İslam Həmrəyliyi Oyunları ilə bağlı profilaktik tədbirlər görüləcək - RƏSMİ

15:23 - 18 Yanvar 2017 - Xəbər

May ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı lazımi profilaktik tədbirlər görüləcək.Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bu gün keçirilmiş mətbuat konfransında deyib. A.Əliyeva bildirib ki, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər və may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün lazımi tədbirlər görülür və yalnız Səhiyyə Nazirliyi deyil, eləcə də Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və aidiyyəti qurumlar tərəfindən bütün profilaktik tədbirlər həyata keçiriləcək. A.Əliyevanın sözlərinə görə, Azərbaycandan başqa ölkələrə gedən, yaxud da bizim ölkəyə gələn xarici vətəndaşlar çox olduğundan ölkə ərazisinə virus tipli xəstəliklərin qeydə alınması halları ola bilər: “ Yəni hansısa vətəndaş xarici ölkədən geri qayıtdıqda xəstə qayıda bilər. Miqrasiya halları ilə əlaqədar respirator infeksiyaların, yüngül keçən qrip viruslarının ölkəyə gəlmə ehtimalı olsa da, bu, təhlükəli deyil. Bu gün heç bir ölkədə, eləcə də Rusiyada qrip virusu ilə bağlı pandemik vəziyyət qeydə alınmayıb. Bununla bağlı heç bir qorxu və narahatlıq müşahidə olunmur”. A.Əliyeva bildirib ki, ötən ilin dekabr ayında mövsümlə əlaqəli xəstəliklərin sayında bir qədər artım var idi. Lakin artıq onların sayı iki dəfə azalıb. Bundan başqa, ölkə ərazisində xüsusi təhlükəli infeksiyalara tək-tək hallarda rast gəlinir. Bunlara brüsselyoz, qara yara və quduzluq xəstəliyi aiddir.

Xəbər xətti