmiyyəti olmur. Səhnə danışığı, diksiya, söz ehtiyatı baxımından çətinliklər var.

 

- Bəs aparıcıların danışıq səviyyəsi sizi nə dərəcədə qane edir?

 

- Rus sözləri işlədirlər, mübtəda ilə xəbər bir-birinə qarışıb. Verilişlərin səviyyəsi çox bərbad haldadır. Aparıcıların çoxu elə danışır ki, elə bil fabrikdən gəliblər və səhnə danışığı haqqında heç nə bilmirlər.

 

- Toylara da gedirsiz...

 

- Pişiyin ağzı ətə çatmayanda deyir mundardır. Bacara bilməyənlər kinayə ilə “hə toy falan” deyirlər. Habil Əliyev, Arif Babayev, Mikayıl Mirzə, Yaşar Nuri, Mələkxanım Əyyubova toylarda olmayıb? Olublar. Amma dəvət olunublar. Mən 1991-ci ildən toylu-düyünlü günlərə dəvət alıram. Özümü restoranlara dürtmürəm.

 

- Palatka toylarına necə gedirsiz?

 

- Kənd toylarının abu-havası bir başqa olur. Orada poeziyaya çox fikir verirlər. 2005-ci ildə Türkiyənin millət vəkili Atilla Kayanın  qardaşının toyunu idarə elədim. İki ay bundan öncə Alma-ata şəhərində toy idarə etdim. Palatka toyuna da gedirəm. Hansı toya dəvət alıramsa, öz əzizimin toyu kimi baxıram. 5 manat aldığım toyla, 5000 manat aldığım toya eyni nəzərlə baxıram. Elə dəvətlər olur ki, razılaşmıram. O yerlərə qədəm basıram ki, orada qədir-qiymətim bilinəcək. Pul ikinci dərəcəyə keçir. Pul da lazımdır. Oğurluq etmirəm, rüşvət almıram. İnsanlara zövq verirəm, balasına xoşbəxtlik arzulayıram. O da əvəzində pul verir. Bunun nəyi pisdir ki? Bununla fəxr edirəm.

 

 

Aygün Asimqızı

Tarix
15 Noyabr 2014 [16:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin