Elmə yeniliklər gətirən alim

15:34 - 21 Fevral 2017 - Cəmiyyət

Bu vəfasız ömür, bu coşqun dərə,    
Gərək boş-boşuna axıb getməsin.
Bu gözəl cahanı sanıb pəncərə
Hər gələn astaca baxıb keçməsin.

                                       M.Müşfiq


 Elə məqamlar yetir ki, xatirə yazmaq qarşısında qalmalı olursan. Həyatdan kam almadan dünyadan köçənlər haqqında xatirələr yazmışam. Memuar ədəbi əsərlərin yazılması, şübhəsiz, zərurətdən doğur. Ancaq axır vaxtlar səhhətimlə bağlı özümə söz vermişdim ki, bir ara bu mövzuya təsadüfi hallarda müraciət edim. Çünki əbədiyyətə qovuşmuş doğmaları, mərhəm olanları, dostları və yaşıdları yenidən xəyalımda canlandıranda mənəvi əzabla üzləşir, sarsıntı keçirməyə bilmirsən. Xüsusən son günlər baş verən kədərli anlar , bir tərəfdən də təbiətən pessimist olmağım, həyatın əzəli-əbədi qanunlarını başa düşdüyüm təqdirdə həyatla barışmazlığa gətirib çıxarır, daxilimdə gərginliyi daha da artırır, dözülməzlik yaradır.
Bu günlərdə qəfil eşitdiyim xəbərdən olduqca qüssələndim. Qeyri-ixtiyarı olaraq qara fikirləri başımdan qova bilmədim. “Kaş o günləri görməyəydim və ya həmin gözəl ziyalı, şərəfli və şöhrətli alimlə rastlaşmayaydım. Bu dünya vəfasızdır, fələk də rəhmsizdir” deyə fikirləşdim. Axşam yuxum ərşə çəkildi, yata bilmədim. Yenə viran və pərişan könlümə dərd yağdı, qəm çiləndi.
Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasının professoru, AMEA Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, tanınmış alim Mirzə Ələkbər oğlu Allahverdiyevin yetmiş yaşının tamamına doqquz ay qalmış, 6 fevral 2017-ci ildə vəfat etməsini ürək ağrısı ilə qarşıladım. Doğru demişlər ki, “alim öldü, aləm öldü.”

Professor Mirzə Allahverdiyev haqqında məlumatları sosial şəbəkədən yenidən oxudum.
O, orta məktəbi qızıl medalla qurtarmış və Bakı Dövlət Universitetini 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, aspirantura təhsilini müvəffəq başa vurmuş, ali məktəbdə saxlanılmış, elmi-tədqiqat işinə cəlb edilmişdir.
M.Allahverdiyev ilk dəfə antialkoqol preparatının alınmasına nail olmuşdur. Aldığı elmi nəticələrin böyük praktiki əhəmiyyəti vardı. Belə ki, onun sənaye sahəsində tətbiqinin iqtisadi səmərəsi yeni tapıntı kimi yetərincə  diqqəti cəlb edirdi. O, kimya elmini geniş təbliğ edən alimlərdəndi. Çoxcəhətli elmi-tədqiqat işlərinin nəticələri 520 elmi əsərdə, o cümlədən 10 kitabda və 85 müəlliflik şəhadətnaməsi və patentdə də öz əksini tapır. 80-dən çox məqaləsi isə ABŞ, İtaliya, Çexiya, Meksika, Rusiya, Estoniya, Latfiya, İran və Türkiyədə nəşr edilmişdir.
Professorun elmə verdiyi töhfəsinə görə 1990-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilmişdir. O, “Kiçik kimya ensiklopediyası”,  “Azərbaycan kimyaçı alimləri” kitablarının, “Üzvi kimya”, “Dərman maddələrinin sintezi” və “Bifunksional amin birləşmələri” (2005), “Amintiolların törəmələri”(2007) dərsliklərinin müəlliflərindən biridir.
 Mirzə müəllimin gənc elmi kadrların hazırlanmasında xüsusi xidmətini qeyd etməmək mümkün deyil. Onun rəhbərliyi altında elmlər doktorları, xeyli sayda elmlər namizədi yetişmişdir.
Mirzə Allahverdiyevin elmi-pedaqoji xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.
O, Yusif Məmmədəliyev adına medalla, D.J. Mendeleyev adına Respublika Kimya Cəmiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir. Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “İlin adamı” adına layiq görülmüş və Amerika Birləşmiş Ştatlarında onun elmi nailiyyətlərinə həsr olunmuş “Dünyada kim kimdir”(2007) məlumat–sorğu kitabına daxil edilmişdir. Onun adı Oksford Universiteti yanında fəaliyyət göstərən Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi kitabına salınmışdır.
Proffessor Mirzə Ələkbər oğlu Allahverdiyevlə 2007-ci ildən tanışdım. O mənimlə həmyaşıd idi. Oğlum Əfsun Sucayevin elmi rəhbəri olmuşdu. O zaman elmi işin nə yerdə olduğunu öyrənmək istəyirdim və bu məqsədlə Bakı Dövlət Universitetinə getdim. Mirzə müəllim auditoriyada tələbələrlə apardığı işini yekunlaşdırıb gəldi. Oğlum məni onunla tanış etdi. Kafedrada oturub söhbətləşdik. Elmi işin yekunlaşma mərhələsində olduğunu bildirdi və tezliklə müdafiəyə buraxılacağına məni əmin etdi.
2008-ci ilin bir payız günündə Bakı Dövlət Universitetinin müdafiə şurasının iclas zalında dissertasiya işinin müzakirəsi gedirdi. Müxtəlif ali məktəblərin nüfuzlu alimləri dəyirmi stol ətrafında oturmuşdular. Bizim də müşahidəçi qismində bir qədər aralıda əyləşməyimizə icazə verildi.
Dissertant elmi işini geniş şəkildə təqdim edəndən sonra çoxlu suallar verildi. Alınan cavablardan məmnunluq duyulurdu. Elmi işin müdafiəsində iştirak edən opponentlər rəylərini bildirdilər.
Elmi rəhbər professor Mirzə Allahverdiyev axırda danışdı. Dissertantı Gəncə Dövlət Pedaqoji Universitetində dövlət imtahanı zamanı tanıdığını, savadından, imtahandakı cavablarından xoşlanıb, ona tövsiyə edib ki, Bakıya gəlsin və aspiranturaya sənədlərini versin. Professorun orada dediyi sözlər unudulmur: “Əfsunu qarışqa ilə müqayisə etmək yerinə düşər. O da zəhmətsevər,işgüzardır. O bir dəqiqə bikar qalmır, həmişə laboratoriya şəraitində çalışır, yeniliklərlə, çıxardığı elmi nəticələrlə bizi sevindirir. Bu aspirantın çalışqanlığından, elmi təcrübələrindən razı qalmamaq mümkün deyil.”
Uğurlu müdafiə işindən sonra sevincimizin həddi-hüdudu yox idi. Oradakı alimlər bizimlə bir-bir görüşür, Əfsunun elmi işinin nəticələrinin əhəmiyyətindən qısaca söz açır və təbrik edirdilər.
2009-cu ilin avqust ayında professor Mirzə müəllimi Bakıdan rayonumuza, daha doğrusu, kəndimizə qonaq çağırdım. Yardımlının Şəlaləsinədək maşınla onun qabağına getdim. Kəndimizdə üç gün qonaq qaldı. Ailəsində baş verən hadisələri,uğursuzluğu ürəkyanğısıyla mənə nəql etdi. Öyrəndim ki, Mirzə müəllimin bir qızı vardır. Həyat yoldaşı bir neçə il əvvəl vaxtsız olaraq vəfat edibdir. Riyaziyyat müəlliməsi imiş və onunla xoşbəxt ömür sürürmüşlər. Xanımına qarşı qızğın məhəbbətindənmi və ya nədənsə Mirzə müəllimin üzündən təbəssüm qaçaq düşmüşdü. Tanışlığımız ərzində onu gülüb-şənlənən görmədim.Məhzun baxışlarında sirli mətləblər yatırdı. Təmkinli, sakit hərəkətləri, aydın və həlim danışığı vardı. Bəlkə də, yurd həsrəti, həyat yoldaşını vaxtsız itirmək dərdi övqatına həmişəlik hakim kəsilmiş, qəlbinin harayı üzündən oxunurdu. Ömür-gün yoldaşına sevgisinə və bəslədiyi məhəbbətə sadiq qalaraq bir daha evlənməmək qərarını vermişdi. Mərhum professor qızının ailəsinə, kürəkəninə qəlbini bağlamış, ona oğul gözü ilə baxaraq onlarla birlikdə yaşamağı üstün tutmuşdur.
Bizdə qonaq olarkən “Hərənin öz dünyası var” adlı kitabımı ona hədiyyə etdim. Kitabı bir gecədə oxumuşdu. Səhər mənə məlumat verdi ki, maraqlı kitabdır, onu diqqətlə oxudum və məmnun qaldım.
Mirzə müəllim qonaq qaldığı müddətdə hər gecə şəxsi kitabxanamdakı kitablardan daha maraqlısını axtarıb seçir, oxuyur və təəssüratlarını mənimlə bölüşürdü. Onu da deyim ki, Mirzə müəllimin sürətli oxuya, iti yaddaşa malik olması diqqət çəkirdi.
Bir gün dağlara doğru üz tutduq, orada yerləşən narzan bulağına getdik. O daşlardan süzülüb axan müalicə suyundan içib  tamına yüksək qiymət verdi. Mobil telefonunu çıxarıb qızına zəng vurdu və dedi: “Qızım, bura çox səfalıdır, doğma kəndimiz Güllübulağı xatırladır.”
Dağ çayının pilləvarı şəlalələrindən axan şırıltılı səs, oradakı füsunkar meşələr, yamyaşıl ağacların bəxş etdiyi sərin hava Mirzə müəllimi vəcdə gətirirdi.
Quş tikəli bu kişinin nəcimliyi, aza qane olması, tamahsızlığı onun hansı xarakterdə olmasını aşkar bəlli edirdi.
Bulaqda, təbiət qoynunda birlikdə şəkil çəkdirdik və evə qayıtdıq.
Mirzə Allahverdiyev əslən Qərbi Azərbaycanda doğulmuşdu. Onlar vaxtilə  məcburi departasiya olunmuşlardandı.
Doğma torpaq həsrətini içindən çıxara bilmir, ata-baba ocağını bir an belə unutmurdu.
Üç gündən artıq qalmadı, onu paytaxta yola saldıq. Bakıda oğluma deyib: “Atan vəzifə adamıdır, amma mötədil tərzdə yaşayır. Belə həyatı yaşamaq insana başıucalıq gətirir. Adam var alimdir, amma eləsinə alim demək insafdan deyilk. Elmdən xəbərsiz alimlər getdikcə artır. Bu, qorxulu haldır. Mən inanıram ki, sən doktorluq işini də qısa müddətdə tamamlayıb başa çatdıracaqsan.”
Professor Mirzə Allahverdiyev sədaqətli, etibarlı dost, humanist, vicdanlı alim idi. O, insanlara təmənnasız köməklik göstərirdi, duz-çörəyi unutmurdu. Gəlinimin toy şənliyinə qızı və yeznəsi ilə Bakıdan rayona gəlmişdi. Oğlum Əfsunun toyunda iştirak etdi. Onun toy şənliklərindəki təbrikləri vidiolentin yaddaşında saxlanılır.
Böyük kimyaçı alimə, ömrünü elmə həsr etmiş, görkəmli elm fədaisinə rəhmət diləyirik. Onun əziz xatirəsi qədirbilən insanlar tərəfindən daim yad ediləcək.
Ruhu şad olsun!
   
Rəzzaq Sucayev                                                                                                                               

Xəbər xətti