Bakı Atatürk Liseyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb- FOTOLAR

14:26 - 24 Fevral 2017 - Cəmiyyət

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimi faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin oxunması ilə başlayıb. 
Mərasimdə çıxış edən liseyin müdiri Hüseyn Dəmirəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə şagirdlərə ətraflı məlumat verib, bunun insanlığa qarşı törədilmiş cinayət olduğunu söyləyib.
Bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhz onun təşəbbüsü ilə bu faciəyə siyasi-hüquqi qiymət verilib, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində mühüm işlər görülüb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Hüseyn Dəmirəl Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondunun əvəzolunmaz işlər gördüyünü də vurğulayıb. Qeyd olunub ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soyqırımının beynəlxalq miqyasda tanınması üçün geniş təbliğat işləri aparlır. 
Çıxışlardan sonra lisey şagirdləri tərəfindən Xocalıya həsr olunmuş şeirlər səsləndirilib və ədəbi-bədii kompozisiya təqdim olunub.


Xəbər xətti