Deputat Elmira Axundova Bakıda “Soyqırım Muzeyi”nin yaradılmasını təklif etdi

16:48 - 24 Fevral 2017 - SİYASƏT

"Biz matəm içindəyik, Xocalı sakinləri ilə birgə fevralın 25-dən 26-a keçən dəhşətli gecəni təkrarən yaşayırıq, Xocalı qurbanlarının xatirəsini hüznlə yad edirik, qatillərin layiqli cəza almasını tələb edirik". Bunu Milli Məclisin iclasında çıxış edərkən deputat Elmira Axundova deyib. O bildirib ki, Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Milli Məclisin qərar layihəsindən göründüyü kimi, Xocalı soyqırımı xalqımıza qarşı törədilən ilk qətliam deyil: "1918-ci ildən başlayaraq 1988-1993-cü illərə kimi erməni faşistləri tərəfindən 1,5 milyon nəfər azərbaycanlı Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan qovulub, tarixi Azərbaycan torpaqlarında yüz minlərlə insan milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Hələ biz ələ keçirilmiş ərazilərdə tarixi və mədəni irsimizin vəhşicəsinə dağılmasını və yerlə-yeksan edilməsini demirik. Bu vandalizm aktları haqqında da qərarda kifayət qədər dolğun məlumat verilib. Təəssüf ki, bu acı həqiqətləri biz xalq olaraq gec dərk etdik və haqlı mübarizəmizdə xeyli ləngidik. Lakin əbəs yerə deməyiblər ki, yalan ayaq tutar, amma yeriməz. Artıq bütün dünya, beynəlxalq birlik, ən nüfuzlu beynəlxalq təşkilatlar bizim ədalətli mövqeyimizi müdafiə edir, erməni təcavüzünə qarşı çıxış edir. Hesab edirəm ki, bizə təqdim edilən qərar layihəsində Xocalı soyqırımı və ümumiyyətcə Azərbaycan xalqının məruz qaldığı fəlakətlər haqqında kifayət qədər dolğun və hərtərəfli məlumat verilib və mən bu qərar layihəsini dəstəkləyirəm.

Eyni zamanda vurğulamaq istərdim ki, belə faciələri bir daha yaşamamaq üçün hamılıqla daha effektiv iş aparmaq lazımdı. Bu barədə Milli Məclisin deputatlarına da bir vəzifə olaraq konkret tapşırıqlar verilir. Mən müvafiq Qərarın 2-ci bəndini yüksək qiymətləndirirəm, çünki bizə qarşı 100 ildən artıq törədilən soyqırım siyasətinin dünyaya çatdırılmasını biz deputatlar üçün prioritet vəzifələrdən biri hesab edirəm. Nəzərə almaq lazımdır ki, biz bu təbliğatı cəmi 20 il əvvəl başlamışıq. Və bu qısa müddət ərzində erməni ideoloqlarının yüz ildə etdiyindən heç də az etməmişik. Yeri gəlmişkən, Azərbaycan-Lüksemburq Parlamentlərarası İşçi qrupunun adından biz bir neçə gün əvvəl Xocalı hadisəsini soyqırım kimi tanıyan dövlətlərin siyahısını Lüksemburq Parlamentinin Prezidenti cənab Mars di Bartolomeoya ünvanlayaraq Xocalı barədə ona geniş məlumat verdik və bu qətliamın Lüksemburq Parlamentində yad edilməsini və müzakirəsini ondan xahiş etdik. Ümid edirəm ki, bu istiqamətdə işlərimiz öz müsbət nəticəsini verəcək.
Bu günlərdə bir çox ölkələrdə mitinqlər, qətlə yetirilmiş soydaşlarımızla bağlı matəm tədbirləri keçiriləcək, yeni məqalə və dəyərli kitablar işıq üzü görəcək. Bu istiqamətdə Heydər Əliyev Fondunun, xüsusən Leyla xanım Əliyevanın gördüyü işlər və Avropa-Azərbaycan Cəmiyyətinin çoxsaylı layihələri xüsusilə önəmlidir, özü də bu tədbirlər cavan nəsil üçün daha cəlbedici üsul və vasitələrlə aparılır. Mən özüm bir neçə dəfə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlərdə iştirak etmişəm, hətta “Erməni ziyalısının etirafı” adlı kitabın ideya müəllifi kimi onun təqdimatını Moskvada etmişəm və hər dəfə bu kampaniyanın əks sədasının necə geniş olmasının şahidi olmuşam".
Deputat təklif edib ki, Xocalı qətliamında əli olan cinayətkarların cəzalandırılması üçün daha effektiv iş aparılsın. Baş verən qırğınlarla bağlı toplanan sənədlər beynəlxalq məhkəmələrə göndərilməlidir: "İnanıram ki, bu qanlı hadisələrin günahkarları məhkəmə qarşısında duracaq və törətdikləri əməllərə görə cavab verəcəklər. Əminəm ki, Azərbaycan hökuməti bu cinayətkarların həbs olunaraq ölkəmizə ekstradisiya olunması iqtidarındadır. 
Bir də təklif edirəm ki, nəinki Xocalı, həmçinin XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilmiş bütün qanlı olaylarda həyatlarını itirənlərin xatirəsinə Soyqırım Muzeyi yaradılsın. Bu hadisələr barədə ətraflı məlumat, ölənlərin adları, bioqrafiyaları, ailələri haqqında bilgilər bu muzeydə toplansın. Xatirə kitabı dərc olunaraq bu qurbanların xatirəsi əbədiləşdirilsin".

Elməddin

Xəbər xətti