Deputat Rafael Cəbrayılov : “Nuru paşaya heykəl qoyulmalıdır”

17:28 - 15 Sentyabr 2017 - SİYASƏT

Son zamanlar Qafqaz İslam Ordusu və onun komandanı Nuru paşanın tarixi fəaliyyətinə dair cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Bununla bağlı Milli Məclisin deputatı Rafael Cəbrayılovun müsahibəsini təqdim edirik. 


- Rafael müəllim, 15 sentyabr 1918-ci ildə Nuru paşa Bakını işğaldan azad etmişdir. Yəqin ki, siz də bilirsiniz ki, cəmiyyətdə müxtəlif statuslu insanlar bu fakta alternativ fikirlər də söyləyirlər. Bu barədə nə deyə bilərsiniz?

- Mən heç kimin mövqeyini şərh etmək istəmirəm. Amma çox sadə bir tarixi həqiqəti deyim ki, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cumhuriyyəti üçün həyatı əhəmiyyətə malik tarixi missiyanı icra edib. Bildiyiniz kimi 1918-ci ildə Azərbaycanda siyasi hakimiyyət Stepan Şaumyanın sədrlik etdiyi Azərbaycan Xalq Komissarları Sovetinin əlində idi. Bu siyasi durumdan istifadə edən ermənilər Bakıda və Azərbaycanın əksər rayonlarında xalqımıza amansızlıqla divan tutur, soyqırımı həyata keçirirdilər. Nuru paşanın Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi ermənilərin sovet bayrağı altında xalqımıza qarşı törətdiyi soyqırımı daha ağır nəticələr verəcəkdi. Faktiki olaraq soyqırımının qarşısının alınması və erməni silahlı birləşmələrinin darmadağın edilməsində Nuru paşanın müstəsna rolunu qeyd etməmək tarixi haqsızlıq olar.


- Bəs Azərbaycan Cumhuriyyətinin tarixində Nuru paşanın hər hansı bir tarixi rolunu görürsünüzmü?

- Bu, məsələnin başqa tərəfidir. 1918-ci il mayın 28-də Zaqafqaziya Seyminə Azərbaycandan seçilmiş 44 nəfər deputat Tiflis şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasını elan etdilər. Azərbaycanın dövlət müstəqilliyini elan edənlər Azərbaycandakı mürəkkəb tarixi şəraitə görə vətənə gələ bilmirdilər. Dövlət müstəqilliyi "de-yure" elan edilsə də, "de-fakto" belə bir dövlət mövcud deyildi. Nuru paşa Gəncəyə hucum edib şəhəri erməni silahlı birləşmələrindən və inqilabçılardan təmizlədi. Yalnız bundan sonra M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura Azərbaycana gələ bildi və Gəncədə yerləşdi. Stepan Şaumyanın göstərişi ilə Gəncəyə nizami ordu hissələri göndərildi. Göyçay yaxınlığında baş tutan döyüş Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Bundan sonra bu ordunun Bakıya zəfər yürüşü başlandı. Müxtəlif bölgələrdə dinc əhaliyə divan tutan erməni silahlı birləşmələri darmadağın edildi, soyqırımın qarşısı alındı və 1918-ci il sentyabrın 15-də Bakı azad edildi. Bundan sonra siyasi hakimiyyət Gəncədən Bakıya köçə bildi.


- Nuru paşanın və Qafqaz İslam Ordusunun bu tarixi rolunun gələcək nəsillərin də bilməsi üçün hər hansı təklifiniz varmı?

- Nuru paşa və Qafqaz İslam Ordusunun tarixi xidmətləri üzərinə kölgə salmağa calışan insan, kim olursa olsun, əslində Azərbaycan-Turkiyə münasibətlərinə zərbə vurmağa çalışır. Mən o fikirdəyəm ki, Nuru paşa və Qafqaz İslam Ordusuna abidə ucaldılmalıdır. Həmin ordunun tərkibində çoxlu sayda könüllü soydaşlarımız da qəhrəmanlıqla vuruşmuşdular. Qafqaz İslam Ordusunun xidmətləri şanlı tariximizdir.

 

Elməddin

Xəbər xətti