Hər xalqın öz milli-mənəvi və dini dəyərləri var

18:14 - 27 Fevral 2017 - KİVDF

 "Biz  öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik"

Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir. Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdirilməsində, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verilməsində ümummilli lider Heydər Əliyevin üsusi xidməti olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun sayəsində xalqımızın milli mənəvi dəyərlərə qayıdışı sürətlənib. Heydər Əliyev yenidən hakimiyyətə qayıdışından sonra ilk növbədə din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Həyata keçiriləni uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazası formalaşdırıldı.Ümummilli lider sayəsində  Azərbaycan dünyəvi dövlət olsa da, dövlətimiz bütün dinlərə eyni münasibət sərgilədi, tolerant və multikultural dəyərləri təşviq və təbliğ etdirildi. Çünki tolerant dəyərlərə sahib olmayan cəmiyyətdə sabitliyin olması mümkün deyildi. «Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq». Ulu Öndər bütün sonrakı dövr ərzində bu vədinə əməl etdi, dinin, dini təsisatların və etiqadların müasir Azərbaycan cəmiyyətində oynadıqları rola diqqətini azaltmadı. Görkəmli dövlət xadimi İslam dininin mütərəqqiliyini qeyd edərək onun insanların mənəvi dünyasının paklanmasında rolunu yüksək qiymətləndirdiyini bəyan etdi: «Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır».
Ümummilli lider İslam dəyərlərini xalqımızın milli sərvəti kimi dəyərləndirdi: "Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, İslam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıb. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar".
"İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir" deyən Heydər Əliyev bildirib: "İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir, tolerantlıq dinidir…Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir". Ümummilli lider deyib ki, biz heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq. “Biz azərbaycanlılar- bu, sonralar gələcək bütün nəsillərə də tövsiyə olunur- heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq».
Heydər Əliyev bir inanc insanı olaraq öz həyatında hər zaman mənəvi dəyərləri yüksək tutub. Hələ Sovet dövründə təhlükəsizlik orqanlarında fəaliyyət göstərərkən, bütün təhlükələri göz önünə alaraq anasının xahişini yerinə yetirmək üçün Mir Möhsün Ağanın ocağını ziyarət etməsi onun nə qədər dərin bir inanca sahib olduğunu göstərir. Ulu Öndər müstəqil Azərbaycanın dövlət başçısı kimi ümrə ziyarətinə getmiş, Həzrət Məhəmməd peyğəmbərin məqbərəsini, məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özümü xoşbəxt hesab etmişdi: "Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı. Bir daha İslam mənbəyinin nə qədər ümumbəşəri, fəlsəfi, elmi əsaslara malik olduğunu dərk etdim. Böyük Allahın böyüklüyünü dərk etdim”.

Heydər Əliyev İslam dəyərlərinin insanlara olduğu kimi çatdırılmasında din xadimlərinin böyük rola malik olduğunu düşünürdü. O, Qarabağ savaşının ağır günlərində deyirdi:  “Mən əminməm ki, dinimiz, din xadimlərimiz Azərbaycan Respublikasının bu ağır günündə xalqımızın, vətəni qoruyan bütün adamların daha sıx birləşməsində, ordumuzun möhkəmlənməsində, işğal olunmuş torpaqların geri qaytarılmasında bundan daha fəal iştirak edəcəklər, öz səylərini göstərəcəklər və beləliklə bir daha İslam dinin nə qədər böyük qüdrətə malik olduğunu bütün dünyaya sübut edəcəklər”. Ulu Öndərin bu fikirləri bu gün bütün din xadimlərimizin amalına çevrilməli, onlar da ölkənin müstəqilliyinin möhkəmlənməsi üçün öz töhfələrini verməlidirlər. Axı dinimizə görə “Vətəni sevmək imandandır”. Müstəqil vətəni olmayanlar öz dinlərini də lazımınca yaşaya bilməzlər. Məhz bu gün müstəqil bir dövlətimiz olduğu üçün dindarlarımız dini ayinləri və dinin digər qayda-qanunlarını sərbəst bir şəkildə yerinə yetirə bilirlər. 
Heydər Əliyevin dediyi kimi: “Dinimiz-milli-mənəvi sərvətimizdir”. Biz hər hansı xarici qüvvələrə milli-mənəvi dəyərlərimizə müdaxilə etməyə imkan verməyəcəyik. İndi ideoloji mübarizə gedir. Bizim ideologiyamızın adı “Azərbaycançılıq”dır".
Bəli. Bu gün istər dövlətçilik, istər mədəniyyət tariximizə nəzər salarkən İslamın həyatımızın ayrılmaz hissəsinə çevrildiyini görürük. Azərbaycanda din dövlətdən ayrıdı. Bu, azərbaycanşunaslığın tərkib hissəsidi. İnancından asılı olmayaraq hər bir vətəndaş ilk növbədə dövlətinin və xalqının milli-mənəvi dəyərlərini bilir və qoruyur. Milli-mənəvi dəyərlər dedikdə həm də İslamdan qaynaqlanan, kökü İslama bağlı olan dəyərlər nəzərdə tutulur. İslam bizim üçün təkcə din deyil, eyni zamanda, mədəniyyət, mənəviyyat deməkdir. Azərbaycanın başqa xalqlardan, ölkələrdən fərqləndirən cəhətlərindən biri odur ki, biz din dedikdə bütün dini konfesiyaları nəzərdə tuturuq.

 

Xəbər xətti