KİV: “Dağlıq Qarabağa qanunsuz səfər edən bloger Azərbaycandan üzr istəməyə hazırdır”

11:12 - 19 Yanvar 2017 - SİYASƏT

“İsraildən olan bloger Aleksandr Lapşin Dağlıq Qarabağa qanunsuz səfər etməsi ilə bağlı Azərbaycandan üzr istəməyə hazırdır və bununla bağlı üzrxahlıq məktubu da hazılayıb”. “Report” xəbər verir ki, bunu “Haarets” qəzeti yazıb. İnformasiyaya əsasən, İsrailin Xarici İşlər Nazirliyi Aleksandr Lapşinlə bağlı Azərbyacan hökumətinə müraciət edib.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun dövlətlərarası axtarışa verdiyi Aleksandr Lapşin barəsində Minsk məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

A.Lapşin Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Xatlırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Xəbər xətti