Bakının altına yüz milyonlarla pul basdırılacaq

16:24 - 9 Fevral 2017 - ÖLKƏ İÇİ

İlin elə bir vaxtı olur ki, Bakının bəzi küçələrində sakinlər düz yolla deyil, divarlardan sallana-sallana evlərinə, iş yerlərinə gedirlər. Kişi və ya qadın - fərq etmir. Avtomobil yollarında isə sürücülər sanki maşın deyil, kiçik həcmli gəmi idarə edirlər.

Abid Şərifov: "Layihə üzərində aparılan işlər tamamlanmaq üzrədir"

Bakı sonuncu dəfə 2-3 ay bundan əvvəl - ötən ilin oktyabr-noyabr aylarında bu mənzərənin yenidən şahidi oldu. Yenə yağış yağdı, yenə küçələr, evlər, ticarət obyektləri sular altında qaldı. Əslində bu hadisə hər il baş verir. Bunun səbəbi isə ötən əsrin 70-80 illərində Bakının böyük kanalizasiya sistemi qurulanda əsas səhvin bütün sistemin bir təmizləyici qurğuya yönləndirilməsi olub. Amma ondan sonra Bakıya bir çox yerlərdən yeni su xətləri çəkilib. Əslində yeni su xətlərindən də vacib məsələ kanalizasiya xəttinin çəkilməsidir. Bakıda kanalizasiyaların təmizləmə qurğusu bir yerdə - cənub-şərqdə, Hövsanda yerləşir. Amma həmin təmizləmə qurğusundan birinin də cənub-qərb hissədə yaradılmasına ehtiyac var. Rəsmi statistikaya görə, Bakı küçələrinin cəmi 16-17%-də yağış-kanalizasiya sistemi var. İntensiv yağıntılar zamanı kollektorlar tam yüklənir və bütün suyu daşıya bilmir. Bakının bu böyük dərdlərindən birinə əlac etmək üçün prezident İlham Əliyev ötən ilin noyabr ayında sərəncam imzaladı. Sərəncamda Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub. Dövlət başçısı bununla bağlı İşçi qrupu yaratdı, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayev, "Azəravtoyol" ASC sədri Saleh Məmmədova müvafiq tapşırıqlar verdi.

Sərəncamı yüksək qiymətləndirən ekspertlər hesab edirlər ki, Bakının bütün kanalizasiya sisteminin yenidən qurulması üçün tələb edilən məbləğ kifayət qədər böyükdür və bu, xeyli vaxt aparacaq.

Ucnoqta.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov istipress-ə bildirdi ki, söhbət yüz milyonlarla dollar ilə ölçülən məbləğdən, yüz milyonlarla investisiyadan gedir.

Onun sözlərinə görə, tələb edilən məbləğin həcmi böyük olduğu üçün, işin mərhələli aparılacağı gözlənilir.

İqtisadçı-ekspert bildirdi ki, Bakının kanalizasiya sisteminin yenidən qurulması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün təxminən 5 il vaxt lazımdır.

"Bakının mövcud kanalizasiya sistemi yağış normasına uyğun deyil. Problemin aradan qaldırılması ilə bağlı mərhələli fəaliyyətin həyata keçirilməsinə ehtiyac var. Qısa zamanda bunun reallaşması mümkün deyil. Məqsədəuyğundur ki, mərhələli şəkildə problemin həlli istiqamətində addımlar atılsın. İlk mərhələdə mərkəzi hissələrdə infrastrukturun yeniləşməsi və sağlamlaşdırılmanın həyata keçirilməsi və mərhələli şəkildə paytaxtda kanalizasiya sisteminin yenidən qurulmasına ehtiyac var".

Prezidentin sərəncaməndan təxminən 2 ay vaxt keçib. Bəs işlər hansı mərhələdədir?

Baş nazirin müavini, sərəncamla yaradılan İşçi qrupunun üzvü Abid Şərifov sayta açıqlamasında bildirdi ki, layihə üzərində aparılan işlər tamamlanmaq üzrədir və bu günlərdə təqdim olunacaq. 

Xəbər xətti