Ukraynanın sabiq prezidentləri Azərbaycana gələcəklər

15:53 - 15 Fevral 2017 - DÜNYA

Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edəcəklər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, V. Yuşenko Rusiyanın sabiq dövlət katibi Gennadi Burbulislə birgə forumda “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı panel təqdim edəcək.
“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlər müzakirə ediləcək. 
V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin yaxından dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilir. Forumda Latviya, Albaniya, Makedoniya, Monteneqro və digər ölkələrin hazırkı prezidentlərinin, eləcə də bir sıra tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının iştirakı planlaşdırılır.
Qeyd edək ki, V. Yuşenko əvvəlki dörd forumda iştirak edib, L. Kravçukla L.Kuçma isə III Qlobal Bakı Forumuna qatılıblar. 

Xəbər xətti