Qaçqın və məcburi köçkün soydaşlarımızın milli cəsarət nümunəsi

17:50 - 26 Yanvar 2017 - SİYASƏT

Keçən ilin aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə məcburi köçkün soydaşlarımızın köçürüləcəyi barədə Prezidentin verdiyi qərar cəmiyyətdə yüksək əhval-ruhiyyə yaradıb. Hər kəsin sevinclə qarşıladığı bu qərarla bağlı Milli Məclisin deputatı Rafael Cəbrayılovun fikirlərini təqdim edirik:

- Bəli, həmin kəndin yenidən qurulması və soydaşlarımızın ora köçürülməsi ilə bağlı məsələ gündəmdədir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da mətbuata bildirib ki 250 ailə könüllü olaraq Cocuq Mərcanlıya köçmək barədə müraciət edib. İlkin olaraq 50 ailənin köçürülməsi nəzərdə tutulub. Həmin şəxslərin bu addımı vətənpərvərlik nümunəsidir. Bu milli cəsarətin nümayişidir. Bəzi insanlarımız pessimist mövqe tutaraq deyirdilər ki, işğal altında olan torpaqlarımız azad olunandan sonra ora heç kim qayıtmayacaq. Amma bu hal göstərdi ki, qaçqın və məcburi köçkün soydaşlarımız xalqımızın vətənpərvər bir hissəsidir. Onlar öz ata-baba torpaqlarına köçməyə, habelə Ali Baş Komandanın əmri olarsa erməni ilə əlbəyaxa döyüşə də hazırdırlar. Mən bu əhval-ruhiyənin dəfələrlə şahidi olmuşam. 
- Rafael müəllim, Cocuq Mərcanlı kəndinin yəqin ki, dövlət səviyyəsində yenidən qurulmasından söhbət gedir...
 - Əlbəttə. Bu kənd dövlət hesabına yenidən qurulacaq və orada məskunlaşacaq insanlar yeni tikilmiş müasir evlərlə təmin olunacaqlar. Bildiyiniz kimi, bu məqsədlə ölkə başçısı İlham Əliyev cənabları tərəfindən ilkin olaraq 4 milyon manat maliyyə vəsaiti ayrılmışdır. Düşünürəm ki, qısa müddət ərzində həmin kənd bərpa ediləcək və soydaşlarımızın həmin kəndə köçürülməsi həyata keçiriləcəkdir. Cocuq Mərcanlının müasir infrastruktura malik kənd kimi yenidən qurulub soydaşlarımızın istifadəsinə verilməsindən söhbət gedir.
- Cocuq Mərcanlı kəndinin qoşunların təmas xəttinə yaxın olmasını nəzərə alsaq bu kəndin yenidən işğal altına düşməsi təhlükəsi yoxdur ki? 
- Bu qədər pessimist olmayın. Əvvəla, keçən ilin aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun mövqeləri işğaldan azad olunmuş strateji yüksəkliklərdədir ki, bu da çox geniş ərazini nəzarət altında saxlamağa imkan verir. Digər tərəfdən də artıq zaman dəyişib. Azərbaycan Ordusu da əvvəlki ordu deyil. Erməni silahlı birləşmələrinin yenidən ərazi işğal etməsi qeyri-mümkündür. Sizi əmin edirəm ki, İşğal altında olan bütün torpaqlarımızın işğaldan azad olunacağı  və soydaşlarımızın total şəkildə həmin ərazilərə köçürüləcəyi günü görəcəyik!

 

Elməddin

Xəbər xətti