Deputat Rafael Cəbrayılov : Jirinovskinin "xam xəyalları "

22:43 - 7 Fevral 2017 - SİYASƏT

Rusiya parlamentinin üzvu Vladimir Jirinovski Çar Rusiyasının 20-ci əsrin əvvəllərindəki sərhədlərinin  bərpa edilməsi, keçmiş Sovet respublikalarının Rusiyanın tərkibinə daxil olması fikrini irəli sürüb. Onun   "Azərbaycan olmayacaq, əvəzində Bakı quberniyası olacaq" fikirləri ilə bağlı Milli Məclisin deputatı Rafael Cəbrayılovla müsahibəni təqdim edirik.

- Rafael müəllim, RLDP-nin sədri Vladimir Jirinovski müsahibəsində bildirmişdir ki, keçmiş sovet respublikalarının müstəqilliklərini "ləğv" edib Rusiya imperiyasının tərkibinə daxil etmək lazımdır. Onun fikrincə, Azərbaycan adlı dövlətin əvəzinə Bakı quberniyası yaradılmalıdır. Bu barədə nə deyə bilərsiniz?

- Rusiya Liberal Demokrat Partiyasının sədri V.Jirinovskinin SSRİ-nin süqutu nəticəsində müstəqillik qazanmış xalqların Rusiya imperiyasının tərkibinə daxil edilməklə çar Rusiyasının sərhədlərinin bərpa edilməsinə dair fikirləri "siyasi sərsəmlik"dən başqa bir şey deyil. Bele fikirlərlə gündəmdə qalmaq onun siyasi fəaliyyətinin əsas cəhətidir. Rusiyanin siyasi elitasını təmsil edən rəsmilərin əksəriyyətində "böyük rus şovinizmi sindromu"nu görmək mümkündür. Sovet imperiyasının dağılmasının əsas səbəblərindən biri də məhz bu "sindrom" idi ki, bu da qeyri-rus xalqlara 2-ci sort insanlar kimi baxılmasında təzahür edirdi. V.Jirinovskinin bu müsahibəsində də qeyri-rus xalqlara qarşı təhqiredici münasibəti açıq-aşkar görmək mümkündür.

- Jirinovskinin bu fikirləri Rusiyanın yeni separatist meylləri dəstəkləmək siyasətindən xəbər verə bilərmi?

- Hamı üçün aydın olan bir həqiqətdir ki, Rusiya böyük və qüdrətli dövlətdir. 2009-cu ildə Gürcüstanda, bu yaxınlarda isə Ukraynada separatizmi dəstəkləməsi ve bunun acı nəticələri hamımıza məlumdur. Amma bu heç də çar Rusiyasının 20-ci əsrin əvvəllərindəki sərhədlərinin bərpa edilməsi ve SSRİ-nin süqutu nəticəsində öz müstəqilliklərini elan etmiş BMT-nin üzvü olan suveren dövlətlərin işğal edilərək Rusiyanın tərkibinə daxil edilməsi düşüncəsini bu şəkildə qabardılması anlamına gəlmir. Görünür ki, V.Jirinovskidə "böyük rus şovinizmi sindromu" xroniki hala keçib. Bunun sağalması isə mümkün deyil.

- Jirinovskinin belə fikirləri Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilərmi?

- Hamı bilməlidir ki, bu Rusiya Liberal Demokratik Partiyası sədri V.Jirinovskinin özünün, yaxud da rəhbərlik etdiyi partiyanın mövqeyidir. Bu Rusiya Federasiyasının rəsmi mövqeyi deyil. Rusiya Azərbaycanın strateji müttəfiqi və qonşusudur. Azərbaycan qonşu dövlətlərlə həmişə mehriban qonşuluq münasibətlərini daim qoruyub saxlamaq siyasətini yeridib. Prezidentimiz Ilham Əliyev cənabları ilə Rusiya prezidenti V.Putin arasında da səmimi dostluq münasibətləri mövcuddur. Bu münasibətlər 21-ci əsrin, qloballaşma və inteqrasiya proseslərinin surətlə getdiyi yeni dünyanın tələbləri əsasında qurulub. V.Jirinovskinin sərsəm fikirlərinin tarixin arxivinə verilməsi vaxtı çoxdan çatıb. Çünki, bu sərsəm fikirlər Rusiyanın nəinki siyasi elitasına, onun beynelxalq siyasi imicine də başucalığı gətirmir.

 

Elmin

Xəbər xətti