Elektron xidmətlərdən istifadədə 63 region sakininə köməklik göstərilib

20:23 - 27 Fevral 2017 - Cəmiyyət

"Bərdə və Ağdam rayonlarında təşkil edilən xidmət mərkəzləri elektron xidmətlərdən istifadədə çətinliyi olan sakinlərə köməklik göstərilməsi işini davam etdirir. Bu ayın əvvəlindən indiyədək  63 nəfər region sakininə elektron xidmətlərdən istifadədə köməklik göstərilib". Bu barədə məlumat verən Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımovun sözlərinə görə, məqsəd elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən  istifadə etmək ehtiyacı olan insanlara texniki və hüquqi yardımın göstərilməsidir. 

Layihə rəhbəri Xalid Kazımovun sözlərinə görə, proqram çərçivəsində əhalinin elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatlılığını artırmaq üçün təbliğat materialları da hazırlanıb: "Ölkəmizdə əhaliyə göstərilən elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatların toplandığı buklet hazırlanıb. Bukletdə “Elektron hökumət”, dövlət qurumları və ictimai xidmətləri yerinə yetirən digər qurumlar tərəfindən göstərilən elektron xidmətlərlə bağlı məlumat toplanıb. Eyni zamanda bukletdə əhalinin www.e-gov.az portalının imkanlarında necə istifadə etməklə bağlı bilgiləndirilməsi üçün  məlumat verilib. Bukletdə, həmçinin, elektron xidmət göstərən qurumlar, onların internet səhifələri  və “Qaynar xətt” nömrələri, ən çox istifadə edilən elektron xidmətlər haqqında məlumat toplanıb. Hazırlanan buklet materialları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərilərək həmin qurumla razılaşdırılıb. Daha sonra hazırlanan buklet 1500 ədəd çap edilib. Növbəti mərhələdə hazırlanan bukletin Bərdə və Ağdam rayonlarında, eyni zamanda elektron xidmətlərlə bağlı məlumatlandırma sessiyalarının keçiriləcəyi Göygöl, Mingəçevir, Yevlax,  Ağdaş rayonlarında əhaliyə paylanılması nəzərdə tutulur".
X.Kazımovun sözlərinə görə, əhalinin elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatlılığını artırmaq üçün bir televiziya verilişi hazırlanaraq yayımlanıb: "Elektron xidmətlərin vətəndaş üçün əhəmiyyəti" mövzusunda verilişdə ekspert Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev olub. Veriliş "Kanal 13" İnternet televiziyasının "Hüquq işığında" verilişində çəkilərək yayımlanıb. Növbəti mərhələdə isə Bərdə, Ağdam, Göygöl, Mingəçevir, Yevlax, Ağdaş rayonlarının hər birində bir məlumatlandırma sessiyasının keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Avrasiya Əməkdaşlıq Fondunun missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Fond daha çox ölkə üçün prioritet olan istiqamətlərə aid ideya və təkliflərin reallaşdırılmasını müəyyənləşdirir.
Qeyd edək ki, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu layihənin icrası  Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımov ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi” adlı xidmət çərçivəsində həyata keçirilir.


Xəbər xətti