"Tolerantlıq siyasəti dövlətimizin milli maraqlarına söykənir"

18:10 - 21 Fevral 2017 - KİVDF

Mübariz Qurbanlı: "Maraqlarımıza zidd olan nə varsa Azərbaycan xalqının arzusunu ifadə edərək onun qarşısında durmalıyıq"

"Bu gün ölkəmizdə dini təhsil, din sahəsində kadrların hazırlanması ilə bağlı müəyyən dəyişikliklər edilməsinə ehtiyac var. Biz din xadimləri hazırlayan ali təhsil ocağımızın yüksək səviyyədə təminatına nail olmalıyıq". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, din xadimləri, din üzrə kadrlar yetişdirən ali təhsil ocağı dövlətin himayəsində olmalıdır. "Din üzrə kadr hazırlığı sahəsində mərkəzləşmiş sistem yaradılmalıdır. Biz planlaşdırmalıyıq ki, din üzrə nə qədər kadra ehtiyacımız var. Azərbaycan bütün Qafqazda dini sahədə kadr hazırlayan bir mərkəzə çevrilməlidir. Din üzrə kadrı hazırlayacaq mərkəz elmi mərkəz olmalıdır. Bu mərkəz həm də din üzrə tədqiqatlar aparmalıdır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən kilsələr və sinaqoqlar üçün kadrları da tədricən həmin ali təhsil ocağında hazırlamaq olar.  Bir sözlə dini kadrlarımız öz ölkəmizdə hazırlanan kadrlar olmalıdır. Biz planlaşdırmalıyıq ki, din üzrə nə qədər kadra ehtiyacımız var. Hazırda dini kadrların hazırlanmasında mövcud olan bəzi boşluqlar müəyyən çətinliklər yaradır. Bu məsələnin həlli konseptual şəkildə həyata keçirilməlidir".
 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib ki, ölkəmizdə tolerantlıq hakimdir, müxtəlif dinlərin nümayəndələri arasında birlik və mehran münasibət var.  Bu münasibətlərin pozulmasına çalışan radikal qrupların niyyətlərinin qarşısı vaxtında alınmalıdır. Ona görə də dini təhsil və dini kadrların hazırlanması çox ciddi bir məsələdir. "Azərbaycandan kənarda, xarici ölkələrdə dini təhsil almış və hazırda da alan vətəndaşlarımız, gənclərimiz var. Amma qanunla onlar Azərbaycana qayıtdıqda məscidlərdə, dinlə bağlı yerlərdə çalışa, dini ayin və mərasimlərin icrasına rəhbərlik edə bilməzlər. Çünki din yalnız mənəviyyat deyil, eyni zamanda insanları bir araya gətirən idelolji sahədir. Bu birliyin pozulmasına imkan verilməməlidir. Ona görə də hər ölkə özünü qoruyur və başqa ölkələrdə dini təhsil almış din xadimlərinin, eyni zamanda, əcnəbilərin gəlib məscidlərdə və digər yerlərdə ayinlər icra etməsinə imkan vermir. Azərbaycan da buna imkan vermir və bu doğru yoldur. Azərbaycanda dini ayinləri yalnız ölkə daxilində dini təhsil almış şəxslər apara bilər. Biz ilk növbədə milli dini kadrların hazırlanması sahəsində əsaslı dəyişiklik etməliyik".
Dövlət kobitəsinin sədri qeyd edib ki, Azərbaycan tolerant ölkədir, heç bir dini qrupa qarşı heç bir təzyiq olmayıb. " Hər hansı bir tədbir görülsə belə bu, yalnız qanuna uyğun şəkildə həyata keçirilib. Bəzi xristian dini qruplaşmaları var ki, onların fəaliyyətinə heç xristian ölkələrində icazə verilmir. Onlar qeyri-ənənəvi xristian qrupları sayılaraq rədd edilirsə, həmin ölkələrdə insanlar arasında nifaqa çağıran, irqi ayrı-seçkiliyi təşviq edən bu cür dağıdıcı qrupların fəaliyyəti qanunla qadağan edilirsə, əlbəttə, biz də qapılarımızı onlara aça bilmərik. İslam ölkələrində də bəzi radikal qruplar var ki, onlara qarşı mübarizə aparıldığı halda biz qapılarımızı onların üzünə aça bilmərik. Bizim siyasətimiz dövlətimizin milli maraqlarına söykənir. Tolerantlıq siyasəti də bu maraqlara xidmət edir. Bizim maraqlarımıza zidd olan nə varsa Azərbaycan xalqının arzusunu ifadə edərək onun qarşısında durmalıyıq. Milli maraqlarımıza toxunulan nə varsa ona qarşı çıxmalıyıq".
Dövlət Komitəsinin sədri bildirib ki, yuxarıda qeyd etdiyimiz kimi bu gün tolerantlığımızı, milli-mənəvi dəyərlərimizi təhdid edən müxtəlif amillərə rast gəlinir: "Ona görə də onların, o cümlədən İslam dininin qorunmasına ehtiyac var. Milli-mənəvi dəyərlərimiz xarici təsirlərə məruz qalır. Bu təsirlər müasir dünyamızın reallığıdır. Bizim milli-mənəvi dəyərlərimizin başqa xalqların mənsub olduqları dəyərlərlə qovuşması prosesi gedir. Biz də dünyada gedən bu prosesdən kənarda deyilik. Milli-mənəvi dəyərləri, milli xüsusiyyətləri, adət-ənənələri qorumaq üçün işlərin görülməsi zəruridir. Əks təqdirdə, dünyada gedən mədəniyyətlərarası qovuşmada böyük təsir gücü altında mədəniyyətlərin də, milli adət-ənənələrin də assimilyasiyası prosesi gedə bilər. Biz bu gün Qərb mədəniyyətinin ciddi şəkildə dünyaya yayılması prosesini müşahidə edirik. Bu prosesdə xalq öz milli-mənəvi dəyərlərini qorumaq üçün lazımi tədbirlər görmürsə, onun mədəniyyəti də mütləq assimilyasiyaya uğraya bilər. Bu, qloballaşmanın böyük problemlərindən biridir. Din də də belədir. Ona görə, milli-mənəvi dəyərlərin tərkib hissəsi olan dinimizin, tolerantlığımızın qorunmasına ehtiyac var".
 Onun sözlərinə görə, bunlar dini kadrların ölkəmizdə təhsilini ön plana çıxarır.  O bildirib ki, xaricdə dini təhsilin qarşısını almaq üçün ölkəmizdə bu təhsil pulsuz olmalıdır. "Azərbaycandan İranda, Türkiyədə, ərəb ölkələrində və digər yerlərdə təhsil alanlar var. Məsələ ondadır ki, ətrafımızdakı ölkələrdə dini təhsil pulsuzdur. Ona görə də pulsuz dini təhsil almaq üçün ölkədən kənara axın var. Biz bu axının qarşısını almaq üçün mütləq ölkəmizdə din üzrə kadr hazırlığını pulsuz etməliyik və dövlət bunu himayəyə götürməlidir. Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə də dini təhsilin dövlət tərəfindən himayəyə götürülməsi dedikdə, söhbət dövlət büdcəsindən vəsait ayrılmasından getmir. Bu məsələni büdcədən olmasa da, müxtəlif qrantlar ayırmaqla və ya fond yaradıb onun vasitəsilə həll edə bilərik. Amma mütləq bu sahədə təhsilin pulsuz olmasına nail olmalıyıq və din üzrə hazırlanan kadrlarımız pulsuz təhsil almaq imkanı əldə etməlidirlər. Bu şəxslər mütləq milli kadrlar olmalıdır. Bu, gələcəyə yönəlik proqram olmalıdır. Bu yolla ideoloji olaraq bizə yad, radikal məzhəb və ya təriqətlərin ölkəmizə müdaxilə etməsinin qarşısını almış olarıq".
Bunun üçün isə dini təhsilə önəm verməliyik. Dini biliklərin verilməsi orta məktəblərdən başlanılmalıdır. Artıq bu istiqamətdə də müəyyən işlər görülür: "Azərbaycanda orta məktəblərdə hazırda "Həyat bilgisi" adlı fənn tədris olunur. Həmin fənn çərçivəsində dinlər haqqında müəyyən məlumat verilir.  "Həyat bilgisi" dərsliyində bu proqram bir az da genişləndirilməli və daha geniş bilgi verilməlidir. Başqa bir ideya da var. Ola bilsin ki, orta məktəblərdə, xüsusilə yuxarı sinif şagirdləri üçün məsələn, "Dünya dinləri" fənni tədris olunsun. Bu ad şərtidir və fənnin adı "Dünya dinləri və mədəniyyət", "Din və mədəniyyət", "Din və cəmiyyət" və s. də ola bilər. Burada söhbət yalnız İslamın tədrisindən getmir. İstəyirik ki, yuxarı sinif şagirdləri İslam, xristianlıq, iudaizm, bütpərəstlik və s. haqqında, o cümlədən hər bir dindəki radikal qruplar, cərəyanlar, onları yaradan səbəblər, nəticələri və fəsadları barədə ətraflı bilgi əldə etsinlər. Bunlar din haqqında olmaqla yanaşı, həm də dünyəvi və şagirdlərə həyatları boyu lazım ola biləcək bilgilərdir",- o deyib.
M.Qurbanlı qeyd edib ki, Azərbaycanda Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi, Bakı İslam Universiteti və mədrəsələr var. Son illərdə Bakı İslam Universiteti Azərbaycanda din üzrə kadr hazırlığında xeyli irəliləyişə nail olub və hazırda çalışan din xadimlərinin əksəriyyəti də bu universitetin məzunlarıdır. M.Qurbanlının sözlərinə görə, Azərbaycanda 8-ə qədər yeni mədrəsələrin açılması nəzərdə tutulur. Mədrəsələr Bakıda və regionlarda açılacaq: “Bu mədrəsələrin açılması tədricən həyata keçiriləcək. Həmin mədrəsələrin təsisçisi Qafqaz Müsəlmanları İdarəsi olacaq. Bu mədrəsələrdə tədris proqramları Dini Komitə ilə birgə hazırlanacaq”.Bunlar isə ölkəmizdə yad, təhlükəli radikal qrupların zərərli təbliğatının qarşısını almaqda, tolerant mühitin formalaşmasında ciddi rol oynayacaq. Eyni zamanda xarici ölkələrdə dini təhsil almağa ehtiyac qalmayacaq..

Xəbər xətti