İslami dəyərlər insanlığa xidmət edən dəyərlərdir

18:01 - 13 Fevral 2017 - KİVDF

Azərbaycanda islami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrılıb

Azərbaycan müsəlman ölkəsi olduğu üçün din-dövlət və din-cəmiyyət quruculuğunda müsəlman kimliyi hakimdir. Digər din və mədəniyyətlərə qanun daxilində tolerant yanaşma, hörmət və ehtiram göstərilir. Bütün bunlar tolerantlıq azərbaycançılıq, müasirlik, millilik və müsəlman üst kimliyi nəzərdə tutularaq həyata keçirilir. Məhz buna görə cəmiyyətdə bütün dinlərin, millətlərin və mədəniyyətlərin tolerant mühiti hakimdir. Təəssüf ki, bu gün İslam dünyasının içərisində çox ciddi bir proses gedir. İslamın içəridən zəiflədilməsi üçün cəhdlər müşahidə edilir. Bu cəhdlər İslam dini daxilində radikal qrupların yaradılmasına, İslamı gözdən salan qruplara kimlərinsə dəstək verərək onların səhnədə qalmasına gətirib çıxarır. Əslində bütün dinlər sülhü, əmin-amanlığı, insanların bir-birinə ehtiramını və bərabərliyi təşviq etsə də radikal qruplar var və onlar din pərdəsi altında müxtəlif siyasi maraqlarını həyata keçirmək istəyirlər. Bu qruplar həm sivilizasiyalararası mübarizənin, həm beynəlxalq iqtisadi güc mərkəzləri arasındakı mübarizənin, həm də müəyyən mənada dinlərarası mübarizənin törəmələridir. Çox təəssüf ki, həmin qrupların içərisində nadanlıqdan onlara qoşulanlar da var. Onlar əsasən, enerji və vaxtlarını sərf etmək üçün imkan, vasitə axtaran gənclər olur. Adətən bu gənclərin intellektual səviyyəsi və situasiyanı düzgün qiymətləndirmə qabiliyyətləri yetərincə yüksək olmadığından qısa müddətdə manipulyasiya obyektinə çevrilirlər. Milli-mənəvi dəyərlərə xələl gətirmək istəyən bu cür qruplara qarşı ciddi mübarizə aparılmalıdır. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyatı hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə kompleks işlər aparılmaqdadır: "Xüsusilə keçirilən mübarizə tədbirləri təkcə problemin nəticəsinin deyil, ilk öncə onun yaranmasına rəvac verən səbəblərin aradan qaldırılmasına yönəldilibdir.

 Onun sözlərinə görə, İslami dəyərlər olduğu kimi qorunmalı, öyrədilməli, gənc nəslə çatdırılmalıdır. Əgər kimsə din adı altında öz məqsədinə çatmaq üçün İslamdan istifadə etmək istəyirsə, onun qarşısında durmaq lazımdır. İslami dəyərlər insanlığa xidmət edən dəyərlərdir. Lakin bu dəyərlərdən siyasi, iqtisadi maraqlar üçün istifadə həmin dəyərlərdən uzaqlaşmaq deməkdir. Ona görə də Azərbaycanda islami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrılıb.  Komitə sədri bildirib ki, bu məqsədlə ideoloji təbliğat genişləndirilib. "Radikalların bazasının çökdürülməsinə hesablanan bu yol əsl islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Dövlət Komitəsi bu sahədə üzərinə düşən işləri ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə əməkdaşlıq, eyni zamanda, KİV, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirir”. O bildirib ki, Azərbaycan Şərqdə gedən proseslərdən kənarda deyil: "Bir də görürsən ki, bu proseslərin təsiri gəlib Azərbaycanda da özünün göstərir. İlk vəzifəmiz bu məsələdə maarifləndirmə işini gücləndirməkdir".
Onun sözlərinə görə, dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunması önəmli yerlərdən birini tutur. Bu dəyərləri qorumaq üçün təbii ki, dini maarifləndirməyə də xüsusi diqqət yetirməliyik.
Komitə sədrinin fikrincə, dini radikalizmə qarşı mübarizənin digər istiqaməti iqtisadi sahə ilə bağlıdır. "Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərir. Təbii ki, bu, yolverilməzdir". 
M. Qurbanlı qeyd edib ki, dini radikalizmə qarşı mübarizədə çox böyük rol oynayan məsələlərdən biri, həmin radikal dini qrupların iqtisadi bazasının çökdürülməsidir. Çünki, burada iqtisadiyyat çox önəmli yer tutur. "DAİŞ və digər radikal qrupların iqtisadi bazası çökdürülərsə, onlar qısa zamanda aradan çıxacaqlar. Çünki, iqtisadi baza, yeni şəxslərin cəlb edilməsi, satın alınması, silahların alınması və sair amillərdə böyük rol oynayır. Ona görə də, biz iqtisadi bazanın çökdürülməsi, ideoloji baxımdan dini radikal qrupların islama aid olmaması, eyni zamanda hüquqi müstəvidə hüquq-mühafizə orqanları vasitəsi ilə bu cür radikal qruplara qoşulub qanunları pozanlara qarşı cinayət işlərinin qaldırılaraq Azərbaycan məhkəmələri vasitəsi ilə onların müəyyən müddətə cəzaya məruz qalması kimi addımlar atırıq".
Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov isə bildirib ki, dini radikal təmayüllərin cəmiyyətdə özünə yer tapması ideoloji faktorlarla yanaşı, maddi amillərlə də bilavasitə bağlıdır. "Bu mənada qeyri-ənənəvi cərəyanların təbliğatının geniş vüsət almasında maddi stimulların rolu danılmazdır. Radikal cərəyan mənsublarının fəaliyyətlərinin maliyyələşdirilməsi bir tərəfdən xaricdən müxtəlif variantlarda yardım almaqla, digər tərəfdən tərəfdarlarının sahibkarlıqla məşğul olmalarına dəstək verməklə əldə olunmuş gəlir hesabına təmin edilir". Onun sözlərinə görə, radikal dini cərəyanlar sosial çətinliklərdən və psixoloji amillərdən istifadə edərək, səthi dini bilgilərə malik gənclərə dini-ideoloji baxışlarını qəbul etdirdikdən sonra özlərinə asan yolla iş tapacaqlarını, gerçək “qardaş” qayğısı ilə əhatə olunacaqlarını təbliğ etməklə onları sıralarına cəlb edirlər. "Məsələn, ehtiyacı olan əqidədaşları üçün maddi yardımların toplanması və lazımi vəsaitin onlara çatdırılması üçün müxtəlif “fondlar”ın təşkilinə səylər göstərilir. Həmin “fondlar”ın formalaşdırılmasında cərəyan mənsubları öz maddi və peşə imkanlarına, bilik və bacarıqlarına uyğun olaraq iştirak edirlər. Məsələn, ehtiyacı olan ailələrin ziyarətində iştirak etməklə, yaşadığı, işlədiyi ərazidə və ya sadəcə, öz dostları arasında nümayəndə olmaqla, bir qrup dindardan sədəqələri qəbul edib “moderatora” ötürməklə, əgər həkim, usta və s. peşə sahibi kimi təcrübəsi varsa, vaxtaşırı təmənnasız olaraq öz xidmətlərini təsirlər altına düşmüş ailəyə çatdırmaqla, işə ehtiyacı olanları işlə təmin etməklə, qan donoru olmaqla, maddi yardım etməklə və s".
Onun sözlərinə görə, dolayısı ilə bu qruplar maddi maraqlandırıcı vasitələrdən istifadə etməklə öz ətraflarına cəlb etdikləri həmin şəxsləri əvvəlki mühitdən, həyat tərzindən, əlaqələrindən uzaqlaşdırırlar. "Nəticədə onlar asılı vəziyyətə salınmış və manipulyasiya edilən radikal fikirli şəxslərə çevrilirlər. Sonrakı mərhələlərdə həmin şəxslər də ölkə daxilində öz maraqlarına uyğun olaraq təbliğat və cəlbetmə işlərinə yönləndirilir, bu prosesin ardıcıl olaraq vertikal və horizontal istiqamətlərdə aparılmaqla piramidal xarakter daşımasına cəhdlər göstərilir".
(ardı var)

Xəbər xətti