Din insanların inancıdır, dünyagörüşüdür, əxlaqıdır

18:15 - 24 Fevral 2017 - KİVDF

Azərbaycanda sağlam cəmiyyət var

 "Azərbaycan təkcə Şərqlə Qərb deyil, həm də Cənubla Şimal arasında körpü olub. Bu coğrafiya mədəniyyətlərin sərhədi və vəhdətidir. Xalqımızın dini dünyagörüşünün formalaşmasında bu amil müstəsna yer tutub.
Eyni zamanda, Azərbaycan qədimdən müxtəlif dini konfessiyaların, xalqların birgə yaşadığı ölkədir. Bu torpaqlarda müxtəlif etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərləri əhəmiyyətli rol oynayıb. Başqa sözlə, xalqımız həmişə bütün dinlərə və inanclara humanizm prinsipləri ilə yanaşıb". Bu sözləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulub, məzhəblər arasında heç bir ayrı-seçkiliyin mövcud  deyil. Komitə sədri ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini bildirib: " Azərbaycan xalqı çox böyük tarixi yol keçib, tariximiz çox qədimdir. Azərbaycan xalqını digər xalqlardan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, multikultural dəyərlər, tolerantlıq xalqımızın xarakterik xüsusiyyətidir. Etnik müxtəliflik və çoxmədəniyyətlilik, dözümlülük bizi birləşdirən dəyərlərdi".
 Komitə sədri bildirib ki, din insanların inancıdır, dünyagörüşüdür, əxlaqıdır. "Əgər kimsə öz keçmişini yaxşı bilmirsə, öz milli müqəddaratını qoruya və müdafiə edə bilməz. Əgər öz dinini yaxşı bilmirsə, kənar dinlərin, dindəki mənfi cərəyanların təsiri altına düşə bilər. Ona görə də, İslamı yaxşı bilməsək, Qurani-Kərimi, Peyğəmbərimizin yolunu yaxşı bilmiriksə, təbii ki, insanın başqa təsirlər altına daha tez düşməsi istisna deyil. Məsələn, biz əgər radikal qrupların yayıldığı coğrafiyaya baxsaq, harada islami bilgilər zəifləyibsə, radikallar dini əbaya bürünərək fəallaşıblar. Onlar dini siyasiləşdirir və ondan istifadə etməyə cəhd göstərirlər. Ona görə də, İslamı olduğu kimi bilmək vacibdir. Əgər kimsə özünü müsəlman hesab edirsə, İslam dinin mahiyyətini öyrənməlidir".
Onun sözlərinə görə,İslam dünyasında dindən sui-istifadə hallarına rast gəlinir və qarşıdurmala baş verir. " Müəyyən qüvvələr insanların dini biliyinin aşağı olmasından istifadə edərək onları terrora və digər neqativ hallara cəlb edirlər. Təəssüf ki, dünyada dini radikalizm meyilləri artır və müqəddəs mahiyyət daşıyan dindən məkrli məqsədlər naminə sui-istifadə edilməsi günümüzün acı gerçəyidir. Sözügedən problemlər bizim cəmiyyətimizdən də yan keçməyib. Təbii ki, bu sahədə Azərbaycanda vəziyyət başqa ölkələrlə müqayisədə xeyli qənaətbəxşdir, amma qloballaşan və sürətlə dəyişən dünyada baş verə biləcək təhlükələrin qarşısının vaxtında alınması üçün çevik addımların atılması çox vacibdir.
Radikal, ekstremist fikirlərin yayılması, xurafatın təbliği məhz İslam dininin mahiyyətinin düzgün dərk edilməməsinin nəticəsidir. Azərbaycanda insanların dini bilikləri zəif ola bilər, amma dünyəvilik sağlam cəmiyyət və savadlı olmaq din faktorundan sui-istifadəyə imkan vermir" 

M.Qurbanlının fikrincə, bütövlükdə götürəndə Azərbaycan digər müsəlman ölkələrindən dünyəviliyinə görə fərqlənir. Azərbaycan cəmiyyətində həmişə ziyalılar aparıcı yer tutublar. Onlar dinlərə əsl ziyalı gözü ilə, mənəviyyat mənbəyi kimi baxıblar. Buna görə də dini radikalizm, xurafat heç zaman Azərbaycan cəmiyyətində ciddi kök sala bilməyib. Komitə sədri qeyd edib ki, dini radikalizmə qarşı mübarizədə əlbəttə, gənclərin çox böyük yeri və rolu vardır.  "Bizim ərazimizdə nə qədər təbliğat aparsalar da, yad təsirlər ərazimizə müəyyən qədər müdaxilə etsə də, hər hansı ciddi problem yoxdur. Bundan sonra da olmayacaq. Bunlar bizim və İslam üçün yaddır. Tarixi kökü olmayan qrup və təriqət burada özünə yer tapa bilməyəcək. Biz onlara qarşı qəti, kəskin mübarizə aparacağıq. Kimlərsə ənənəvi islami dəyərlərimizə uyğun hərəkət edirsə, bu insanlar daima bizimlə əməkdaşlıq şəraitində mövcud olacaq. Dini radikalizmə qarşı mübarizədə əlbəttə, gənclərin çox böyük yeri və rolu vardır. Bu gün Azərbaycan gəncliyi elmə təhsilə, mədəniyyətimizə çox böyük diqqət yetirir, sosial şəbəkələrdə aparılan araşdırmalar göstərir ki, Azərbaycan gəncliyinin böyük əksəriyyəti dünyəvi dövlətimizə, konstutsiyon sitemimizə, Prezidentimizə dəstək verir, bu yöndə fəaliyyət göstərir. Azərbaycan gəncliyi xarici ölkələrdə təhsil alır, yüzlərlə Azərbaycan gənci ölkə daxilində, müxtəlif formalarda həyata keçirilən siyasətimizdə fəal rol oynayır. Gənclər təşkilatlarımız, QHT-miz var, ki orada gənclərimiz təmsil olunur. Bu gün dövlət idarəçiliyində xeyli sayda gənclər irəli çəkilib. 

Bütün bunlar onu göstərir ki, Azərbaycan gəncliyi sağlam ideya və prinsiplər üzərində fəaliyyət göstərməkdədir. Dini radikalizmə qarşı gəncliyin yeri və rolu ondan ibarətdir ki, onlar bu cür çağırışlara qarşı dayanmalı və ideoloji mübarizədə fəallıqlarını nümayiş etdirməlidirlər. Biz gənclərlə dəfələrlə görüşlər keçirmişik və bu görüşlərimiz davam edir. Media vasitəsi ilə fikirlərimizi çatdırırıq, dialoqlar və dəyirmi masalar təşkil edirik. Azərbaycan gəncliyi hər hansısa bir formada radikalizmə meylli deyil. Onlar Azərbaycanlılıq ideyasına söykənən gənclikdir. Və bu gün dini radikalizmin təsirindən uzaqlaşmaq və ya təsir altına düşməmək üçün gənclər özləri gənclər arasında çox geniş və şaxəli işlər görməlidirlər. 
Komitə sədri Azərbaycanda nəşr olunan və Azərbaycana gətirilən kitablar barədə də danışıb. Komitə sədri qeyd edib ki, bir sıra nəşrlər və xaricdə çap olunmuş kitablarda məzhəblərarası, təriqətlərarası qarşıdurmanı təşviq edən, buna çağıran fikirlər öz əksini tapıb: “Bu cür kitabların Azərbaycanda nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik. Çünki bu cür kitabların yayılması ölkədə məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirə çıxara bilər”.
Komitə sədri əlavə edib ki, əksər ölkələrdə bu cür kitabların yayılması ilə əlaqədar məhdudiyyətlər var və bu həm beynəlxalq hüquq normalarına, həm də ölkələrin qanunlarına uyğundur: “Xüsusilə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə bunu nəzərə almaq lazımdır. Biz görürük ki, dini radikalizmi təşviq və təbliğ edənlər var, onlara qarşı da mübarizə aparılır. Bizdə bununla bağlı xüsusi qrup var və bu məsələnin üzərində işləyir”. O bildirib ki, Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var və bu qanuna əsasən, Azərbaycanda nəşr olunan, Azərbaycana gətirilən dini məmulatlar, o cümlədən kitablar rəy alındıqdan sonra yayıla bilər.
Qeyd edək ki, Azərbaycanda dini ədəbiyyatın satışı ilə məşğul olan 160-dan artıq mağaza fəaliyyət göstərir. Onların əksəriyyətinin ixtisaslaşmış satış məntələqələri kimi fəaliyyət göstərməsinə icazəsi verilməyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov  bu məlumatı təsdiqləyir. O deyib ki, Dövlət Komitəsi istər icazəsi olan, istərsə də olmayan satış məntəqəsi kimi fəaliyyətinə icazəsi verilən bütün mağazalarda reydlər keçirilir: " Ötən ilin oktyabrında Qaradağ və Yasamal rayonlarının ərazisində hüquq-mühafizə orqanları ilə birlikdə reydlər keçirildi. Reydlər zamanı həmin mağazaların əksəriyyətinin ixtisaslaşmış satış məntəqəsi kimi icazəsinin olmadığı müəyyənləşdirildi. Qanunvericiliyə görə, dini təyinatlı ədəbiyyat və əşyaların satışı ilə məşğul olan məntəqələrin icazəsi olmalıdır. Buna ixtisaslaşmış satış məntəqəsi deyirik. Hətta icazəsi olan bəzi mağazalarda da bir sıra pozuntular aşkarlanıb". 
S.Heydərov bildirib ki, satış məntəqəsinin icazəsinin olmaması bir qanun pozuntusudursa, həmin mağazada icazəsiz, eyni zamanda nəzarət markası ilə markalanmayan ədəbiyyatın satışının həyata keçirilməsi də əlavə qanun pozuntusu sayılır: "Monitorinqlər, reydlər keçirilən mağazalarada xeyli qanun pozuntusu aşkar edilərək sənədləşdirilib. Hüquq-mühafizə orqanları ilə birgə bu cür reydlər digər bölgələrdə də davam etdiriləcək".  

Xəbər xətti