Hərbi ekspert: "Ermənilər bu cür təxribatlarla Azərbaycanı aktiv hücuma vadar edir"

15:34 - 28 Fevral 2017 - Cəmiyyət

Ermənistan hakimiyyəti 2 aprel seçkilərində özünü göstərmək üçün Dağlıq Qarabağda təxribatları aktivləşdirib. Bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, Sarkisyan hakimiyyəti bu üsulla Ermənistan cəmiyyətini aldatmaq, seçkilərdə nəyəsə nail olmağa cəhd edir: "Çünki artıq Ermənistan xalqı da Dağlıq Qarabağ münaqişəsindən yorulub. Onlar da hakimiyyəti danışıqlara, problemin sülh yolu ilə həll edilməsinə məcbur edir. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ermənilərə hərtərəfli mənfi təsir edir. Ermənilər hər dəfə çoxlu itkilərə məruz qalır, ölkə əhalisinin yaşayış səviyyəsi gündən-günə aşağı düşür".
Hərbi ekspert bildirib ki, ermənilərin budəfəki təxribatı Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsinə təsadüf etsə də, onların başqa planları da ola bilər:
"Çünki ötən ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində ərazilərimizin bir hissəsini işğaldan azad etdi və ermənilər xeyli itki verməklə geri çəkildi. Bu itkilər Ermənistan ictimaiyyətini hiddətləndirdi və Ermənistanın siyasi rəhbərliyindən münaqişənin sülh yolu ilə həll edilməsini tələb etdilər. Uğursuzluğa düçar olan erməni siyasi hakimiyyəti isə ictimaiyyətə söz verdi ki, onlar işğaldan azad edilən əraziləri ya yenidən işğal edəcəklər, ya da həmin ərazilərin əvəzinə Azərbaycanın digər ərazilərini ələ keçirəcəklər. Onlar həm də ötən ilin yay aylarında təxribat törədəcəklərini dedilər, amma alınmadı. Sonradan söz verdilər ki, payız-qış aylarında aktiv hücuma keçəcəklər, lakin bu planları da baş tutmadı. Azərbaycan Silahlı Qüvvələrinin sayıqlığı nəticəsində ermənilərin diversiya qruplarının cəhdləri bir neçə dəfə aşkar edildi və qarşısı alındı. Onların növbəti cəhdləri isə fevralın 25-də oldu və bu cəhdləri də baş tutmadı. Azərbaycan hərbçiləri bunun da qarşısını ala bildi. Düzdür, biz də itki verdik, amma ermənilər daha çox itki verməklə geri çəkilməyə məcbur edildilər".
Ş.Ramaldanov qeyd edib ki, ermənilərin növbəti təxribat cəhdi baş tutmadığı üçün onlar neytral zonada şəhid olan Azərbaycan hərbçilərinin meyitlərinin götürülməsinə mane olmağa çalışdılar: "Amma Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin iradəsi nəticəsində ermənilər geri çəkilməyə məcbur edildi, biz şəhidlərimizin nəşini götürdük".
Ehtiyatda olan zabit deyib ki, ermənilər bu cür təxribatlarla Azərbaycanı yenidən aktiv hücuma vadar edir: "Onlar istəyirlər ki, Azərbaycan tərəfi hücuma keçsin. Yəqin düşünürlər ki, ötən ilin aprel hadisələrində olduğu kimi, yenə də Rusiya başda olmaqla vasitəçilərə yalvarıb Azərbaycanı dayandıracaqlar və atəşkəsi Azərbaycan tərəfinin pozması barədə iddialar irəli sürəcəklər".

Xəbər xətti