Ana səhifə
21 Noyabr 2018

İslam dini saf bir dindir

"İslam dininin özünə məxsus böyük dəyərləri var"


Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, dini ekstremizm və radikalizm meyillərinin qarşısının alınması məqsədilə dini maarifləndirmə işini təşkili istiqamətində respublika və regional səviyyədə konfrans, “dəyirmi masa”, seminar-treninqlərin keçirilir. Təhsil müəssisələrində, habelə hökumət və qeyri-hökumət təşkilatlarında vətəndaşların, xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinə qarşı preventiv tədbirlər görülür. Eyni zamanda, dini qurumlar arasında maarifçilik işi aparılır və onların koordinasiyalı şəkildə fəaliyyət göstərməsi təmin edilir. Görülən işlər göstərir ki. bu gün əhali arasında dini maarifləndirmə çox önəm daşıyır, tolerant mühitin formalaşmasında önəmli rol oynayır. "Dini maarifləndirmə dedikdə, bir var "Qurani-Kərim"dən, "Tövrat"dan, "İncil"dən izahlı yazılar getsin - bu iş mütəxəssislərə aiddir - bir də var ki, əhalinin böyük əksəriyyətinə dini bilgilər verilsin. Orta məktəblərdə "Həyat bilgisi" dərsliyində, eləcə də tarix və ədəbiyyat dərslərində dinlə bağlı müəyyən bilgilər verilir. Düşünürəm ki, müəyyən dərsliklərdə düzəlişlərə ciddi ehtiyac var, onlarda insanlara din haqqında daha geniş izahat verilməlidir".  Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, xüsusilə, İslam dininin daşıyıcısı olan vətəndaşlarımız İslam dini, "Qurani-Kərim", İslamın əsas prinsipləri və vacib şərtləri haqqında geniş bilgi əldə etməlidirlər. Çoxları bəzən məscidə girdikdə bunu nədənsə xoflu şəkildə qəbul edirlər. Onun nəzərində məscid insanların dəfn olunduğu yer kimi görünür. Əslində isə məscid bir irfan, elm, dialoq, insanların toplaşaraq müxtəlif məsələləri müzakirə etmək mərkəzi, "Qurani-Kərim" və oradakı ayələrlə bağlı fikir mübadiləsi yeridir. Məscid eyni zamanda bir kitabxanaya çevrilməlidir. Orada yalnız dini kitablar deyil, dünyəvi kitablar, Azərbaycan klassiklərinin əsərləri də olmalıdır. İnsanlar ora yalnız ibadət etmək, namaz qılmaq üçün, bayramdan bayrama gəlməli deyil. Gəldiyi zaman isə orada müxtəlif müzakirələrdə iştirak etməlidir. Ona görə də hazırkı şəraitdə qarşımızda duran vəzifələrdən biri məscidin Azərbaycan cəmiyyətindəki yerini özünə qaytarmaq, vaxtilə olduğu kimi onu həqiqi elm, irfan mərkəzinə, insanlar üçün görüş yerinə çevirməkdir".
Mübariz Qurbanlı bildirib ki, bu istiqamətdə çox işlər görülməlidir. "Dövlət Komitəsi Azərbaycanda dini maarifləndirmə məqsədi ilə müxtəlif tədbirlər, konfranslar, seminarlar təşkil edir. Bu işlər əvvəllər də həyata keçirilib, indi də davam edir. Azərbaycanda əhalinin dinlə bağlı bilgiləri sürətlə artır. Burada müəyyən qism media da öz üzərinə düşən vəzifəni yerinə yetirir. Dini maariflənmə dini xurafatdan uzaqlaşmanın ən yaxşı yollarından biridir. Xurafatı dinə sonradan kimlərsə uydurma şəkildə daxil ediblər. Əslində din safdır. Xüsusilə, İslam dini saf bir dindir. İslam dininin özünə məxsus böyük dəyərləri var".
 Mübarız Qurbanlı bildirib ki, dəfn mərasimləri bizim milli adət-ənənəmizə daxil olub və İslam dinindən qaynaqlanır. Yas mərasimləri milli adət-ənənələrin tərkib hissəsinə daxil olduğuna gör, bu məsələ qanunla tənzimlənə bilməz. "Milli adət-ənənələr hansısa qanuna sığmaz. Bu, dünya təcrübəsində də belədir. Milli adət-ənənələri yalnız zaman dəyişə bilər. Onun hansı hissəsinin yaxşı olduğu, hansının dəyişilməli olduğu zamana bağlıdır və insanlar inkişaf sürətindən asılı olaraq, onların maraqlarına uyğun olmayan bu və ya digər qaydaları dəyişirlər. Qədim yunanlarda belə bir söz vardı: "Həndəsi aksiomlar insanların maraqlarına zidd olsaydı, onları çoxdan təkzib edərdilər". Bunun xüsusilə altını cızaraq deyirəm ki, insanların, toplumun marağına nə ziddirsə, toplum onu özü inkar edəcək, zaman çərçivəsində onu dəyişərək özünə uyğunlaşdıracaq".
Mübariz Qurbanlı deyib ki,Azərbaycanın iqtisadi inkişafı çox sürətlə gedir. "Sosial-iqtisadi inkişaf üstqurumda baş verir. Bu, bazisdə də öz yerini tapmalıdır. Ona görə dəyişməlidir ki, üstqurumdakı dəyişiklik bazisə, bazisdəki dəyişiklik isə üstquruma təsir göstərir. Ölkə dəyişir, gözəlləşir, yollar salınır, infrastruktur yaradılır və s. Belə şəraitdə insanın həyat şəraiti, həyat tərzi də dəyişir. Bu dəyişikliklər olduqca, insanların ətrafdakı hadisələrə və adət-ənənələrdəki çatışmazlıqlara münasibəti də dəyişir. Artıq insan bəzi adət-ənənələrdəki qaydalarla yaşamaq istəmir və onun yenilənməsini istəyir. Bu, sosial bir tələbə çevrilir. Bu gün Azərbaycanda milli adət-ənənələrimizin bəzi qaydalarının dəyişməsi artır sosial tələbə çevrilib. Vaxtilə bizdə qızları ərə verərkən başlıq deyilən bir anlayış var idi. İndiki gənclərin bəziləri heç başlıq sözünün nə demək olduğunu bilmirlər. Bununla bağlı çoxlu misallar çəkmək olar".
Onun sözlərinə görə, dəfn mərasimlərimiz dinimizin tələblərinə tam uyğun olmalıdır. İslam dini dəfn, yas mərasimini hazırda gördüyümüz kimi təsvir etmir. Dinimizdə bu cür hökm yoxdur. Bu, dini biliklərin azlığı və cəmiyyətin inkişafının müəyyən mərhələsində insanların yaranmış hansısa boşluğu doldurmaq naminə atdığı addımlardan irəli gəlir. Bu, həm də vaxtilə Azərbaycana kənardan gələn bəzi adətlərin təzahürü, yaxud biz İslamı qəbul edənədək burada olmuş bəzi adətlərin atavizm yolu ilə hələ də qalmasının nəticəsidir. Hesab edirəm ki, əhalinin əksəriyyəti sosial tələb olaraq həmin dəfn və yas mərasimlərindəki qaydaların təkmilləşdirilməsini, sadələşdirilməsini istəyir".
Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanda vətəndaş vəfat etdikdə Dövlət Sosial Müdaifə Fondu vasitəsilə onun ailəsinə dəfnin təşkili üçün müəyyən məbləğdə vəsait ödənilir. "Bu halda söhbət yalnız həmin vəsaitin artırılmasından gedə bilər. Azərbaycanın dövlət büdcəsinin imkanlarını nəzərə alaraq bu barədə düşünmək olar. Yəni belə bir variant da mümkündür. Azərbaycanda məzarlıqlar əslində pulsuzdur. Əgər haradasa məzarlıq üçün müəyyən vəsait tələb olunursa, onun tənzimlənməsi qaydaları da var. Ola bilər ki, müəyyən yerlərdə qanunla müəyyən məbləğ tələb olunsun, bu da çox cüzi məbləğdir. Eyni zamanda, insan vəfat edəndə onun heç kimi olmaya bilər. Əlbəttə ki, İslam dininin tələblərinə görə, bu zaman 3 müsəlman bir yerə yığılaraq onu dəfn etməlidir. Xristianlıqda və iudaizmdə də buna uyğun tələblər var. Ölən insanın heç kimi olmasa belə, kimsə bu vaxta qədər Azərbaycanda hələ kiminsə küçədə qaldığını deyə bilməz. Bu zaman dövlət onun dəfni məsələsini öz üzərinə götürür.
 
Müasir dövrdə ən yaxşı, ideal variantlardan biri budur ki, bələdiyyələr öz vəsaitləri və ya dövlətin müəyyən yardımı, eləcə də icmaların köməyi ilə məhəllələrdə, kəndlərdə, qəsəbələrdə "mərasim evləri" inşa etsinlər. Bununla bağlı artıq ölkəmizdə müsbət praktika da var və orada çox cüzi məbləğ müqabilində yas mərasimlərinin keçirilməsi üçün şərait yaradılır. Bu cür "mərasim evləri"nin sayı artırılmalıdır. Əlbəttə ki, bu qısa zamanda baş verməyəcək. Lakin bələdiyyələr zamanla bunu etməlidirlər ki, kimsə öləndə onun ailə üzvü hansısa çadır və ya yer axtarmağa ehtiyac duymasın. Həmin "mərasim evləri"ndə də yas mərasimləri 3 gündən artıq olmamalıdır"
Onun sözlərinə görə, mərasimdəki süfrəyə gəldikdə isə ora qoyulan təamlar insanlara doymaq üçün yox, mərasimə gələn insanların ölən insanın ailəsinə başsağlığı verdiyi müddətdə bir vasitə rolunu oynamaq üçün verilməlidir. "Nə "Qurani-Kərim", nə "Tövrat", nə də "İncil"də ehsan anlayışında yemək sözü yoxdur. Bəzən adətin girovuna düşərək belə sual verirlər ki, mən öz əzizimə ehsan verməməliyəm? Deyirəm ki, sən öz əzizinə ehsan verməlisən. Lakin bu ehsan təkcə yeməkdən ibarət deyil, ehsan xeyrül-əməldir. Xeyrül-əməl isə insanın gördüyü xeyirxah işlərdir. İnsanın xoş sözlə birini dindirməsi, təbəssümlə salam vermək, yıxılanı ayağa qaldırmaq, ağac əkmək, bir kəndə su çəkmək, hətta susuz heyvana su vermək, tora düşmüş quşu azad etmək də xeyrül-əməldir. Baxır, kimin imkanı nəyə çatır. Ona görə də yalnız yemək verməklə vəfat etmiş əzizinin ruhunu şad edəcəyini düşünənlər səhv edirlər"

Tarix
23 Yanvar 2017 [18:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin