Ana səhifə
16 Oktyabr 2018

“Bu bizim üçün qırmızı xətdir..” – Nazim İbrahimov

“Uydurma “erməni soyqırımı”nın yüzüncü ildönümü ilə əlaqədar Türkiyə və türk diasporu ilə birgə fəaliyyət xətti yürütməyə üstünlük veririk”

 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun APA-ya müsahibəsi

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

- SSRİ-nin süqutu ərəfəsində Azərbaycanın sərhədlərinin açılmasının (1989-cu il, İran sərhədi) və bununla dünya azərbaycanlıları ilə təmasın başlanmasının bu il 25 ili tamam olur. Bu 25 ildə dünya azərbaycanlıları nə dərəcədə təşkilatlana və birləşə bildi?

 

- Bu tarix azərbaycanlılar üçün çox önəmlidir. Bu prosesin əsas nəticələrindən biri də ondan ibarət oldu ki, milli-mənəvi dəyərlərin yenidən təşəkkül tapması və azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə yüksəlməsi üçün bir stimul yarandı. Dünya azərbaycanlılarının Həmrəylik Gününün elan olunması isə Azərbaycan diasporunun formalaşması istiqamətində mühüm addım, Azərbaycan üçün tarixi bir hadisə idi. Bununla da, mübaliğəsiz deyə bilərik ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid ideya ətrafında birləşməsi prosesi başlandı və diaspor quruculuğu az bir vaxt içərisində yeni yaranmış müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birinə çevrildi. Yəni ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ölkədə diaspor quruculuğunun ideoloji prinsipləri müəyyənləşdirildi, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın problemlərinin həllinə kömək göstərəcək mənəvi stimullaşdırma siyasətinin əsası qoyuldu. Azərbaycanın haqlı mübarizəsinin motivlərinin dünyaya çatdırılması üçün diaspor fəaliyyətinin təşkilatlanması da zəruri idi və Heydər Əliyev bütün xarici səfərlərində azərbaycanlılarla görüşüb onları Azərbaycan naminə birləşməyə çağırırdı. Yəni bütün bunları deməkdə məqsədim odur ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycan dövlətinin, ümummilli lider Heydər Əliyevin gərgin zəhməti, siyasəti nəticəsində az bir zaman çərçivəsində təşkilatlana və vətən naminə birləşə bildi. Bu gün diasporumuzun olduğu hər hansı bir ölkədə Azərbaycanın milli maraqları ilə bağlı hər hansı məsələ gündəmə gələndə, bütün soydaşlarımız bir nəfər kimi səfərbər olur. Sadə bir müqayisə. Siz də bilirsiniz ki, cəmi bir neçə il əvvəl ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən dünyanın xəbəri yox idi. Amma indi erməni diasporunun ən güclü qanadının yerləşdiyi ABŞ-ın 13 ştatı Xocalıda törədilənləri rəsmən soyqırım kimi tanıyıb. Təbii ki, bu təşkilatlanma və quruculuq işləri yalnız diasporun deyil, eyni zamanda Azərbaycan dövlətinin uğurudur.

 

- Nədənsə bu illər ərzində dünya ermənilərinin lobbisi daha çox səs sala bildi, nəinki azərbaycanlılar. Nədir buna mane olan?

 

- Hər dəfə bu mövzudan danışarkən, nədənsə çox vacib bir faktı unuduruq. Bizim qarşımızda bir az əvvəl dediyim kimi, 200 illik tarixi, təcrübəsi olan erməni diasporunun və lobbisinin dayandığını unutmaq olmaz. Siz də bilirsiz ki, bizim diasporumuzun real fəaliyyət tarixi 20 illik bir dövrü əhatə edir. Erməni və Azərbaycan diasporunu müqayisə edərkən bu faktı nəzərə almaq zəruridir. Üstəlik, digər bir faktı da unutmamaq lazımdır ki, müxtəlif ölkələr öz milli maraqlarına və ya dünya siyasətinin aktuallığına uyğun olaraq erməni diasporu və lobbisinə daha geniş imkanlar verir, onların siyasi proseslərə təsir etməsinə şərait yaradır. Bu aspektdən yanaşdıqda tək erməni deyil, erməni diasporunu dəstəkləyən ölkələrlə mübarizəyə qatılan Azərbaycan diasporu gənc olmasına rəğmən kifayət qədər çox iş görüb, yəni bu 20-25 illik müddətdə mümkün olduğundan artıq və səmərəli işləyib. Yenə də təkrar edirəm, təkcə diasporumuz deyil, bütövlükdə Azərbaycan dövləti. Çünki Azərbaycanın bu sahədə konkret məqsədlərə və hədəflərə ünvanlanmış vahid strateji xətti var və ən əsası da elə budur. Bütün dövlət qurumlarımız, ictimai birliklər, qeyri-hökumət təşkilatları, KİV və şübhəsiz ki, diaspor təşkilatlarımız hər biri öz fəaliyyətini bu strateji xəttə uyğun olaraq qurub. Ona görə də Azərbaycan diasporunun zəif olması barədə səslənən fikirlər əsassızdır. Amma əlbəttə ki, əldə etdiyimiz uğurlar bizi tam qane etmir. Çünki cəmiyyətin bir parçası olan diaspor da ətrafdakı dəyişikliklərin təsirindən kənarda qalmamalı, zaman-zaman inkişaf etməli, dəyişməli və təkmilləşməlidir. Bu baxımdan Azərbaycan diasporunun qarşısında hələ görüləsi çox işlər var.

 

- Bir müddət əvvəl belə fikirlər səslənirdi ki, Azərbaycan diasporu artıq müdafiə taktikasından hücum taktikasına keçib. Ancaq açığını deyək ki, bu taktika dəyişikliyinin baş verdiyi o qədər də hiss olunmur. Niyə?

 

- Mən bu fikirlə razı deyiləm. Hansısa taktiki məsələlərin mətbuatda müzakirə edilməsinin də tərəfdarı deyiləm. Çünki biz, həm diasporumuz, həm də dövlətimizin strateji məqsədləri uğrunda mübarizə aparırıq və hesab edirəm ki, indiki məqamda ölkəmiz həm beynəlxalq siyasətdə, həm də diaspor quruculuğu sahəsində qarşıya qoyulan strateji məqsədlərə nail olub. Bu, faktdır, günün reallığıdır. Məsələ ondadır ki, erməni tərəfinin özü də bunu etiraf edir və artıq erməni diasporunun nümayəndələri yerlərdə bizim təbliğatımıza qarşı çıxa bilmədiklərini açıq söyləyirlər. Eləcə də indi Ermənistanda hakimiyyətə müxalif olan qüvvələr hökumətin Azərbaycanın apardığı beynəlxalq siyasətin qarşısında aciz qaldığını bəyan edirlər. Bu gün Azərbaycan dövlətinin gücü, imkanları, beynəlxalq nüfuzu elə bir səviyyədədir ki, Ermənistanın istənilən təşəbbüsünün qarşısını ala bilir. Ermənilərin yüz illərlə görə bilmədiyi işləri Azərbaycan dövləti ümummilli liderin müəyyənləşdirdiyi strateji xəttin, prezident İlham Əliyevin uğurlu siyasətinin sayəsində cəmi bir neçə ildə görə bildi. Sovet müstəmləkəsindən çıxmış, dünyada demək olar ki, tanınmayan bir ölkə cəmi bir neçə ildə yüz illərlə formalaşmış yalançı "erməni mifi"nə kölgə salmağı bacardı. ABŞ kimi dünya gücü 2013-cü il 26 fevral tarixində petisiyanı imzalayan 125 min nəfərin hər birinə cavab verdi və Xocalıda insanların faciəli ölümünə dərindən təəssüfləndiyini bildirdi. Strateji məqsədlərə hədəflənən ardıcıl səmərəli təbliğat, ölkədə keçirilən mötəbər beynəlxalq tədbirlər Azərbaycanı bütün dünyaya tanıtdı, onun həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər də xüsusi qeyd olunmalıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın tanıdılması istiqamətində geniş fəaliyyəti, Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə "Xocalıya ədalət" kampaniyasının  keçirilməsi artıq dünyanın əksər ölkələrinin parlamentlərində, yüksək strukturlarında 1992-ci il fevralın 26-da Xocalıda baş verənlərin soyqırım kimi qəbul edilməsi bu istiqamətdə əldə olunmuş böyük uğurlardır.

 

- Azərbaycanın diaspor təşkilatları qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı hansı addımları atmağı düşünür?

 

- Ermənilərin qondarma soyqırım təbliğatına qarşı mübarizə bu gün bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Xüsusilə, ermənilərin uydurma soyqırımın yüzüncü ilini qeyd etməyə hazırlaşdıqları bir ərəfədə biz Türkiyə və türk diasporu ilə birgə fəaliyyət xətti yürütməyə üstünlük veririk. Bu müddəa Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına uzv ölkələrin ortaq fəaliyyət planında da öz əksini tapıb. Türk və türkdilli ölkələrin bu və digər məsələlərlə bağlı fəaliyyətini koordinasiya etmək üçün 8 ölkədə koordinasiya mərkəzləri açılmaqdadır. Bundan başqa, Avropanın bəzi şəhərlərində beynəlxalq konfransların keçirilməsini nəzərdə tutmuşuq. Hesab edirəm ki, biz erməni diasporu və lobbi qurumlarının kampaniyalarina cavab addımlarından daha çox, diqqəti Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş terror və soyqırım aktlarının təbliğinə və bunun daha geniş coğrafiyada tanınmasına yönəltməliyik. Dünya ictimai fikirində formalaşan yalançı "erməni mifi"ni tamamən darmadağın etməli, Azərbaycan həqiqətlərini, reallıqlarını tam olaraq beynəlxalq fikirdə təsdiqlətməliyik. "Erməni mifi"nin dağılması elə "soyqrımı mifi"nin də dağılmasına gətirib çıxaracaq. Bir sözlə, bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin, o cümlədən də Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti buna yönəlib, hesab edirəm ki, həyata keçirilən tədbirlərin nəticəsini görəcəyik.

 

- Dünyadakı azərbaycanlılar qarşıdan gələn həmrəylik gününə necə və hansı göstəricilərlə hazırlaşırlar? Komitədən onlara hansısa təklif və təşəbbüslər varmı?

 

- Qarşıdan gələn həmrəylik günü ərəfəsində dünya azərbaycanlılarının növbəti onlayn videokonfransını keçirməyi planlaşdırırıq. Bilirsiniz ki, Dövlət Komitəsi informasiya texnologiyalarının son nailiyyətlərini öz fəaliyyətində tətbiq etməyə başlayıb. Komitədə və xarici ölkələrdəki diaspor təşkilatlarının ofislərində qurulmuş bu yeni sistem vasitəsilə onlayn konfrans keçiririk. İlk belə toplantımız ötən ilin dekabrında təşkil olundu. Bu sistem diaspor nümayəndələrinin ümumi görüş və konfranslarının təşkilində xeyli maliyyə vəsaitinə qənaət etməyə imkan verir. Diaspor təşkilatlarının fəaliyyətinin daha operativ şəkildə koordinasiya edilməsinə, qarşıya çıxan müxtəlif məsələlərin operativ müzakirəsinə şərait yaradır. Bundan başqa, Dövlət Komitəsinin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı müəyyən ideya və təklifləri də var ki, onların üzərində iş gedir.

 

- Mütəmadi azərbaycanlıların sıx yaşadığı ölkələrdə diaspor təşkilatları arasında birlik, rəqabət əvəzinə intriqa müşahidə olunur. Məsələn, Rusiya, Ukrayna, Amerika, Mərkəzi Avropa və sair. Bu, onların bir-biri barəsində mütəmadi mətbuata ünvanladıqları müraciətlərdə də artıq açıq-aydın hiss olunur. Nə baş verir, nəyi bölə bilmirlər bizim diaspor təşkilatları?..

 

- Bilirsiniz, diaspor ayrı-ayrı fərdlərdən formalaşan bir məfhumdur. Müxtəlif cəmiyyətlərdən, ictimai mühitdən çıxmış insaların fərqli dünyagörüşləri var. Bu fərdlərin də hər birinin baş verən hadisələrə, proseslərə fərqli baxışı mövcuddur. Buna görə də onların arasında fikir ayrılığı, müxtəlif təşkilatlarda birləşmək istəyi normal qəbul olunmalıdır. Mən bunu dəfələrlə demişəm, biz diaspor təşkilatlarının çox olmasının əleyhinə deyilik. Çünki bu, daha çox rəqabətə imkanlar yaradır ki, son nəticədə ortaya daha keyfiyyətli və səmərəli iş qoyulur. Bizim əsas prinsipimiz ondan ibarətdir ki, xaricdə yaradılmış diaspor təşkilatları hər zaman Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq olsunlar. Qalan məsələlərdə isə fərqli taktiki yanaşmaların olması normal qarşılanmalıdır. Bu, təkcə Azərbaycan diasporu üçün xarakterik deyil, bütün xalqların diaspor təcrübəsində müşahidə olunan haldır.

 

- Bu günlərdə Gürcüstanda yaşayana azərbaycanlılar dini təhqirə məruz qaldılar. Komitə bununla bağlı hansı araşdırmaları aparıb və sizcə bunun arxasında nə durur?

 

 - Gürcüstanda yaşayan azərbaycanlıların problemləri hər zaman ölkə rəhbərliyinin və Dövlət Komitəsinin diqqət mərkəzindədir. Oradakı soydaşlarımızın vəziyyəti ilə əlaqədar daim xüsusi araşdırmalar aparılır, problemləri öyrənilir və bu istiqamətdə Azərbaycan dövləti tərəfindən onlara dəstək göstərilir. Bu problemlərin də əksəriyyəti uzun illər ərzində yığılıb qalmış, SSRİ-nin süqutundan sonra yaranmış situasiyanın doğuruduğu fəsadlardır. Bütün bu problemlər iki ölkənin hökumətlərarası komissiyasının da gündəliyində prioritet məsələlərdəndir. Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə mövcud olan sıx əməkdaşlıq imkan verir ki, həmin problemlər öz həllini tapsın, əlbəttə, bəzi problemlər artıq həll olunub, bəziləri isə hələ də qalır. Onlar da tədricən yoluna qoyulacaq.

 

- Ümumiyyətlə, ara-sıra Gürcüstanda yaşayan azərbaycanlıların bu və ya digər formada təzyiqlərə məruz qalması nə ilə əlaqədardır?

 

- Biz ümumiyyətlə, yalnız Gürcüstanda deyil, xaricdə yaşayan bütün soydaşlarımızın hüquqlarının qorunmasına çalışırıq. Soydaşlarımızın problemlərini araşdırıb nəticələrini həmin ölkələrin rəhbər nümayəndələri ilə görüşlərdə onların diqqətinə çatdırırıq. Dövlət Komitəsi bu məsələdə öz səlahiyyətləri çərçivəsində üzərinə düşən işləri görür. İndiki halda bizim əsas işimiz Gürcüstandakı azərbaycanlıların cəmiyyətə inteqrasiyasını təmin edə bilməkdir. Bunun üçün vacib şərtlərdən biri də onların gürcü dilini bilməsi və ictimai-siyasi mühitdə fəal iştirakıdir. Bu məqsədlə biz 2007-ci ildən çox böyük bir layihə həyata keçiririk ki, bu gün onun nəticələri bizi çox sevindirir. Bu layihə çərçivəsində Gürcüstanın azərbaycanlılar yaşayan regionlarında soydaşlarımız üçün gürcü dili kursları açmağa başladıq. Bu kurslar acıdıqdan sonra Gürcüstanın ali məktəblərinə qəbul olunan azərbaycanlıların sayında nəzərəçarpacaq artım müşahidə etdik. Təsəvvür edin ki, təkcə 2010-2011-ci tədris ilində Gürcüstan ali məktəblərinə qəbul olmuş 458 tələbənin 350-dən çoxu gürcü dili kurslarının dinləyiciləri oldu. Halbuki  əvvəlki illərdə bu göstərici çox aşağı idi, bu da gənclərin böyük əksəriyyətinin dövlət dilini bilməməsindən irəli gəlirdi. İndi Gürcüstanın ali məktəblərində 1600-dən çox azərbaycanlı tələbə təhsil alır. Yəni soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Çünki, yalnız cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşayış şərtlərini təmin edə bilər.

 

- Azərbaycanlıların daha çox cəmləşdiyi ölkə Rusiyadır və bir xeyli müddət buradakı Azərbaycan diaspor təşkilatları arasında ciddi fikir ayrılığı və ziddiyyətlər yaşandı. Hətta bir müddət əvvəl Söyün Sadıqov oradakı təşkilatlar adından bəyanat yayaraq Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsini onlara mane olmaqda ittiham etdi. Bu indi sizin oradakı fəaliyyətinizə necə təsir edir?

 

- Biz bununla bağlı öz mövqeyimizi dəfələrlə aydın şəkildə bildirmişik. Bu gün də öz mövqeyimizdə qalırıq və hesab edirik ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər bir Azərbaycan diaspor təşkilatının əsas borcu odur ki Azərbaycan dövlətinin maraqlarını müdafiə etsin. Bizm müəyyənləşdirilmiş strateji xəttimiz var. Azərbaycan prezidenti qarşımıza bir sıra vacib vəzifələr qoyub. Bu vəzifələrin yerinə yetirilməsində bizə heç kim mane ola bilməz.

 

- Azərbaycanın baş nazirinin keçmiş müavini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasovla komitə arasında uzun müddətdir gərginlik müşahidə olunur.

 

- Bayaq da qeyd etdiyim kimi, Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor quruculuğu siyasətini həyata keçirən bir qurumdur. Biz öz fəaliyyətimizdə daim Azərbaycanın dövlətinin maraqlarını əsas tuturuq. Bu, bizim üçün qırmızı xətdir və kimsə onu keçməyə cəhd edərsə, biz öz mövqeyimizi çox açıq şəkildə ifadə edirik.

 

- Azərbaycanın strateji tərəfdaşı və azərbaycanlıların aktiv olduğu Ukraynada son iki ildir diaspor arasında parçalanma baş verir. Siz açıqlamalarınızda bunu rəqabət kimi qiymətləndirsəniz də, onlar bunu intriqa kimi xarakterizə edirlər və mətbuatda bir-birlərinə qarşı ittihamlarla çıxış edilər. Bunlara səbəb nədir?

 

- Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının hüquqi baxımdan Dövlət Komitəsinə birbaşa bağlılığı yoxdur. Bu qurumların hamısı öz ölkəsində qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarıdır. Fikrimcə, bəzən ictimaiyyətdə, kütləvi informasiya vasitələrində yanlış anlaşılmalar da bu vacib detalın nəzərdən qaçırılması nəticəsində ortaya çıxır. Dövlət Komitəsinin bu təşkilatlara hüquqi təsir mexanizmi yoxdur. Hətta olsa belə, hansısa dövlətin ərazisində qeydiyyatdan keçmiş təşkilata hansısa formada təsir və ya təzyiq edə bilmərik. Onlar öz ölkələrinin qanunlarına əsasən qeydiyyatdan keçir, təşkilat yaradır və öz rəhbərlərini seçirlər. Ukraynada hazırda iki təşkilat - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi fəaliyyət göstərir. Onların hər ikisinin də Azərbaycanın təbliği ilə bağlı müəyyən təşəbbüsləri, təklifləri və layihələri olur. Amma əlbəttə, biz hər zaman tövsiyə edirik ki, Azərbaycan diaspor təşkilatları, Azərbaycan icmaları fikir ayrılıqlarını mətbuata çıxarmayıb, öz aralarında müzakirə etsinlər. Dəfələrlə bununla bağlı Dövlət Komitəsinin təşəbbüsü olub, onlarla ayrı-ayrılıqda görüşüb, bu məsələni müzakirə etmişik. Təkcə Ukraynada deyil, digər ölkələrdə keçirdiyimiz birgə toplantılarda da bu məqamı diaspor nümayəndələrinin nəzərinə çatdırıb, belə məsələlərdə təmkinli davranmağa çağırırıq. Çünki bəzən adi bir fikir ayrılığı mətbuatda dərin ziddiyyətlər kimi təqdim olunur. Əslində isə belə deyil.

 

- Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyevə qarşı baş verən sui-qəsdin yarım ilə yaxındır üstü açılmır. Azərbaycan tərəfinin bununla bağlı Ukraynaya hansısa müraciəti olubmu? Ümumiyyətlə, son vaxtlar Ukraynada tanınmış azərbaycanlılara sui-qəsd və azərbaycanlıların oğurlanması halları mütəmadi baş verir. Bu nə ilə əlaqədardır?

 

- Ukraynada baş verən proseslər orada yaşayan azərbaycanlıların da həyatına və fəaliyyətinə təsirsiz ötüşmür. Ona görə də təkcə azərbaycanlılar deyil, orada yaşayan digər xalqların nümayəndələri də belə hallarla qarşılaşırlar.  Hesab edirik ki, Ukraynanın hüquq-mühafizə orqanları bu hadisəni ciddi şəkildə araşdıracaq və cinayəti törədənlər də öz layiqli cəzalarını alacaqlar. Bir vacib məqamı da təəssüflə vurğulamaq istərdim ki, bəzən Azərbaycan mətbuatı xaricdə yaşayan azərbaycanlılarla bağlı, kriminal zəmində baş vermiş hadisələri etnik zəmində təzyiqin təzahürü kimi təqdim edir. Halbuki, Ukrayna çox az ölkələrdəndir ki, orada yaşayan digər xalqların, o cümlədən azərbaycanlıların nümayəndələrinə qarşı tolerant münasibət var. Azərbaycanlılar bu ölkədə cəmiyyətə yaxşı inteqrasiya olunublar. Çox nüfuzlu azərbaycanlı iş adamları, alimlər və mütəxəssislər var. Yəni azərbaycanlılara qarşı milli-etnik zəmində hər hansı təzyiq heç vaxt müşahidə olunmayıb. Biz belə yanaşmaların əleyhinəyik. Dəfələrlə bununla bağlı, həm Azərbaycanın Ukraynadakı səfirliyi, həm bizim Dövlət Komitəsi, oradakı diaspor təşkilatlarının rəhbərləri mətbuata öz fikirlərini bildiriblər, çağırışlar ediblər. Hesab edirəm ki, bizim kütləvi informasiya vasitələrinin nümayəndələri bu cür hadisələr barədə informasiya yayarkən daha diqqətli olmaldırlar.

 

- Komitənin dünya azərbaycanlıları ilə bağlı növbəti illərdə hansı planları var?

 

- 2015-ci il üçün əsas planlarımız qondarma “erməni soyqırımı” təbliğatına qarşı mübarizə, bu mübarizədə türk diasporu ilə sıx əməkdaşlıq, bir sıra ölkələrdə diasporumuzun daha da gücləndirilməsi istiqamətində görüləcək işlərlə bağlıdır. Bu proseslərə, diaspor fəaliyyətinə xaricdəki azərbaycanlıların gənc nəslinin, ziyalıların cəlb edilməsinə dair bəzi planlarımız var. Bundan başqa, Diasporla İş üzrə Dövlət Komitəsinin bilavasitə dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun əməkdaşlığı çərçivəsində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu xüsusi qeyd etmək istəyərdim. Bu dəfə ötən iki forumda olduğundan sayca daha çox nüfuzlu siyasi xadimin iştirakını gözləyirik ki, bu da Azərbaycanın daha çox və daha nüfuzlu dostlar qazanması deməkdir.

Tarix
14 Noyabr 2014 [14:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin