Dini dəyərlər qorunur

18:16 - 14 Fevral 2017 - KİVDF

Tolerantlıq və multikulturalizm siyasətinin alternativi yoxdur 

Azərbaycan tarixi tolerantlıq ənənələri ilə zəngindir. Bir-birini izləyən və tamamlayan fakt və hadisələr Azərbaycanda insanların tarixi yaddaşına, milli mentalitetinə, xalqlar arasında tolerantlıq münasibətlərinin formalaşmasına bu gün son dərəcə müsbət təsir göstərir Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirir ki, xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində atılan ardıcıl addımlar tolerantlıq və multikulturalizm siyasətinə alternativin olmadığını sübuta yetirir. Bildiyimiz kimi, Azərbaycanda dövlət-din münasibətlərini Azərbaycan Respublikasının Konstitusiyası və qanunları tənzimləyir. Azərbaycanda dövlət dinin işlərinə müdaxilə etmir, vicdan azadlığı təmin edilir, insanların öz dini inanclarını sərbəst icra etmələrinə hər cür şərait yaradılır. Dünyəvilik dövlətin dini himayə etməsini də inkar etmir. Dövlət dinə kömək edir, məscidlər, kilsələr, sinaqoqlar tikilir, bərpa olunur. Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipləri üzərində qurulub. Dövlət həm də insanları hər hansı dini inanca zorla yönəltməyin qarşını alır. Komitə sədri Mübariz Qurbanlı bildirib ki, komitə 2016-cı ildə mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, milli və dövlətçilik maraqlarının qorunması istiqamətində fəaliyyətini ardıcıl davam etdirib. Dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib. Komitə sədri qeyd edib ki, “Multikulturalizm İli” çərçivəsində Azərbaycanın zəngin multikultural və tolerantlıq ənənələrinin ölkə daxilində, beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin Xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi, digər aidiyyəti qurumlar və dini mərkəzlərlə birgə tədbirlər reallaşdırıb.
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov isə dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə görülən işlər barədə danışıb. Dövlət Komitəsi tərəfindən ötən il dini mühitdə cərəyan edən neqativ tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin effektivliyinin artırılması, qarşılıqlı əlaqələrin və koordinasiyalı fəaliyyətin gücləndirilməsi məqsədilə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə “Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı” çərçivəsində respublikanın 62 şəhər və rayonunun icra və hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə maarifləndirici tədbirlər həyata keçirilib.
Onun sözlərinə göğrə, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai və milli təhlükəsizlik risklərini artıra bilər. Hətta bəzən müəyyən xarici siyasi dairələrin radikallardan istifadə etməsi və bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmaq üçün süni şəraitin formalaşdırılması həmin ölkələr üçün ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir. Məhz ona görə də ideoloji sahə ilə yanaşı, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və inzibati tədbirlərin görülməsi radikalizmlə mübarizədə əsas məsələlərdən sayılır. "Azərbaycan Respublikası bu sahədə kifayət qədər geniş qanunvericilik bazasına malikdir. Xüsusilə, 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsi problemlə mübarizədə çevik və koordinasiyalı fəaliyyət üçün geniş imkanlar yaradıb. Bu qanun dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının, eləcə də vətəndaşların hüquq və vəzifələrini təsbit edir",- o deyib..
Onun sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, eləcə də “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq əlavələrin edilməsi dini radikalizm və ekstremizmə qarşı mübarizənin daha təkmil mexanizmini formalaşdıraraq, dövlətin bu sahədə konkret mübarizə taktikasını səciyyələndirib. "Belə ki, İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsində dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması ilə bağlı müddəalar öz əksini tapıb. Bu maddəyə görə, fiziki şəxslərə min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub. Eləcə də, İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsində dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması ilə bağlı müddəalar yer alır. Bu maddəyə əsasən, inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır".
İcazəsiz dini ədəbiyyatların yayılmasının və icazəsiz fəaliyyət göstərən dini ədəbiyyat və əşyaların satış məntəqələrinin qanunazidd fəaliyyətinin qarşısının alınması istiqamətində də tədbirlər görülür. Ümumiyyətlə, radikalizmlə mübarizədə fəaliyyətimizin əsas istiqamətlərindən biri qanunsuz dini ədəbiyyat və materialların ölkə vətəndaşları arasında yayılmasının qarşısının alınmasıdır. Məlumdur ki, dini məzmunlu materialların müvafiq qanunvericiliyə uyğun ekspertizasının aparılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə aiddir. Yalnız ekspertizanın nəticəsinə uyğun olaraq, müvafiq müsbət rəy əsasında, eləcə də nəzarət markası ilə markalanma həyata keçirildikdən sonra dini məzmunlu materiallar ölkə ərazisində yayıla bilər. Lakin radikal təmayüllü şəxslər qanunvericiliyin tələblərini pozaraq özündə zərərli məlumatları ehtiva edən dini materialları yaymağa cəhd göstərirlər. Bu məqsədlə ötən ildə dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar, dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində tədbirlər davam etdirilib. Belə ki, ötən ildə 383 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. 40 mağazada monitorinqlər təşkil olunub, aşkarlanan pozuntulara görə 12 mağaza sahibi məhkəmənin qərarı ilə cərimə edilib. 17 mağaza sahibi barədə məhkəmə araşdırması, eləcə də 2 mağaza sahibi barədə polis orqanları tərəfindən təhqiqat davam edir. Həmin mağazalardan və digər ünvanlardan götürülmüş 856 adda dini ədəbiyyatın dinşünaslıq ekspertizası keçirilib, ümumilikdə, onlardan 394 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşdirilib.
(ardı var)

Xəbər xətti