Ana səhifə
19 Fevral 2018

Rəqqasənin qızı diplomat olacaq – Müsahibə

«O insanlar ki, kiminsə sevincinə sevinmirlər, Allahlarından qorxsunlar»

 

«Hindistanda azərbaycanlı olaraq Azərbaycan rəqslərini tanıtdırdım»

 

Hindistanda keçirilən “Udbhay international Dnace Carnival” festivalının qalibi, bayrağımızı Hindistanda dalğalandıran tanınmış rəqqasə Fatimə Fətəliyeva “Şənbə qonağ”ımızdır. Rəqqasə Mersində keçiriləcək növbəti festivala gedir. Ona uğurlar arzu edirik.

 

- Hindistanda qələbə gözləyirdiniz?

 

- Əslində Hindistandan qələbə gözləmirdim. Amma qalib oldum. Mənə festivalda iştirak etmək üçün 6 ay əvvəl təklif edilmişdi. Ümumdünya festivalı olduğuna görə ölkələrin hazırlığı uzanmışdı. 38 ölkə iştirak edirdi. “Banu” və “Səma” rəqs məktəbi festivalda istirak etməli idi. “Ebola” xəstəliyinə görə valideynlər festivala getməyə razı olmadılar. Biz solo şəkilində mən, müğənni Aslan Hüseynov və tələbəm Fatimə iştirak etdik. Bizi Hindistanda çox gözəl, isti qarşıladılar. Böyük təşkilat olan “Depag”la görüş oldu. Orada hər kəs öz dövləti haqqında fikirlərini bildirdi. Biz də Azərbaycan rəqslərindən və mahnılarımızdan danşıdıq. Düşündük ki, Aslan “Sarı gəlin” mahnısını oxusun, mən də o rəqs edim. Aslan canlı oxudu və rəqs etdim. Çox bəyəndilər. Bütün mətbuatın və televiziyaların diqqəti bizdə oldu. Səhəri gün bütün qəzetlərdə bizim şəkillərimiz çıxmışdı. İkinci gün festivalın açılışında “ZTV” və bir neçə kanal bizdən müsahibə aldı. Noyabrın 2-dən 5 gün ayrı-ayrı məkanlarda konsertlər oldu. Çox gözəl dekorasiya, səhnələr quruldu. Noyabrın 6-da qala konsert oldu. “Uzundərə” rəqsini təqdim etdim. Balaca Fatimə isə “Süleymani” rəqsini oynadı. Aslan da Azərbaycan mahnısını oxumalı idi. Düşündük ki, Aslan hind mahnısı ilə çıxış etsin. Festivaldan bir gün əvvəl Aslana hind mahnısının sözlərini öyrətdik. Dəvət edənlər bizə kömək etdilər. “Bobbi” filmindən “Meshal do nehin” mahnısını oxudu. Səhnədə alqışlarla qarşılandı. Mahnını ayaqüstə alqışlayırdılar. Beləliklə, mən, Aslan balaca Fatimə bir-birimizə dəstək olduq. Bizim çıxışlarımız onları valeh elədi. “Uzundərə” rəqsinə görə mənə “Qrant”, tələbəmə diplom, musiqiyə görə Aslana isə “Qran Pri” verildi. Üç sevinci birdən yaşadıq. Azərbaycanın bayrağı Hindistanda dalğalandı. Qürurla deyirəm, fəxr etdim ki, mən azərbaycanlıyam. Azərbaycan haqqında slayd gedəndə səhnədə ağlayırdım. Azərbaycanımızn ən gözəl atributları, İçərişəhərimiz, “Alov qüllə”ləri, Prezident İlham Əliyevin şəkili, «Natiq» ritm qrupunun musiqisi, bütün bunu görmək lazım idi ki, hindlilər necə böyük alqışlarla qarşıladılar. Bizim üçün Ulu öndərimz Heydər Əliyev o qədər gözəl şərait qurub ki, ancaq irəli gedirik. Bu gün fəxr etməliyik ki, Heydər Əliyevin davamçısı İlham Əliyev də bizlər üçün bu cür gözəl  şəraitlər yaradıb. Heç kimin qabağında əyilmirik. Azərbaycan ildən-ilə gözəlləşir. Əvvəllər Azərbaycan deyəndə heç kəs tanımırdı. Amma bu gün «hardansınız» deyə soruşanda fəxrlə cavab veririk ki, azərbaycanlıyıq. Tanıyırlar. Bu sözləri eşidəndə çox xoş olur. Bunu sözlə ifadə etmək mümkün deyil. Xarici ölkələrin vətəndaşları səndən avtoqraf alanda, şəkil çəkdirəndə daha da qürurlanırsan ki, sən azərbaycanlısan.

 

- Fatimə xanım, belə layihələriniz davamı gələcəkmi? Hindistanda tanınmaq istəyirsinizmi?

 

- Mən Hindistana üçüncü dəfə getdim. Budəfəki gedişim daha zəngin oldu. Düşünürəm ki, bu festivalda qalib gəlmək hər bir azərbaycanlının qalibiyyətidir. Hər azərbaycanlı buna sevinməlidir. Mən Hindistanda azərbaycanlı olaraq Azərbaycan rəqslərini tanıtdırdım. Öz məmləkətimə, torpağıma qurban olum. Deyə bilmərəm, bəlkə yenə dəvət olundum. Amma dəvət alsam, getməyə görə çox düşünərəm. Oranın havası, şəraiti mənə uyğun gəlmir. Hindistanda yaşaya bilmərəm. Hər ölkənin, hər millətin mədəniyyətinin öz gözəlliyi var. Amma orada fəaliyyət göstərmək üçün nəsə etmək fikrim yoxdur. Mən istəsəm də edə bilmərəm. Çünki ailəm, uşaqlarım buradadır. Oğlumu 9 gün görmədim. İnanın ki, ürəyimin yarısı burada qalmışdı. Ümumiyyətlə, mən başqa ölkələrdə qala bilmərəm. Getsəm, gərək ailəm də mənimlə köçsün, bu da mümkün deyil. Mənim qızımın gələcək kariyerası buradadır. Qızımı da Hindistana aparmışdım. Qızım hər zaman mənim yanımda olur.

 

 - Qızınızla dost kimisiz, yoxsa, ana-bala münasibətindəsiniz?

 

- Hərdən dost, hərdən ana münasibətində oluruq. Çox vaxt ana kimi əsəbləşirəm, amma artıq böyük qızdır. Hər şeyi özü başa düşür. Çox ağıllı övladım var. Allah hər kəsə bu cür gözəl övlad versin. Qızım Qərb Universitetinin beynəlxalq əlaqələr fakültəsində təhsil alır. Gələcəkdə inşallah, diplomat olacaq.

 

- Bəs, oğlunuzu hansı sənətdə görmək istərdiniz?

 

- Oğlumun idmançı olmasını və bütün dünyada bayrağımızı dalğalandırmasını istəyərdim. Keçən gün verilişdə Eduarda dedim ki, iki ildən sonra oğlumu yanına gətirəcəm. Hansı idman sahəsində olursa olsun, əsas odur ki, Azərbaycanı uğurla təmsil etsin.

 

- Adətən analar övladlarının boksla məşğul olmasını istəmirlər. Siz nə yaxşı razısınız?

 

- Qorxmuram. Qız deyil ki. Oğlandı. Oğlan nə qədər güclü, qürulu olsa, o qədər yaxşıdır. Biz Azərbaycan anaları bu zəmanədə əsl kişi böyütməliyik. Qız kimi böyütməməliyik. Qız kimi böyüdəndə, Allah uzaq eləsin, sonra onun problemlərini görürük. Uşağımı uşaq vaxtından idmana qoyacam ki, əsl kişi kimi böyüsün.

 

- Övladlarınız üçün necə anasınız?

 

 - Hərdən öz-özümə düşünürəm ki, yaxşı ana deyiləm. Yaxşı ana olmaq üçün bütün həyatını övladlarına həsr edəsən. Amma mən onu edə bilmirəm. İşlərimlə əlaqədar olaraq vaxtım az olur. Amma vaxtım olan kimi uşaqlarımı qucaqlayıram, onları gəzdirərəm. Onların ürəklərini açmağı çox sevirəm. Qızım çox vaxt deyir ki, gərək sən adi ana olaydın. Səninlə çox vaxt otura bilmirəm, istədiklərimi danışa bilmirəm. Amma ümumi götürəndə, düşünürəm ki, pis ana deyiləm. Hər şeyi övladlarım üçün edirəm. Mənim anam bizim üstümüzdə çox əziyyət çəkib. Anamın o xasiyyəti mənə keçib. Anam həmişə deyirdi ki, özünü az incit, insan özü üçün də yaşamalıdır.

 

- Mersində festivala qatılacaqsınız. Oradan da qələbə gözləyirsiniz?

 

 - Noyabrın 14-də Türkiyənin Mersin şəhərinə gedirik. Festivala dəvət almışıq. Orada böyük festival olacaq. Bir neçə xalq dəvət olunub, orada Hindistan da iştirak edəcək. Hələ nəticənin necə olacağını deyə bilmərəm. İnşallah, gedib gələndən sonra fikirlərimi sizinlə bölüşəcəm.

 

- Bildirmisiniz ki, uğurlarınızdan narahat olanlar çoxdu. Bu nə ilə bağlıdır?

 

- Bu qalibiyyət tək mənim sevincim deyil. Bütün Azərbaycan xalqının sevincidir ki, bayrağımız başqa ölkədə dalağalandı və qalib oldum. Sadəcə olaraq, sevməyənlərin, sevinməyənlərin qanında Azərbaycan qanı yoxdur ki, onlar sevinmirlər. Əsl azərbaycanlı belə düşünməz.

 

- “Banu” rəqs məktəbini açdıqdan sonra rəqs sahəsində hansı irəliləyiş oldu?

 

- Bu gün məktəbimiz irəli gedir. Tələbələrimiz günü-gündən çoxalır. Rəqs məktəbini açan vaxt çox balaca idi. Gördüm ki, məktəbə müraciət edənlər çoxdur. Ona görə də məktəbimizi böyütdük. İnşallah, tələbələrimiz daha da çoxalacaq. Amma məkəti bundan artıq böyütməyəcəm.

 

- Bu qədər işin öhdəsindən necə gəlirsiniz? Məktəb, iş, rəqs...

 

- Dünən Almaz Ələsgərova mənə gülə-gülə dedi ki, ay Fatimə, balaca boyunla nələr edirsən. Əslində nəyisə edə bilirəmsə buna Allah kömək edir. Bu Allahın bir yazısıdır. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Hərəkət etməliyik. Bir yerdə oturmağı sevmirəm. Uşaq vaxtından nəsə yaratmağı sevmişəm. Hər şeyi gözəl şəkildə təqdim etməyi sevirəm. Bu mənim içimdən gəlirsə, niyə etməməliyəm? Bu o demək deyil ki, mən milyarderəm, imkanlarım çoxdur. Xeyr. Bilənlər bilir ki, mən ağlamağı xoşlamıram. Düzünü deyim ki, mən imkanlı bir insan da deyiləm. Məndən də imkanlı insanlar var. Mən zəhmətimlə nəsə yaradıram. Heç kimin də qabağında əyilmirəm. Allah özümə verib, buna görə şükür edirəm.

 

- Güclü xanımsınız?

 

- Baxır harada... Elə anlar olur ki, çox güclüyəm. Elə anlar da var ki, gücsüz oluram. Nəsə problem olanda, hansısa hadisə baş verəndə elə olur ki, gücümü toplaya bilmirəm. Amma sağ olsun məni sevənlər, yanımdakı insanlar. Mənə o gücü toplamağa kömək edirlər. Mənə deyirlər ki, sən Fatiməsən. Onda mən yenə də güclü oluram.

 

 - Siz işinizi planla qurursunuz, yoxsa şansa bağlayırsınız?

 

- Hər şey mənim həyatımda ekspront olur. Düzdür, ağılsız qərarlar vermirəm. Nəsə edəndə düşünüb hərəkət edirəm. Düşünməsəm bu nailiyyətlərə heç vaxt nail olmaram. Götür-qoy etməyi sevirəm. Şans odur ki, sən əlini ağdan-qaraya vurmursan və hər şey yerinə yetir. Sənin üçün bütün qapılar açıq olur. Amma mən bu qapıları özüm əziyyətlə açıram. İstədiyimə nail olanda gec olur, güc olur.

 

- Siz sənətinizdə tanınmış bir insansınız. Tamaşaçılar nəyə görə sizi bu qədər sevirlər?

 

- Düşünürəm ki, tamaşaçlar mənim səmimiliyimi sevirlər. Mənə çox adam deyir ki, sən efirə özündən razı gəlirsən. Tanıyandan sonra deyirlər ki, çox səmimi insansınız. Xınayaxdı mərasimlərini aparanda insanlarla daha çox ünsiyyətdə oluram. Görürəm ki, xanımlar, analar, bacılar, nənələr məni çox sevir. Onların gözlərində parıltı və isti qarşılamalarını görəndə çox sevinirəm ki, xalqımız məni sevir. Düşünürəm ki, bu, səmimiyyətdən irəli gəlir. Səmimiyyət, insanın daxili aləmi gözəl olmasa, sənəti də olmaz. Bu sənətin birinci gözəlliyi insanın iç dünyası, gözlərinin içində olan nağıl aləmidi.

 

- Tanınmış insan olaraq ətrafınızda yaxşı və pis insanlar olur. Sizə istifadə məqsədilə yaxınlaşan insanları görə bilirsiniz?

 

 - Yox, görə bilmirəm. Düşünürəm ki, 50 yaşım olanda da görə bilməyəcəm. Elə bilirəm ki, hamı əladı, bundan yoxdur. Amma sonra görürəm ki, problem varmış. O da artıq gec olur. Başa düşürəm ki, gərək bu insanı yaxına buraxmayaydım.

 

- Elə insanlar ətrafınızda çox olub?

 

- Bəli, çox olub.

 

- Hər zaman gündəmdə qalmağınıza səbəb nədir?

 

- Düşünürəm ki, 3-4 il sənətimdə fasilə versəm, sonra qayıtsam, yenə də əvvəlki kimi seviləcəm. Bu, hər kəsə nəsib olmur. Elə insanlar var ki, sənətə gəlir, sonra görsənmir. Bu, Allahın qismətidir. Allahın sevimli bəndəsiyəm ki, mən bu gün buradayam. Birini, ikisini aldada bilərdim. Amma bütün Azərbaycanı aldatmaq olmaz ki. Demirəm ki, hamı məni sevir. sevməyən insanlar da var. Bunu normal qəbul edirəm. Amma sevənlər daha çoxdur. Düşünürəm ki, bu sənətimdən və davaranışımdan asılıdır. Sənətimlə zirvədə qalmışam.

 

- Sənətinizlə bağlı gələcək planlarınızı bilmək istərdik. Klip, konsert barədə düşünürsünüzmü?

 

- Klipin o qədər də xeyri olmur. Onun əvəzinə gözəl rəqslər qurmaq və ona gözəl bir rolik çəkmək olar. Düzdür, klip də yaxşı olardı. Amma klipi maliyyəyə görə çatdırmaq olmur. Həm də biznes sahəsində işlərim çoxdur. Ona görə də, çatdıra bilmirəm. Yeni rəqslər üzərində işləyirəm. Bir proyektimiz var. İki qardaş və mənim 10 nömrə rəqslərimiz olacaq. Onlar hazır olduqdan sonra konsert şəkilində təqdim edəcəyik. Konsert zallarının birində 10 rəqsimiz təqdim olunacaq. Orada dünya xalq rəqslərinin çıxışları da olacaq.

 

O insanlar ki, kiminsə sevincinə sevinmirlər, Allahlarından qorxsunlar. Ən böyük günah pislik etməkdir. Ən böyük yaxşılıq isə insanlara dəstək olmaq və onun sevincinə sevinməkdir.

 

 

Rəqsanə

Tarix
15 Noyabr 2014 [13:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ