Azərbaycanın tolerant həyat tərzi nadir mədəniyyət nümunəsidir

18:20 - 28 Fevral 2017 - KİVDF

Burada yaşayan digər xalqlara qarşı hər zaman hörmətlə yanaşılıb
Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Biz digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırıq. Biz öyrənməyə və öyrətməyə çalışırıq. Biz cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik və bunun üçün əlimizdən nə gəlirsə etməyə çalışırıq. Bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli mənəvi dəyərlərimiz üzərində qurulub.
Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə Azərbaycanda tarixən mövcud olan dini və milli tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılmasının tarixi hadisə olduğunu söyləyib. O vurğulayıb ki, Azərbaycana ilk dəfə gələn insan buranı görəndən sonra onda ölkəmiz haqqında yüksək fikirlər yaranır. "Azərbaycan ənənəvi tolerant ölkədir. Azərbaycanda heç vaxt dini zəmində münaqişə olmayıb. Burada yaşayan digər xalqlara qarşı hər zaman hörmətlə yanaşılıb. Ümumiyyətlə, istənilən dəyərin, ideyanın cəmiyyətdə yaşaması və inkişafı onun möhkəm təməllərə və güclü dəstəyə malik olmasından asılıdır, desək, yanılmarıq". Bu mənada tolerantlıq, multikulturalizmi Azərbaycan mühiti üçün min illər boyu gündəlik həyatın bir gerçəkliyi kimi səciyyələndirə bilərik. “Azərbaycan xalqı özlüyündə, təbiətinə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”, deyən Ulu Öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını vermiş, Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırıbdır. Çünki, tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığımız sosial münasibətin mövcudluğu və davamlılığını şərtləndirən, çağdaş dövrümüzdə belə, dünyanın bir sıra ölkələrinə hava, su qədər gərəkli olan çoxsaylı amillər olmuşdur. Bu amillərdən dinc birgəyaşayış ənənəsini, tolerantlıq, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətləri örnək göstərə bilərik".
Komitə sədri vurğulayıb ki, tolerant münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. " Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir".
Onun sözlərinə görə,Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Bu bəşəri dəyərə ciddi önəm verən dövlət başçısı imzaladığı sərəncamla Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidməti, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıbdır.
Məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda tolerant,  multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, üstəlik bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər. Çünki tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşdırıbdır".
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib” fikri multikulturalizmin, tolerantlığın mahiyyət etibarilə Azərbaycanda, eləcə də multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafının yeganə yolu hesab etməsi, bu anlayışın beynəlxalq əhəmiyyətini anlamaq baxımından bütün mətləblərə aydınlıq gətirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bildirib ki, Azərbaycanda dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir: "Din xadimi olaraq şadam ki, Azərbaycan iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. Şükürlər olsun, Azərbaycan dövlət başçımızın siyasəti sayəsində Qafqazın lider dövlətinə çevrilib".
QMİ sədri bildirib ki, dünyamızın üzləşdiyi əsas problemlərin kökündə mənəvi böhran durur, dəyişən dünyamızı məhvlərdən çıxmağa qoymayan əbədi dəyərlərə istinad xüsusilə vacibdir. "Bu dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlər önəmli yer tutur". Onun  sözlərinə görə, ökəmiz bunlara dəyər verir. "Azərbaycanda daxili sabitlik mövcuddur. Dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Son zamanlarda dünyada faciəvi hadisələrin, dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə Azərbaycanın tolerant həyat tərzi nadir mədəniyyət nümunəsidir. ”.
Onun sözlərinə görə, dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycanın gerçəkliyidir: "Bu amala həm dövlətimiz ali qarantdır, həm də milli mentalitetimiz rəvac verir. Əlbəttə, ölkəmizin bu sahədə dünyaya örnək ola biləcək uğurlarını Azərbaycanda din-dövlət münasibələrinin düzgün qurulması şərtləndirir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Müxtəlif dinlərin təmsilçiləri hər zaman bir arada olur, sevinclərini, kədərlərini bölüşür, müxtəlif məzhəblərin ardıcılları eyni məsciddə ibadət edirlər. Azərbaycanda din xadimlərinə, dini ibadət yerlərinə dövlətimizin başçısı tərəfindən yüksək diqqət və qayğı göstərilir".
A.Paşazadə qeyd edib ki, Bakı artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin bir-birinin ardınca keçirildiyi ənənəvi məkana çevrilib. Azərbaycan dünya miqyasında uğurlu dinlərarası əməkdaşlıq ənənəsinə hər zaman sadiqdir: "Müxtəlif mədəniyyətlərin bir arada olmasını o bir olan Yaradanımız özü istəyib. Bu, təqdiri-ilahidir və biz - din xadimləri bu həqiqəti sizlərə çatdırmağa məsuluq. Allah-təala müqəddəs kitabımız Qurani-Kərimdə buyurub: "Biz sizi bir kişi və bir qadından yaratdıq, sonra bir-birinizi tanıyasınız deyə ayrı-ayrı qəbilələrə, tayfalara böldük".
Şeyxülislamın fikrincə, Azərbaycanın uğurlarının açarı kimliyindən asılı olmayaraq, burada insanların sülh və anlaşma şəraitində yaşamasıdır: "Azərbaycanın tərəqqisinin, həyatın bütün sahələrində uğurlarının təməlində müxtəlif mədəniyyət daşıyıcısı olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, xalqımızın bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməsi durur. Bu, bizim bugünkü və gələcək uğurlarımızın açarıdır".

Xəbər xətti