Azərbaycanda konfessiyalar arasında sarsılmaz həmrəylik var

18:17 - 2 Fevral 2017 - KİVDF

Dövlətin irəli sürdüyü hər hansı ideya və fikir dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir


Tarixən dözümlük ənənələrinin bərqərar olduğu ölkəmizdə hazırda konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və sarsılmaz həmrəylik var. Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Azərbaycanda dinlərarası münasibətlər bir dinin digərinə qarşı təzyiqi ruhunda baş tutmur, nə də ki, həyata keçirilmir. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Etibar Nəcəfov bildirib ki, Azərbaycan tolerantlıq alternativi olmayan mütərəqqi bir siyasət kimi həyata keçirilir. Bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunub, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşıylar və dini radikalizmin qarşısı alınıb.E.Nəcəfov dövlətimizin multikulturalizm, tolerantlıq siyasəti vasitəsilə cəmiyyətdə mövcud olan etnik-mədəni dəyərlərin qorunduğunu bildirib. Onun sözlərinə görə, etnik toplumlar arasında dostluq və qardaşlıq mühit formalaşıb. ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların din azadlıq hüquqlarının müdafiə olunmasına dövlətimizin xüsusi fikir verməsini qeyd edib. Alban Apostol aftokefal kilsəsinin bərpası istiqamətində görülən işlər, Alban-Udi, eləcə də pravoslav kilsələrinin, sinaqoqların bərpa olunması və yenilərinin tikilməsi, Bakının mərkəzində erməni kilsəsinin bərpa olunması və qorunması buna əyani sübutdur. Eyni zamanda, müstəqillik dövründə ölkəmizdə iki mindən çox məscid tikilib, qədim dini-tarixi abidələr bərpa edilib. “İmamzadə” kompleksində, Şamaxı Cümə məscidində aparılan təmir-bərpa və tikinti işləri başa çatdırılaraq istifadəyə verilib. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan Heydər məscidi isə Azərbaycanın ən böyük məscididir. 
AMEA Fəlsəfə İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin elmi işçisi, fəlsəfə doktoru Şölət Zeynalov isə bildirib ki, dinlər tarixin bütün dönəmlərində müəyyən ziddiyyətlərə baxmayaraq, son anda həmişə öz məzmunlarından çıxış edərək tolerantlıq, dözümlülük, humanizm, sülh və vəhdət amillərinə hörmətlə yanaşıblar. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “tolerantlıq, dözümlülük çox geniş anlayışlardır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir… O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir. 
Qeyd edək ki, müasir dövrdə sivilizasiyalar arasında dialoqun ən mühüm vasitələrindən biri tolerantlıq, multikulturalizmdir. Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir, Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələri doğma vətən hesab edir. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə tolerant mövqe bəsləmək əlbəttə ki, təbiidir. Çünki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır və müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə dözümlü münasibət azərbaycanlıların mentalitetinə xasdır. Bu prinsipin nədicəsidir ki, ölkədə sabitlik var. Bu anlayışın mahiyyətində isə cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək cəhdləri var. "Beynəlxalq münasibətlər sisteminin qlobal xarakter aldığı müasir dövrdə ölkələrin və xalqların təcrid olunmuş halda yaşaması mümkün deyildir və ötən ildə istər iqtisadi, istər maliyyə, istərsə də digər problemlərin sərhədləri aşaraq bu və ya digər formada əksər ölkələrə sirayət etdiyi göz qabağındadır. Belə bir şəraitdə müxtəlif mədəniyyətlər arasında harmoniyanın təmin edilməsi bir çox problemlərin həllində müstəsna rol oynayacaq".
 Milli Məclisin sədri Oqtay Əsədov multikultural cəmiyyətlərin formalaşması üçün tarixi və coğrafi faktorlarla yanaşı, vacib olan meyarlardan ən əsasının məhz tolerantlıq olduğunu bildirib: "Tolerantlıq Azərbaycan multikulturalizminin əsas sütunudur. Müxtəlif mədəniyyətlərə, dinlərə və dini konfessiyalara tolerant yanaşılmanın vacib nümunəsi olan Azərbaycanda bütün mədəniyyətlərin dəyərlərinə vahid kompleks şəklində yanaşılır və məhz qarşılıqlı hörmətə böyük önəm verilir. Başqa sözlə, Azərbaycanın multikulturalizm nümunəsi hər bir vətəndaşın inkişafını və rifahını əsas tutaraq daha geniş anlamda regional sülh və inkişafı özündə ehtiva edir".
Ümumiyyətlə, Azərbaycan tolerantlığın canlı nümunəsidir və ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir. Bu gün Azərbaycan tolerantlığa alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşır, bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunub, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşıyır və dini radikalizmin qarşısı alınıb. Bu onu göstərir ki, bütün tarixi dövrlərdə Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Keçən əsrin 90-cı illərin əvvəllərində Azərbaycandakı milli-etnik və dini müxtəliflikdən ölkəmizi münaqişələrə cəlb etmək üçün olunan cəhdlər isə Ümummilli liderimiz Heydər Əliyevin başlatdığı uzaqgörən siyasət nəticəsində iflasa uğrayıb və hal-hazırda dövlətin milli məsələlərdə apardığı incə siyasət nəticəsində ölkəmizdə milli birliyin tam təmin olunub.
Ümumiyyətlə, Azərbaycanda tolerantlıq, multikulturalizm həm əhalinin mentalitetindən irəli gələn dəyərdir, həm də Ulu öndər Heydər Əliyevdən başlayaraq dövlət ideologiyasının tərkib hissəsidir.  Bu gün Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və ictimaiyyətdə davamlı olaraq təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət qayğısı ilə qorunur. Bəli bu gün ümumi amallar naminə ölkəmizdə dövlət ilə din arasında sıx birlik var. Azərbaycanda dinlərarası dialoq nümunəvi xarakter daşıyır, bütün millətlərin nümayəndələri bir ailə kimi yaşayır.  Görülən işlərin nəticəsidir ki, son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynayır.

Xəbər xətti