Tolerantlıq dövlət imicinə çevrilib

18:16 - 3 Fevral 2017 - KİVDF

Azərbaycanda dini icmalar arasındakı münasibətlərdə tam sabitlik hökm sürür


Bu gün Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb. Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilib, hətta onu bir dövlət kimi öz imicinə çevirib. Tarixi-mənəvi irsin, etnik-mədəni müxtəlifliyin, tolerantlığın, multikulturalizmin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə dövlət siyasəti səviyyəsində xüsusi önəm verib, dövlət-din münasibətlərinin tənzimlənməsində milli-tarixi ənənəyə və beynəlxalq hüquqi normalarına əsaslanıb. Ölkədə din-dövlət münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına əsaslanıb. Azərbaycanda dini azadlıqlar, o cümlədən, vicdan azadlığı təsbit edilib. Vətəndaşlar “Dini etiqad azadlığı haqqında” Qanunun onlara verdiyi azadlıqlardan qanunlar çərçivəsində sərbəst istifadə edə bilirlər. Milli və dini tolerantlq dövlət səviyyəsində dəstəklənir ki, Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin nümayiş etdirildiyi nümunəvi məkan kimi dünyada tanınıb. Bu isə ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət və qarşıdurmanın meydana çıxmasına imkan vermir. Ölkəmizdə insanlar etnik və dini kimliyindən asılı olmayaraq, bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşayrlar. Münaqişələr, etnik və dini münaqişələr, ərazi iddiaları, təcavüz aktları bizi bir-birimizə qarşı qisas hissi ilə yaşamağa vadar etməyib, əksinə bu vəziyyətdən çıxmağın birgə yollarını axtarmağa çalışilib. Bu, ilk növbədə, öz xarakterimizlə, öz milli kimliyimizlə bağlıdır. Bunun nəticəsidir ki, hazırda ölkədə bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etmələrinə, müxtəlif millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayıb çalışmalarına lazımi şərait yaradılıb.  Bir sözlə Azərbaycan tolerantlıq nümunəsidir və ölkədə dini icmalar arasındakı münasibətlərdə tam sabitlik hökm sürür. Tarixin ən müxtəlif mərhələlərində insanlığımızı, bəşər övladı olduğumuzu anlamağı qoruyub saxlaya bilmişiksə, ilk növbədə, öz xarakterimizə, öz milli kimliyimizə borcluyuq. Bu həm də müxtəlif xalqlar arasında möhkəm tolerant ənənələr, qarşılıqlı hörmət və etimada əsaslanan mehriban qonşuluq, dostluq və əməkdaşlıqdan irəli gəlir. Bu münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi islam dini müstəsna rol oynayır. Qafqaz Müsəlmanları İdarəsinin və Qafqaz Xalqları Ali Dini Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə bununla bağlı bildirir: "Dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Son zamanlarda dünyada faciəvi hadisələrin, dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə Azərbaycanın multikultural həyat tərzi nadir mədəniyyət nümunəsidir. Bu bizim həyat tərzimizdir, biz bunu örnək olaraq dünyaya təqdim edirik və fəxr edirik ki, bu elitar ideyanın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Eyni zamanda, milli-mənəvi mədəniyyətimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tolerantlığın və multikultural mədəniyyətin hər bir dövləti gücləndirən, xalqı mütəşəkkilləşdirən və onun birliyini təmin edən amil olduğunu söyləyib. Şeyxülislam bildirib ki, Azərbaycanda dini-mənəvi irsə ehtiram yüksək səviyyədədir, tolerantlıq ənənələri qədim tarixə malikdir. "Xalqımızın milli mənəvi və tarixi irsindən bəhrələnən Azərbaycanın ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün qurur mənbəyidir".
Onun sözlərinə görə, bunların təməlində milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bəyan etmiş dövlətimizin başçısı İlham Əliyevin fəaliyyəti, müxtəlif mədəniyyət daşıyıcısı olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, xalqımızın bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməsi durur. "Ökəmiz hər zaman ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir və bu, bizim bugünkü və gələcək nailiyyətlərimizi şərtləndirir”. 
Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətlərinin düzgün qurulduğunu vurğulayan Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, etnik və dini müxtəliflik ölkəmizin milli sərvətidir. "Vətəndaşlarımızın demokratik insan hüquqları, dini etiqad azadlıqları qanunla təsbit  və təmin olunur. İnsan həyatının xilası tolerantlıqdan, müxtəlif millətlərə və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. 
Allahşükür Paşasadənin sözlərinə görə, tolerantlılıq, dözümlülük Azərbaycan xalqının qanında var. "Bəzi qüvvələr Azərbaycanda müxtəlif dini mənsəbləri qarşı-qarşıya qoymağa çalışsalar da, heç bir nəticə əldə edə bilməyiblər. ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar. Heç vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb". 
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müsahibələrinin birində bildirib ki,  bütün səmavi dinlər bəşəriyyəti tolerantlığa, sülhə, dözümlülüyə çağırır. Amma bəzən bundan sui-istifadə edilir. "Ona görə, bu gün tolerantlığı təşviq etmək ən mühüm çağırışlardan biridir". Onun sözlərinə görə, dindən siyasi məqsədlər naminə istifadə olunması cəhdləri hər zaman mövcud olub. "Buna bütün səmavi dinlərdə, demək olar ki, rast gəlinib. Azərbaycanda da bu hərəkətlərə yol verənlər var və dövlət onlara qarşı prinsipial mübarizə aparır. Əvvəla, bu hallara qarşı mübarizə çərçivəsində təkmil qanunvericilik mövcuddur. “Dini etiqad azadlığı haqqında” Qanun insanların dini inanclarını, onların öz ibadətlərini məhdudlaşdırmağa yönəlməyib". Qanunun ana xətti - əsas məqsədi dağıdıcı radikal-ekstremist məqsədlər üçün istifadə hallarına qarşı daha geniş mübarizə aparılmasına yönəlib. Dıgəgər tərəfdən  Azərbaycanda yaşayan millətlərin, etnik qrupların, dini təmayüllərin birgə yanaşmasını təmin etmək hər zaman prioritet olub. Bütün bunları hüquqi aspektdən əks etdirən mükəmməl qanunvericilik bazası və siyasi iradə mövcuddur. "Aərbaycanın milli, dini, tarixi ənənələrini özündə əks etdirən dövlət sistemi, hüquqi qanunverici bazamız və ən əsası ATƏT regionunda daim nümayiş etdirdiyimiz müstəqil siyasi iradəmiz var. Bütün xalqlar, etnik qruplar, dini icmalar harada yaşamasından asılı olmayaraq, sülh və təhlükəsizlik şəraitində yaşamalıdırlar. Azərbaycan modeli də məhz budur. Azərbaycan modeli ATƏT regionunda seçilən modeldi",-Milli Məclisin deputatı Bahar Muradova deyib. Onun sözlərionə görə. Bunlar olan yerdə radikal-ekstremistlərin əl-qo atmasına imkan yoxdur.
Deməli, Azərbaycanda tolerantlığın ciddi bünövrəsi var.  Bu gün Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirildiyi və burada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən bəyan edilib. Bu, bizim sərvətimizdı.

Xəbər xətti