Maşallah Əhmədovun məhkəməsinin vaxtı bilindi

16:00 - 19 Yanvar 2017 - Xəbər

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun işi üzrə növbəti məhkəmə prosesinin vaxtı müəyyənləşib. Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə məhkəmə prosesi yanvarın 24-nə təyin edilib. Həmin gün məhkəmənin M.Əhmədova hökm oxuyacağı gözlənilir. Xatırladaq ki, M.Əhmədovun işi üzrə məhkəmə prosesi bir neçə dəfə təxirə salınıb. Ötən il dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Əhmədova hökm oxunmalı idi. Bakıdakı özəl klinikalardan birindən məhkəməyə daxil olan arayışda göstərilib ki, M.Əhmədov səhhətindəki ciddi problemlərlə bağlı klinikaya yerləşdirilib və onun bu səbəbdən də məhkəmədə iştirakı mümkün deyil. M.Əhmədovun böyrəyində problem yarandığı bildirilirdi. Bundan sonra məhkəmə prosesi yanvarın 13-nə təyin edilsə də, hakimin səhhətində problem yarandığı bildirilərək növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə düşmüşdü. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi tərəfindən M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarılıb.

Xəbər xətti