“Bu misli görünməmiş bir ədalətsizlik idi"

17:08 - 19 Yanvar 2017 - MEDİA

Dünən Mətbuat Şurasının təşəbbüsü ilə “Bir mətbuat konfransının tarixi” adlı sənədli filmin təqdimatı keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafında Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri, media rəhbərləri və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Ə.Amaşov bildirib ki, 1990-cı il 20 yanvarında heç bir xəbərdalıq etmədən Bakıya daxil olan sovet qoşunları görünməmiş faciə törədiblər: “Bu misli görünməmiş bir ədalətsizlik idi. Sadə insanların üzərinə güclü silahlanmış ordu göndərilmişdi. Məqsəd Azərbaycan xalqının milli azadlıq hərəkatını, müstəqillik istəyini beşikdəcə boğmaq idi. O zaman Azərbaycan televiziyasının enerji bloku partladılmışdı, televiziya işləmirdi, Azərbaycan xalqı təklənmişdi. İlk səs Moskvadan gəldi. Yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və mətbuat konfransı keçirərək bu hadislərə ilk siyasi qiymət verdi. Bu hadisələrin günahkarlarının cəzalandırılmasını tələb etdi. O zaman hələ Sovet İttifaqı dağılmamışdı. Heydər Əliyev böyük cəsarət nümayiş etdirdikdən sonra dünya mediasında 20 yanvar faciəsi haqqında məlumatlar getməyə başladı və Azərbaycan xalqının haqq səsi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı”. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, filmdə hər şey canlı formada əks olunub: “Bu film müxtəlif dillərə tərcümə olunmalı və televiziya kanallarında nümayiş etdirilməlidir”. Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin o zaman göstərdiyi fədakarlıq və cəsarət haqqında danışıb və bildiriblər ki, baş vermiş hadisələr filmdə geniş şəkildə əks olunub. “Bir mətbuat konfransının tarixi” sənədli filmində bütün bu məqamlara nəzər salınıb, ulu öndər Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilib, həmçinin dövrün şahidləri olan şəxslərin fikirləri yer alıb.

Qeyd edək ki, sənədli filmin məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi “Qulp studio” tərəfindən hazırlanıb.

Xəbər xətti