Vətənin qalib əsgəri

12:34 - 23 Yanvar 2017 - Cəmiyyət

Çavuş Ramin Hümmətov aprel döyüşlərində elə bir qəhrəmanlıq göstərdi ki, onun 6 gün ərzində keçdiyi döyüş yolunu Azərbaycan tarixinin şanlı səhifələrindən saymaq olar. Vətəninə layiqli övlad olmağı,onu canından çox sevdiyi, bu amal uğrunda qanından və hətta canından belə keçməyə hazır dayanmağı bir daha göstərdi. Döyüşlərdə son dərəcə cəsur, qorxmaz olan Ramin torpaqlarımıza soxulan neçə-neçə düşməni cəhənnımə vasil etdi. Beləcə də vətənin qeyrət sınağında millətin başını ucaltdı. Sübut etdi ki, biz məğlub olmağa layiq xalq deyilik. İndi xalq öz qeyrətli oğlunu əsl övlad məhəbbətilə sevir, yeni doğulan körpələrinə “ Ramin” adını qoyurlar. Fəqət Ramintək oğlu olan vətən heç vaxt basılmaz.

Ramin Süleyman oğlu Hümmətov 1985-ci ildə dağlar diyarı, mərdlər beşiyi, dahilər yurdu olan Lerik rayonunun Hamarat kəndində doğulmuşdur. Bir müddət keçəndən sonra ata ailəsilə birgə Lənkəran rayonunun Kərgəlan kəndinə köçür, ocaq qalayır, yurd-yuva salır. Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Süleyman kişi burada da tezliklə hörmət qazanır. Ramin də boy atıb, vətənin güvəndiyi mərd igidlərindən olur. Orta məktəbi başa vuranda öz əqli, zəkası ilə çoxundan fərqlənir.Qəlbi vətən, torpaq sevgisinə sevdalanır…
2003-cü ildə kiçik ürəyində böyük bir Azərbaycan yaşatmaqla Milli Ordu sıralarına xidmətə yola düşür. Ön cəbhədə xidmətə başlayır. İlk gündən fəallığı ilə seçilir. Komandirlərdən, təcrübəli əsgər dostlardan silahla rəftarı, döyüş qaydalarını öyrənir. Vətənin hər daşına, qayasına vurğun gənc əsgərin ürəyi düşmən işğalında qalan əzəli yurd yerlərimizi azad edib qələbə ilə evə dönmək arzusuyla döyünür. Verilən tapşırıqları müvəffəqiyyətlə yerını yetirir, döyüş igidliyinə görə fərqlənir. Torpaqlarımızın qoruması naminə bir-neçə dəfə gücünü düşmənə göstərir. Həm də çətin anda, bəd ayaqda əsgər dostlarına ehtibarlı arxa, dayaq olur. Hər şeydən əziz bildiyi vətənə borcunu şərəflə verib,yaşadığı Kərgəlan kəndinə qayıdır.
Vətənin igid oğlu Lənkəranda hər yerdə, hər zaman hörmətlə qarşılanır, onunla qürur duyurlar.Ramin xalqına fayda verməkdən başqa bir yol tanımır. Torpaqdan yapışır, zəhmətdən usanmır. Həyatda nə edirsə, sevgi ilə edir. Heç də hamıya qismət olmayan qabiliyyəti zəhmət meydanında da ona uyğur gətirir, xeyirxah əməlləri, gərəkli işləri çoxunun əlindən tutur. Ülvi məqsədlərlə illəri yola salır.Sevdiyi-seçdiyi qızla ailə həyatı qurur. Fatimə, Ruqiyyə adlı qızları dünyaya gəlir. Günləri nə qədər xoş keçsə də, canından çox sevdiyi vətən torpaqların yağı tapdağında olması Ramini narahat edir, içini yandırır, hər an erməni cəlladlarindan qisas almaq üçün məqam axtarır. Axırda namərd qonşuların xəyanətinə dözməyib ailədə məsləhətləşib, onların xeyir- duası ilə 2008-ci ildə müddətdən artıq hərbi xidmətə gedir. Lazımi döyüş vərdişləriinə yiyələndikdən sonar cəbhənin ən qaynar nöqtəsinə yollanır və düşmənə sonsuz nifrətlə qisas gününə hazırlaşır. Elə bu ali məqsədlə vətən məhəbbəti, torpaq sevgisi daha da qəlbinə, ruhuna, hərəkətlərinə, davranışına hopur.
8 ilik əsgər həyatı çoxuna nümunə göstərilir. Yağı tapdağında qədim yurd yerlərimizin tezliklə azadlığı üçün daim döyüşçü peşəsini təkmiləşdirir. Onu komandir kimi də yüksək dəyərləndirirlər. Tabeliyində
olan əsgərlərə qayğısını əsirgəməyən manqa komandiri həm də örəndiklərini onlara böyük həvəslə öyrədir. Təlimlərin yekunlarına görə çavuş Raminin manqası öncülər sırasında olur. Yaxşı dərk edir ki, yüksək dəyərlərə, döyüş ruhuna malik əsgərlərimizin hünərilə ölkəmizin ərazi bütövlüyü mütləq təmin olunacaq. Ulu öndər Heydər Əliyevin “ Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini,vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissləri hər şeydən üstün tutulmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə və hər an qələbəyə nail ola bilər”müdrik kəlamlarını gündəlik fəaliyyətində rəhbər tutur.
Vaxt tapıb evlə də əlaqə saxlayır. Atası Süieyman kişi ilə həmişə qürurla danışır. Bir dəfə isə deyir:
-Ata məndən arxayın olun. Mən möhtəşəm bir ordunun əsgəriyəm. Əsgər dostlarım da torpaq uğrunda canından keçməyə layiq igid ərdirlər. İndi Ali Baş Komandan hər bir əsgərin qayğısı ilə şəxsən özü maraqlanır. Milli Ordumuz Ali Baş Komandanın döyüş əmrini gözləyir. Ordumuz o qədər qüdrətlidir ki, daha ölməyə yox, yalnız öldürməyə gedəcəyik. Tezliklə düşməndən qisas alınacaq.Əmin olun ki, o gün cox da uzaq deyil.
Bəli, Raminin gücünü erməni dığalarına göstərmək məqamı günbəgün yaxınlaşırdı. Düşmən Füzuli rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyindən böyük qüvvə ilə hücuma keçir. Hətta dinc əhaliyə də güllə atırlar. 
Yeni açılan 1 aprel günü… Qisas almağın ən mühümü, ən vacibi. Ramin dəstəsiylə döyüşə atılır.Düşmənə endirilən ilk zərbə nəticəsini göstərir. Dığalar ordumuzun gücünü görür. Çavuş Ramin dəstəsilə Lələtəpə yüksəkliyin alınmasında igidliklə, geriyə baxmadan irəliləyir. Füzuli istiqamətində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilir. Ramin lap öndə döyüşür. Xançinar ətrafında beş dayaq məntəqəsi ermənidən təmizlənir. Komandir mayor Amil Göyüşov, gizir Daşqın İbrahimov, çavuşlar Təyyar Həsənov, Ayaz Hüseynov qələbəyə inamla, intiqam hissilə vuruşurlar. Təşvişə düşən düşmən gəbərə-gəbərə qaçmağa başlayır. Ramin ermənilərlə amansiz mübarizə aparır. Rəşadətlə vuruşur.Təəssüf ki, çox saylı mərmi qəlpəsindən ağır yaralanır. Tez onu Əhmədbəyli hospitalına aparırlar. Ağır olsa da, hospitalda həkimlər ümidverici hec nə demirlər. Müdafiə Nazirliyinin hərbi vertolyotu ilə Bakıdakı Silahlı Qüvvələrin Mərkəzi Hospitalına çatdırırlar. 
Ramin düşməndən yaxşı qisas almışdı. Qaldı ki, işğal altında olan torpaqlar hələ onun üçün böyük nisgil idi.Onun yenidən həyata qayıtmasına səbəb bu nisgil, vətən eşqi olur. Sağ qalması əsl möcüzədir.Dörd ay müalicədən sonra ailəsinin görüşünə gəlir.
Yaraları hələ tam sağalmayıb. Müalicəsini davam edir. Bütün ağrılara baxmayaraq Raminin ən böyük arzusu vətən torpaqların düşmən tapdağından azad edilməsidir. Buna görə də son nəfəsə qədər düşmənlə vuruşa hazırdır. 
Belə mərd oğullarla fəxr etməyə dəyər.


Zəfər Orucoğlu, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
” Qızıl qələm”, “Xalqın nüfzlu ziyalısı”, “ İlin vətənpərvər adamı” media mükafatçısı

Xəbər xətti