Azərbaycanın deputatından Trampa dəstək

09:12 - 25 Yanvar 2017 - SİYASƏT

ABŞ prezidenti Donald Trampın NATO haqqında söylədiyi fikirlər NATO-ya üzv olan və digər dövlətlər tərəfindən birmənalı qarşılanmayıb. Hətta bəzi dövlətlər açıq-aşkar bundan narahatlıqlarını ifadə ediblər. Məsələnin aktuallığını nəzərə alaraq Milli Məclisin deputatı, hüquqşünas Rafael Cəbrayılovla müsahibəni təqdim edirik.

- Rafael müəllim, ABŞ-ın prezidenti Donald Tramp “Bild” və “The Thimes” qəzetlərinə müsahibə verərkən NATO barəsində “alyansa çox-çox illər əvvəl köhnəlib”  kimi fikirlər bildirib. Bu barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, NATO (Şimali Atlantika Bloku Təşkilati) 2-ci Dünya Muharibəsindən sonra 1949-cu ildə dünyanın aparıcı kapitalist dövlətlərinin SSRİ və onun ətrafında birləşmiş sosialist ölkələrinə qarşı yaradılmış hərbi-siyasi birliyidir. 1955-ci ildə isə Sovet dövləti və digər sosialist ölkələrinin hərbi-siyasi birliyi kimi Varşava Müqaviləsi Təşkilatı yaradıldı. Dünyanın kapitalist və sosialist düşərgələrini təmsil edən bu iki hərbi-siyasi təşkilat təxminən yarım əsrə yaxın müddət ərzində bir-birinə qarşı gizli və açıq şəkildə barışmaz mübarizə apardılar. Almaniya, Koreya, Vyetnam və s. dövlətlərin iki hissəyə parçalanmasından tutmuş Əfqanıstanda indiyədək davam edən müharibə, habelə, bir sıra münaqişə ocaqları həmin iki hərbi-siyasi təşkilatın və bu təşkilatları bilavasitə maliyyələşdirən, fəaliyyət istiqamətlərini müəyyən edən ABŞ və SSRİ-nin "fəaliyyətlər"inin nəticəsidir. 1991-ci ildə SSRİ-nin süqutu ilə Varşava Müqaviləsi Təşkilatı da ləğv edildi. Amma NATO-nun mövcudluğu davam edir ve dünyada baş verən hadisələrdə heç də mütərəqqi rol oynamır. Əvvəllər sosialist düşərgəsinə qarşı mübarizə aparan NATO bu gün ABŞ-ın əlində müxtəlif geosiyasi maraqları təmin etmək üçün istifadə etdiyi hərbi-siyasi vasitədir. NATO-nun hərbi-maliyyə resurslarının demək olar ki, əsas hissəsinin ABŞ-a aid olmasını nəzərə alsaq mübahisə üçün yer qalmaz.
- Siz düşünürsünüz ki, NATO ləğv edilməlidir ?
- Düşünürəm ki, NATO ləğv edilməlidir. Əsas beynəlxalq təşkilat olan BMT-nin fəaliyyətində dönüşə nail olunmalı, BMT-də ciddi islahatlar aparılmalı, onun Təhlükəsizlik Şurasında qərarların qəbul olunmasında demokratikliyə nail olunmalı və qərarların icrası mexanizmləri işlənib hazırlanmalıdır. Təhlükəsizlik Şurasının qərarlarının icra edilməməsi və ya icrasının uzun illər süründürülməsi kimi bədnam təcrübəyə son qoyulmalıdır. Əslində BMT-nin və onun Təhlükəsizlik Şurasının görməli olduğu bir işi NATO-nun görməsi mümkünsüzdür. BMT-nin Təhlükəsizlik Şurasının qərarı olmadan ABŞ qoşunlarının başqa dovlətin ərazisinə soxularaq onu zəbt etməsi, siyasi hakimiyyət dəyişikliyi həyata keçirməsi kimi hallara son qoyulmalıdır.ABŞ-ın prezidenti D. Tramp bu fikri söyləyəndə də düşünürəm ki, NATO-nun əsasən ABŞ büdcəsi hesabına maliyyələşməsini, habele NATO-nun fəaliyyətinin dünyada beynəlxalq ədalətin bərpasına deyil, üzv dövlətlərin mənafelərinin nəyin bahasına olursa olsun təmin edilməsinə yönəldiyini nəzərə alıb. Doğrudan da, beynəlxalq hüququn norma və prinsiplərinə əhəmiyyət vermədən, BMT-nin Təhlükəsizlik Şurasının iradəsini nəzərə almadan NATO-nun üzvü  olan dövlətlərin mənafelərinin güc tətbiq etməklə təmin edilməsi yolverilməzdir.

 

Elmin

Xəbər xətti