"Şahdəniz" layihəsinin xərcləri 683 mln. dollar azalıb

16:28 - 21 Fevral 2017 - İQTİSADİYYAT

2016-cı ildə "Şahdəniz" yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib. "Şahdəniz" yatağının operatoru olan "BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, il ərzində yataqdan 10,7 mlrd. standart kubmetr qaz və 2,5 mln. ton (təqribən 20 mln. barel) kondensat hasil edilib. Qeyd edək ki, 2015-ci ildə yataqdan 9,9 mlrd. standart kubmetr qaz və 2,3 mln. ton (təqribən 18,3 mln barel) kondensat hasil olunub.
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) standart kubmetrdir. Bir il öncə mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 29,5 mln. standart kubmetr və ya ildə təqribən 10 mlrd. kubmetr olub.
2016-cı il ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 469 mln. dollar əməliyyat xərcləri və təqribən 3,7 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Xatırladaq ki, 2015-ci ildə "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 482 mln. dollar əməliyyat xərcləri və 4,37 mlrd. dollar əsaslı xərclər çəkilib. 2016-cı ildə olduğu kimi, 2015-ci ildə də əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid idi.
"Şahdəniz" layihəsinin səhmdarları bunlardır: BP (operator - 28,8%), "AzŞD" (10%), "Cənub Qaz Dəhlizi Apstrim" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİKO (10%), və TPAO (19%).

Xəbər xətti