Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır

18:32 - 1 Fevral 2017 - KİVDF

Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir”


Azərbaycanda yaşayan hər bir xalqın mədəniyyəti və ənənələri qorunur. Onları bir-birindən ayıran istənilən mədəni qapalılıI, milli müstəsnalığı təbliğ edən siyasət və ideologiyalar qətiyyətlə rədd edilir. Müxtəlif dinlərə və millətlərə mənsub insanlar arasında əməkdaşlığı möhkəm¬ləndirən ictimai institutlara mənəvi və maddi dəstək göstərilir, hər bir xalqda, hər bir insanda indiki və gələcək nəsillər qarşısında birlik və məsuliyyət hissi aşılanır. Unudulmamalıdır ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu çox həssas məkanda yerləşir. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması, milli azlıqların dil və mədəniyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Bu siyasət bütövlükdə ona ünvanlanıb ki, dini və milli kimliyindən asılı olmayaraq hər bir vətəndaş dövlət qarşısında, qanunlar qarşısında özlərini bərabər hiss etsinlər. Azərbaycan Konstitusiyasında da aydın şəkildə dini azadlığa zəmanət verilir və qeyd olunur ki, Azərbaycan dövləti tamamilə hər bir dindən ayrı dünyəvi respublikadır.
Göründüyü kimi ölkəmizdə mədəni özünəməxsusluğun qorunması, başqa mədəniyyətlərə tolerant münasi¬bətin aşılanması, mədəni hüquqların tanınması həmişə diqqət mərkəzində olub. Azərbaycanda bu baxımdan tolerantlıq həmişə diqqət mərkəzində olub. Azərbaycan tarix boyu həm bölgədə, həm də qlobal miqyasda baş verən hadisələrin gedişatına təsir edə bilən ölkələr sırasında olubdur. Son iki əsrdə isə onun bu yöndə fəallığı dünyanın, demək olar, bütün qitələrinə yayılıbdır. Bəşəriyyətin mədəni-mənəvi irsinə olan töhfələri ölkəmizi xüsusilə dünyada tanınan dövlətə çeviribdir. Təbii ki, belə bir ölkədə tolerantlıq ənənələri də çox qədimdir. 
Akademik Ramiz Mehdiyev yazır: “Prezident İlham Əliyevin siyasi fəlsəfəsi bundan ibarətdir ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx ünsiyyət saxlasınlar, problemləri açıq müzakirə etsinlər, öz fikirlərini sərbəst bildirsinlər. İndi Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair bu cür sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilibdir. Bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır, çünki Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamışlar. Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir”.
 Qeyd edək ki, tolerantlıq bəzən “dözümlülük” məfhumu ilə eyniləşdirilir. Amma onlar arasında müəyyən fərqlərin olduğunu qeyd etmək lazımdır. Hazırda tolerantlıq başqalarının fikrinə, baxışlarına, hərəkətlərinə passiv itaətkarlıq kimi deyil, fəal mənəvi mövqe, etnoslar, sosial qruplar arasında qarşılıqlı anlaşma, digər mədəni, etnik, dini, sosial birliyə mənsub insanlarla pozitiv qarşılıqlı əlaqə naminə dözümlülüyə hazır olmaq kimi başa düşülür. Tolerantlıq – bəşəriyyətin vahidliyini hər kəsin hamıdan, hamı¬nın heç kəsdən qarşılıqlı asılılığının intuitiv qavranılması, digərinin hüquqlarına (o cümlədən, başqa cür olmaq hüququna) hörməti özündə ehtiva edir. Tolerantlıq dünyamızın zəngin mədəni çoxçalar¬lığının, özünümüdafiə formalarının və insan fərdiyyətinin təzahür üsullarının müxtəlifliyinin qəbul edilməsi, düzgün başa düşülməsi və onlara hörmət edilməsi deməkdir. Cəmiyyətin tolerantlığı onun bilik səviyyəsi açıqlığı, ünsiyyət və fikir azadlığının dərəcəsi, malik olduğu mənəvi-etnik dəyərlərlə ölçülür. Tolerantlıq cəmiyyətdə və mədəniyyətlər arasında dialoq və sülhün yaranması mexanizmidir. Tolerantlıq mexanizmlərinin formalaşması və reallaşması mürəkkəb bir proses olub, nəinki bütün XXI əsr boyu, hətta əsrlərlə davam edəcəkdir. Bu sahədə müxtəlif ölkələrin təcrübəsi, tolerantlıq ənənələri əvəzi olmayan dəyər kimi öyrənilir. 
Tolerantlığın sosial-psixoloji şərtlərinə aiddir: cəmiyyətin rifah halının yüksək səviyyəsi; özünəməxsus mədəniyyətin qorunub saxlanması; digər mədəniyyətə və şəxsiyyətlərə hörmət bəsləməyə imkan verən şəxsi ləyaqət hissinin mövcudluğu; cəmiyyətin açıqlığı; mədəniyyətlərarası təmasların mümkünlüyü; başqa mədəniy¬yət¬lərin və xalqların nümayəndələri ilə ünsiyyət təcrübəsinin mövcudluğu; hüquqi dövlətin, vətəndaş cəmiyyətinin yaranması; millətlərarası və digər münaqişələrin hüquqi əsasda tənzimlənməsi imkanının olması; insan hüquqlarına əməl edilməsidir.
Tolerantlığın sivilizasyon, beynəlxalq, etnik, sosial, fərdi səviyyələri mövcuddur. Beynəlxalq münasibətlərdə tolerantlıq böyüklüyündən, iqtisadi inkişafından, əhalisinin etnik, dini mənsubiyyətindən asılı olmayaraq, dövlətlərin əməkdaşlı¬ğının və dinc yanaşı yaşamasının əsas şərtidir. Etnik tolerantlıq yad həyat tərzinə, yad adət-ənənələrə, fikir və ideyalara dözümlülükdə ifadə olunur. Etnik tolerantlıq digər etnik qruplarla qarşılıqlı əlaqə zamanı yaranmış problemli, münaqişəli vəziyyətlərdə üzə çıxır. Sivilizasyon tolerantlıq müxtəlif mədəniyyətlər arasında təmaslarda qeyri-zorakılığı nəzərdə tutur. Lakin təkzibedilməz bir həqiqət var: öz varlığını davam etdirmək üçün bəşəriyyət birgəyaşayış yollarının axtarışında ümumi tale üçün birgə məsuliyyət hissini bərabər bölüşməlidir. Bu axtarışın uğurunu isə yalnız tolerantlıq, həmrəylik, yüksək mədəniyyət, multikulturalizm təmin edə bilər. Ulu öndər Heydər Əliyev söyləyirdi: “Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür”.  Ümumilikdə sivil bəşər cəmiyyəti formalaşandan bəri ayrı-ayrı insan cəmiyyətləri həmişə inteqrasiyaya can atmış, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə çalışmışlar. İudaizm, xristianlıq, sonra isə İslam gercəkliyin sosiomədəni, siyasi və iqtisadi qavrayışına təsirin hüdudlarını genişləndirərək bu və ya digər dinin nümayəndələrinin məskunlaşdığı məkanlar formalaşdırmışlar. Fərqli məkanlarda formalaşan etnosların sivil dialoqu, qarşılıqlı anlaşması antik dövrlərdən başlayaraq mürəkkəb təkamül və inkişaf mərhələləri keçməklə tolerantlıq düşüncəsi sayəsində mümkün olubdur. Milli, irqi, dini, siyasi dözümlülük tədricən bəşəriyyətin zəngin mədəniyyətinin qəbul olunması, dərk edilməsi, insanın öz fərdiliyini, etnosun özünəməxsusluğunu təsdiqləmək forması kimi dəyərləndirilibdir. Ən müxtəlif baxış bucaqlarını uzlaşdıraraq ortaq məxrəci təmin edən tolerantlıq düşüncəsi həm də söz, fikir, vicdan, etiqad və s. azadlıqlarının inkişafında, plüralizmə geniş meydan verilməsində həlledici rol oynayıbdır. 
Müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq həm də onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzidir. Dözümlülük göstərmədən qarşındakını olduğu kimi qəbul etmək, dünyanın əşrəfi sayılan insana yüksək dəyər vermək mümkün deyildir. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır. Dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi başlıca nailiyyətdir. Sivilizasiyaların toqquşması nəzəriyyəsinin banisi S.Hantinqtonun yazdığı kimi, tolerantlıq dəyər normativi olaraq kompromisin legitimliyini, həmçinin sosial və siyasi qruplar arasında mövcud olan fərqlərə və ziddiyyətlərə dözümlülüyü özündə ehtiva edir.
Tolerantlıq çoxmilli, çoxdinli cəmiyyətlərdə sabitlik və ünsiyyət - bir-biri ilə son dərəcə sıx bağlı, həm də mürəkkəb münasibətlərdə olan fenomenlərdir və mədəniyyətlərin ahəngdar qarşılıqlı təsirinin təmin edilməsini nəzərdə tutur. Buna hər yerdə və hər zaman nail oluna bilinmədiyi üçün mədəniyyətlərarası münasibətlərin siyasi-ideoloji modelləri və mexanizmləri geniş müzakirələr doğurubdur. 
Tolerantlıq “başqa”sını dərk etmək mədəniyyəti kimi dialoqun əsasını təşkil edir və etno-mədəni münaqişələrin qarşısının alınması üsulu kimi nəzərdən keçirilir.  Bu gün hər bir ölkənin mədəniyyətin qloballaşma prosesinin nəticəsi olaraq getdikcə daha artıq dərəcədə beynəlmiləlləşməyə məruz qalır, belə şəraitdə əsas məsələ milli özgünlüyün qorunub saxlanması üçün mədəni məkanın qorunub saxlanmasıdır. Balans problemi də məhz bundan ibarətdir. Bu balansı tapmaq, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmaya yardım etmək üçün bir sıra ümumi prinsiplər və müddəalara əməl edilməsi zəruridir.

 

Xəbər xətti