Hikmət Hacıyev TRT World (English) kanalına Xocalı soyqırımının 25-ci ildönümü barəsində müsahibə verib- VİDEO

17:09 - 26 Fevral 2017 - SİYASƏT

 Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Xocalı soyqırımının 25-ci ildönümü və cəbhədə Ermənistanın törətdiyi son təxribatlar barəsində "TRT World" (English) telekanalına canlı müsahibə verib. XİN-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, XİN rəsmisi müsahibədə Xocalıda Ermənistanın Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət və soyqırım törətdiyini, bir gecənin içərisində 600 nəfərdən artıq insanın öldürüldüyünü deyib.
​Cəbhədəki son gərginliyə toxunan H.Hacıyev bildirib ki, bu Ermənistanın siyasi təxribatlarının hərbi müstəvidə davamıdır. Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Xocalı soyqırımının ildönümü ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətinin yayındırılmasıdır.

O, həmçinin əlavə edib ki, gərginliklərin əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur.
H.Hacıyev münaqişənin həll edilməsi üçün beynəlxalq ictimaiyyətin Ermənistana siyasi və hərbi təzyiqlər göstərməli olduğunu və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və tam çıxarılmalı olduğunu vurğulayıb.

Xəbər xətti