Tibb Universitetinin şöbə müdiri: “Prostat vəzi xərçəngi ilkin mərhələdə tamamilə sağalır”

15:22 - 22 Fevral 2017 - Müsahibə

Günümüzdə prostat vəzi xəstəlikləri olduqca geniş hal alıb. Məhz bu xəstəlik və onun müalicəsi haqqında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri dr.Fikrət Əhmədov öz müsahibəsində ətraflı məlumat verib.


-Fikrət doktor, prostat vəzinin adenomasının diaqnostikası və müalicəsi necə aparılır?
- Bu gün prostat vəzinin xəstəlikləri olduqca aktual və  kişiləri narahat edən, qorxudan xəstəlikdir. İnsanlar müayinəyə gələndə deyirlər ki, məndə prostat var. Normalda hər bir kişidə bir orqan olaraq prostat olmalıdır. Ancaq müayinələr zamanı kişilərdə prostat vəzin iltihabi xəstəlikləri, prostatitlər, prostat vəzin xoşxassəli böyüməsi, (hiperplaziyası, adenoması), ya prostat vəzin xərçəngi aşkarlana bilər. Bunlar içərisində ən çox rast gəldiklərimiz isə  prostat vəzin iltihabi xəstəlikləri və  adenomalardır.
  Prostat vəzin iltihabi xəstəliklərindən danışsaq, prostatitlər gənc yaşlardan etibarən özünü biruzə verə bilər.Prostatitləri adətən sidik yolu infeksiyası və ya cinsiyyət yolundan keçən infeksiyaların ağırlaşması zamanı görürük. Bu zaman xəstədə yüksək hərarət, sidikdə yanma, göynəmə, sidik kanalında ağrı, sidik yollarından irinli axıntının gəlməsi kimi halları müşahidə edirik. Bəzən bütün bunlar şiddətli hal alır.  Bu zaman  həmin xəstələri xəstəxanaya yatırıb yüksək dozada antibiotik müalicəsinə başlayırıq. Qısa bir müddət ərzində düzgün müalicə görüldüyü halda xəstələr tamamilə sağalır.
   Prostat vəzin adenomaları isə daha çox 45-50 yaşdan sonra  kişiləri narahat etməyə başlayır. 60 -70 yaşına gəlib çatan kişilərin  yarısından çoxunda isə bu problem olur. Kimisi gizlədir, kimisi isə mütəmadi olaraq müalicəsini alır. Ümumiyyətlə 50 yaşını keçmiş kişilərin ildə 1 dəfə uroloq müayinəsindən keçməyi məsləhət görülür. Müayinə həm sidik yolları sistemini dəyərləndirmək, həm də prostat vəzin müayinəsi və xəstəliklətinin profilaktikası məqsədilə aparılır.  Xüsusilə prostat vəzi xərçənginin skrininqində ildə bir dəfə kişilərdə PSA(Prostatın Spesifik Antigeni ) analizi olmalıdır ki,  bu da prostat vəzi xərçənginin araşdırılmasında bizə istiqamət verən bir analizdir (markerdir). 50 yaşına çatmış kişilər ildə 1 dəfə bu müayinədən keçməlidir. Ancaq Azərbaycanda bu analiz barədə bir çox insanlar məlumatsız olduğu üçün etdirmirlər. Bunun da nəticəsidir ki, o insanlar gecikmiş bir zamanda, gecikmiş prostat vəzi xərçəngi ilə qarşımıza çıxırlar.
  Prostat vəzin  xoşxassəli hiperplaziyası, adenoması olan kişilər ilkin mərhələdə  bizə sidiyə tez-tez və kəsik-kəsik getmə, gecələr sidiyə tez-tez durmaq şikayəti  ilə müraciət edirlər. Müayinə zamanı prostat vəzin ölçüsünü ultrasəs müayinəsi (USM) ilə müəyyənləşdiririk. Ultrasəs müayinəsi  prostat vəzinin ölçülərini, parenximasının vəziyyətini, daşların, iltihabın olmasını, sidiyə getdikdən sonra sidik kisəsində  nə qədər qalıq sidik qalmasını, həmçinin böyrəklərin, sidik axarlarının vəziyyətini aşkar etməyə imkan verir və  eyni zamanda xəstə 50 yaşına çatıbsa, PSA analizinə baxıb müalicə taktikası seçirik. Əksər hallarda prostat vəzin xoşxassəsli hiperplaziyası(adenoması) diaqnozu qoyuruqsa, ilkin mərhələdə farmakolojik preparatlarla xəstələri müşahidə edirik.  Gündə bir dəfə dərman preparatı içməklə sidiyə getmə çətinlikləri aradan qalxır. Bir çox xəstələr bu dərman preparatlarından illərlə fayda görür və əməliyyatdan qaçmış olurlar. Zamanla yaş irəlilədikcə bəzi qrup xəstələrin təxminən 20-25 faizi dərmandan fayda görməməyə başlayır və o zaman da biz cərrahi müdaxilə edirik. Xüsusilə endoskopik(qapalı yolla) prostat vəzin əməliyyatını icra edir, xəstənin yenə normal həyatına qayıtmağına yardımçı oluruq.

 

- Prostat vəzin əməliyyatının açıq və ya qapalı icra olunması hansı ünsürlərə dayanır?
-İndiki zamanda əksər prostat vəzin hiperplaziyası əməliyyatları 80-90 faiz qapalı yolla həyata keçirilir. Xəstəni xüsusi halda, prostat vəzinin ölçüsünün həddindən artıq böyük olduğu zaman açıq əməliyyat edirik. Endoskopik yolla (qapalı) TUR-Prostatektomiya əməliyyatı etdiyimiz zaman xəstə 2-3 gün xəstəxana şəraitində olur və daha sonra evə yazılır.


- Bu əməliyyatdan sonra xəstə nələrə diqqət etməlidir?
-  Xəstə əməliyyatdan sonra 2-3 həftə ağır işdən uzaq olmalıdır. 2-3 həftə oturmağa, acı yemək yeməyə və spirtli içkilərə icazə verilmir. 3 həftə  sonra xəstə tam şəkildə öz normal həyatına davam edə bilər. Yarası, kəsiyi olmur və sidiyə getmə keyfiyyəti artır.


-ATU-nun Tədris Cərrahiyyə Klinikasının bu xəstəliyin müalicəsində tətbiq etdiyi üstünlükləri nələrdir?
- Klinikamız bu gün Urologiya şöbəsi dünya klinikaları ilə rəqabət aparacaq səviyyədədir. Biz daha çox  endoskopik əməliyyatlara üstünlük veririk. Endoskopik alətlərimiz olduğu üçün, prostatı bipolyar və monopolyar  transuretral rezeksiya etməyimiz mümkündür. Bipolyarın üstünlüyü ondandır ki, işlətdiyimiz mayenin böyrəklərə heç bir zərəri yoxdur. Əməliyyat zamanı monopolyarda istifadə olunan mayelərin böyrəyə müəyyən qədər təsiri olsa da, bipolyarda böyrəyə hər hansı mənfi təsir etmədən əməliyyatı icra etmiş oluruq.


- Son olaraq məsləhətiniz nələrdir?
- Kişilərdə prostat vəzi xərçəngi görülmə ehtimalı nisbətən artmaqda olduğu üçün illik müayinədən keçib yoxlama aparılmalıdır. 50 yaşına çatmış hər bir kişi ildə 1 dəfə uroloq müayinəsindən mütləq keçməlidir. Əgər prostat vəzi xərçəngi çıxsa belə ilkin mərhəldə tamamilə sağalan olduğu üçün cərrahi müdaxilə ilə risk tamamilə aradan qalxır. İnsan tamamilə sağlamlığına qovuşur. Məhz buna görə də tövsiyə edirəm ki, hər bir kəs ildə 1 dəfə də olsa uroloq müayinəsindən keçsin və öz sağlamlıqlarının qeydinə qalsınlar. Xüsusilə 44-50 yaşından yuxarı kişilər üçün ultrasəs müayinəsindən (USM) keçmələri və Prostatın Spesifik Antigenindən (PSA) baxdırmaları məsləhət görülür.

Xəbər xətti