Azərbaycan yeni lokomotivlərin alınması üçün Fransadan kredit cəlb edib

11:05 - 9 Fevral 2017 - İQTİSADİYYAT

Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunda istismar olunacaq lokomotivlərin alınması üçün xarici maliyyə təşkilatlarından kredit cəlb edib. Azərbaycan hökuməti bu məqsədlə Fransanın "Societe Generale", "BNP Paribas" və "HSBC Bank"ın Fransa filialı daxil olan konsorsiumdan 50 ədəd lokomotivin əldə edilməsi üçün 277 mln. avro həcmində kredit götürüb. Xatırladaq ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası layihəsinin icrasının tamamlanması və yolun istismara hazır olacağı tarixin mart ayı olacağı ehtimal edilir. Sonuncu dəfə bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan açıqlama verib. "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikinti işlərinin bitməsinə iki ay qalıb. Hazırda ərazidə iş fəal surətdə gedir. Lakin qış mövsümünün çətinliklərini nəzərə alaraq, etiraf etməliyəm ki, BTQ çərçivəsində işlərin cari ilin mart-aprel aylarında yekunlaşdırılması nəzərdə tutulub", - deyə türkiyəli nazir əlavə edib. Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC 2014-cü ildə Fransanın “Alstom Transport” şirkəti ilə dəyəri 300 mln. avro təşkil edən 50 ədəd KZ8A 8.8MW tipli elektrik lokomotivləri və onlar üçün elementlərin işlənib hazırlanmasına dair müqavilə imzalayıb. Bu elektrik qatarların 2017-ci ilin sonunda istismara hazır olacağı gözlənilir.

Xəbər xətti