Azərbaycanda dövlətin dinə qarşı diqqət və qayğısı həmişə ön planda olub

18:12 - 6 Fevral 2017 - KİVDF

Vətəndaşların ibadətlərini sərbəst şəkildə həyata keçirmələri üçün hər cür şəraitin yaradılıb


Azərbaycanda müxtəlif dini konfessiyalar əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Bütün ənənəvi dinlərin fəaliyyəti, eyni zamanda, vətəndaşların ibadətlərini sərbəst şəkildə həyata keçirmələri üçün hər cür şəraitin yaradılıb. Onların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb, dövlət tərəfindən islam və qeyri-islam dini icmalarına mütəmadi maliyyə yardımı göstərilib. Məhz bu münasibətin sayəsində Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlər qorunub. Dövlət başçısı  İlham Əliyev məsələnin əhəmiyyətinə diqqət çəkərək bildirib: “Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir”.
Göründüyü kimi ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub və dini dözümlülük, tolerantlıq mədəniyyəti cəmiyyətdə hakimdir.  Bunun nətəcəsidir ki, Azərbaycanda başqa ölkələrlə müqayisədə dini radikalizmə meyilli insanlar çox azdır. Bu insanların dini ekstremizimə yuvarlanması daha çox xarici amillərlə bağlıdır. Onlar  cəmiyyətdə tarixən mövcud olan və formalaşan norma və qaydaları, vicdan və din azadlığını kəskin şəkildə təkzib edir, radikal baxışları və hərəkətləri ilə cəmiyyət üçün təhlükə mənbəyinə çevrilirlər. Belə olan halda bəzi qüvvələr radikal dini qruplardan istifadə edərək öz siyasi məqsədlərinə nail olmağa çalışırlar. Aparılan müşahidələr göstərir ki, radikal ekstremist dini cərəyanlar cəmiyyətdə daha çox gənclər arasında öz ideyalarını yaymağa çalışırlar. Xüsusilə son son dövrlərdə Suriyada və digər münaqişə ocaqlarında qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün gedən Azərbaycan vətəndaşlarının əksəriyyətinin gənclərdən ibarət olması bunu deməyə əsas verir. Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsininə əməkdaşı Tərxan Paşazadə bildirib ki,radikal dini qrupların Azərbaycanda yayılmasında əhalinin böyük hissəsinin dini sahədə məlumatsızlığı, İslama, onun fəlsəfəsinə, mənəvi dəyərlərinə, tarixinə və xüsusiyyətlərinə dair biliklərinin yetərsizliyi əhəmiyyətli rol oynayıb. "Radikal cərəyan mənsubları dini maarifləndirmənin zəif aparılmasından və əhalinin dini biliklərinin səthi olmasından istifadə edərək təlimlərini həqiqi İslam dəyərlərini təbliğ etmək adı ilə ölkənin müxtəlif bölgələrində, xüsusilə də Şimal və Şimal-Qərb rayonlarında zəif də olsa, yaymağa nail olublar. Əslində isə 1990-cı illərinin əvvəllərində ölkədə yaranmış qeyri-sabit sosial-iqtisadi vəziyyətdən istifadə edən xeyriyyə təşkilatları insanlara humanitar yardım göstərmək adı altında Azərbaycanda fəaliyyətə başladılar. Bunlarla yanaşı, əhalinin, xüsusilə gənclərin savadsız ənənəvi din xadimlərinə etimadsızlığı da radikal dini qrupların Azərbaycanda yayılmasına təsir göstərən əsas amillərdəndir. Həmçinin, dini tədris müəssisələrinin azlığı, ilahiyyatçıların sayının yetərli olmaması, yerli müəlliflərin əsərlərinin kəmiyyət, keyfiyyət, mövzu baxımından tələbatı ödəməməsi, ümumtəhsil müəssisələrində fəlsəfə, məntiq və s. insanın dünyagörüşünü artıran fənlərin tədrisinin zəifləməsi, mövcud sosial təbəqələşmənin, Şimali Qafqazda gedən proseslərin və regionda etnik rəngarəngliyin də radikal dini qrupların ölkədə kiçik sosial baza yaratmasında müəyyən təsirləri olubdur"- o deyib. 
Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, terrorçunun milliyyəti, vətəni, cinsi, irqi yoxdur. "Bütün hallarda terrorçu terrorçudur və terrorçuları ayrı-ayrı millətlərə, ayrı-ayrı ölkələrin vətəndaşlarına bölərək bu və ya digər ölkədən olan vətəndaşa görə həmin ölkəni hansısa bir formada qaralamaq, həmin ölkəyə qarşı qaralama kampaniyası aparmaq doğru olmazdı. Mən dediyiniz bu coğrafiyadan bu şəxslərin terror qruplarının cənginə keçməsinə təəccüblənmirəm. Həmin terror qruplaşmasının təsiri altına çeçen də, özbək də, qırğız da, fransız da, Birləşmiş Ştatlar vətəndaşı da, Böyük Britaniya vətəndaşı da düşə bilər. Ona görə də burada təəccüblü bir şey yoxdur. Əsas məsələ odur ki, həmin terror qruplaşması, İŞİD  deyilən terror qruplaşması hansısa bir mexanizmi ilə, hansısa bir vasitə ilə şirnikləndirmə, təşviqat və ya ələ alma, satın alma və s., yaxud da dini fanatizmin təbliğatı yolu ilə bu cür insanları yoldan çıxara bilir". 
Təbii ki, cəmiyyətdə dözümsüzlük, fanatizm, ekstremizm, bir sözlə radikallıq meyilləri baş qaldırarsa, insanlar arasında münasibətlər kəskinləşir və yeni münaqişə ocaqları yaranır.  Ona görə də dövlətimizin milli təhlükəsizlik konsepsiyası tələb edir ki, xalqımızın əmin-amanlığına, həmrəyliyinə, daxili sabitliyinə, ərazi bütövlüyünə, milli-mənəvi dəyərlərinə ünvanlanan hər hansı ekstremizm hallarının qarşı bütün vasitələrlə mübarizə aparılsın.  Mübarizə isə üç istiqamətdə - hüquqi-inzibati yol, iqtisadi-maliyyə mənbələrinin məhdudlaşdırılması və dini maarifləndirmə - aparılmalıdır.
Komitə sədri də Azərbaycanda dini radikalizmə qarşı mübarizə aparılmasını vacib sayır: “Biz dinə qarşı deyil, dini radikalizmə qarşı mübarizə aparırıq. Bəziləri dini radikalizmə qarşı mübarizəni din ilə qarışdırırlar. Azərbaycanda dövlətin dinə qarşı diqqət və qayğısı həmişə ön planda olub. Prezidentin dini icmalara  ayırdığı vəsaitin özü dövlətin dinə böyük himayəsidir”. Komitə sədri onu da bildirib ki, dövlət Suriya və İraqdakı silahlı münaqişələrdə iştirak edən, İŞİD sıralarına qoşulan insanların ölkəmizə qayıtdıqdan sonra təhlükə törədə biləcəyini nəzərə alaraq, onların hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi üçün də zəruri tədbirlər görüb. Yəni, Azərbaycanda dini radikalizmə qarşı mübarizə belə qanun çərçivəsində aparılır.
 Onun sözlərinə görə, dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını kəsmək, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, ailəsinə, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq bundan sonrakı fəaliyyətin əsas istiqamətlərindəndır. "Müasir dövrdə dövlətin, dini icmaların eləcə də, cəmiyyətin hər bir fərdinin başlıca vəzifələrindən biri insanlararası münasibətlərdə dözümlülüyə nail olmaq, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh şəraitində birgəyaşayışı təmin edilmlidir". Komitə sədri bildirib ki, dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur. Çünki məşhur deyimlə ifadə etsək, təhsilsiz insan cilasız aynaya bənzəyir, bu güzgünü cilalamaq, onun vasitəsilə aydın gələcəyə işıq tutacaq yolu göstərmək ilk növbədə bilik və maarifləndirmə ilə mümkündür. "
Bunlar isə onu göstərir ki, məktəblərdən başlayaraq uşaqlar milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə dilməlidır. Ona görə də dini radikalizmlə mübarizə hər bir yetkin və müdrik vətəndaşın vəzifəsi olmalıdır.
(Ardı var)

 

Xəbər xətti