Azərbaycanda dini radikalizm yoxdur

18:30 - 18 Yanvar 2017 - KİVDF

Radikalizm gücləndiyi yerdə heç bir dialoqdan söhbət gedə bilməz 


"Bu gün yaşadığımız regionun ətrafında baş verən hadisələr fonunda radikalizm deyilən bir anlayış özünü açıq şəkildə göstərir və çox təəssüf ki, bu, İslam dini radikalizmi formasında bəşəriyyətə təqdim edilir". Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın yaşlı vətəndaşları radikalizmin nə olduğunu, onun sülh və sabitlik üçün nə qədər təhlükəli olduğunu yaxşı bilirlər: "Azərbaycanda dini radikalizm olmayıb, amma siyasi radikalizm Azərbaycana böyük ziyanlar gətirib. Bunu yaşlı nəsil daha yaxşı bilir. Radikalizm vətəndaş dialoqunu və cəmiyyətin normal inkişafını pozur. Onun gücləndiyi yerdə heç bir dialoqdan söhbət gedə bilməz və sonu fəlakətdir. Azərbaycan cəmiyyəti bunun ölkəmizə hansı zərbələr vurduğunu yaxşı dərk edir".

Baş nazirin müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlməsi siyasi radikalizmə son qoyulmasına səbəb oldu və Azərbaycanın sabit inkişafının əsası qoyuldu. Ə.Əhmədov hesab edir ki, bir sıra müsəlman və şərq ölkələrində dini radikalizmin meydana gəlməsinin əsas səbəblərindən biri dinin ictimai-siyasi tənzimləyici rolunu oynamağa çalışmasıdır: "Azərbaycan cəmiyyəti üçün xas olmayan bu halların ölkə cəmiyyətinə gəlmək ehtimalı olmasa da, bu, bizi həmişə ayıq-sayıq olmağa, hər şeyi diqqətdə saxlamağa vadar edir". YAP-ın icra katibi bildirib ki, din milli-mənəvi dəyərlərin nüvəsini təşkil edir: "Məsələn, 150-200 il əvvələ qayıtsaq, ovaxtkı azərbaycanlılar özlərini daha çox müsəlman kimi hiss edirdilər, nəinki sırf azərbaycanlı kimi. İndinin özündə də elə İslam dininə məxsus cəmiyyətlər var ki, insanlar özlərini daha çox müsəlman kimi təqdim edirlər. Amma bununla belə elə cəmiyyətlər, xalqlar var ki, onlar özlərini artıq dinlə identifikasiya etmirlər. Məsələn, yaponlar, almanlar buna misaldır".
Bu məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Milli Məclisdə Azərbaycan qanunvericiliyinə dindən siyasi məqsədlər üçün istifadə etmək istəyən qrupların qarşısını almağa yönəlmiş kifayət qədər dəyişiklik edilib. Onun sözlərinə görə, dindən siyasi məqsədlər üçün istifadə cəhdləri həmişə olub. "Müasir dünyamızda da bununla bağlı kifayət qədər misallar göstərə bilərik. İstər xristian, istər İslam, istərsə də iudaizm dini pərdəsi altında ekstremist və radikal qruplar dindən vasitə kimi istifadə etməyə cəhd ediblər və bu cəhdlər bundan sonra da ola bilər. Bundan heç kim sığortalanmayıb. Lakin Azərbaycanda bu kimi cəhdlərin qarşısı alınmalıdır və alınacaq. Bunun üçün bizim kifayət qədər gücümüz də var. Birincisi, qanunvericilikdə dəyişikliklər. "Dini etiqad azadlığı haqqında" qanuna 13-14 əlavə və dəyişiklik edilib. Bu dəyişikliklər insanların dini inanclarını, onların dini ayinlərinin icrasını, məscid, sinaqoq və kilsədə fəaliyyətini məhdudlaşdırmağa yönəlməyib. Onların ana xəttində məhz dindən radikal, dağıdıcı, ekstremist məqsədlər üçün istifadəni məhdudlaşdırmaq dayanır. Bəzi ölkələrdə öz dini, milli ənənələrini, xüsusilə, dindən gələn, hətta klassik dini qaydaları qorumaq üçün qanunlar qəbul edilib. Avropanın bəzi ölkələrində belə nümunələr var. Yəni ölkələr öz tarixi keçmişini, milli adət-ənənələrini nəzərə alaraq bu ənənələrdən kənara çıxan, hansısa xırda qrupların təşviqat və təbliğatını məhdudlaşdırıblar. Xüsusilə, belə təcrübə xristian ölkələrində daha çoxdur. Xristianlıqda iki böyük cərəyan - katolik və pravoslavlar, bundan əlavə, protestantlar, lüteranlar, babtistlər, adventistlər var. Buddizmin də içində çoxlu cərəyanlar var. İslam və xristianlıqdan fərqli olaraq, buddizm öz daxilində yaranan cərəyanlara qarşı dini mərkəzləşdirmək üçün mübarizə aparmır. Lakin İslam və xristianlıq dini öz içərisində parçalanmanın qarşısını almaq üçün özünüqoruma instinktinə uyğun fəaliyyət göstərir. Təsəvvür edin ki, xristianlıqda Roma Papasının və ya pravoslav kilsəsinin rəhbərliyinin inkar etdiyi kiçik dini qruplar Azərbaycana gəlib istəyir ki, burada missionerlik etsinlər. Mən o adamlara üzümü tutub deyirəm ki, Azərbaycan dini missionerlik meydanı deyil. Çünki Azərbaycan klassik İslam ölkəsidir və burada İslam ənənələrinə söykənən və 7-ci əsrin ortalarından etibarən formalaşan bir toplum var. Bu toplumda missionerlik etmək çox əcaib bir şey olardı. Siz missionerliyi səmavi dinlərin fəaliyyət göstərmədiyi yerlərdə edə bilərsiniz. Dünyada 3,5 milyard nəfər səmavi dinlərə mənsubdur. Siz gedin, qalanlarının içində missonerlik edin".
 Komirtə sədri bildirib ki, həm ölkəyə daxil olan və ölkədə nəşr olunan kitabların, həm də dini məmulatların satışı ilə bağlı lisenziyalaşdırma aparılmalıdır. Bu sahədə müəyyən lisenziyalaşdırma sistemi tətbiq olunmalıdır. "Digər sahələrdə, iqtisadi sahədə hər hansı qeyri-ənənəvi dini qruplar öz gəlirlərini, əldə etdikləri vəsaitləri bizim ənənəvi İslami dəyərlərimizin əleyhinə təşviqat üçün sərf edirlərsə, bu zaman onlara qarşı iqtisadi xarakterli müəyyən addımlar atılmalıdır. Qanunvericilikdə bu istiqamətlər üzrə zaman-zaman dəyişikliklər edilir. Biz bu sahədə hər hansı boşluq gördükdə dərhal onu aradan qaldırmalı, problemi həll etməli və qarşısını almalıyıq".
 Mübariz Qurbanlının sözlərinə görə. ölkəmizdə qeyri-ənənəvi İslami qrupların, cərəyanların yayılmasına qarşı dayanan qurumlardan biri də Qafqaz Müsəlmanları İdarəsidir. "Bu idarə öz fəaliyyətində bu istiqamətində müəyyən addımlar ataraq bunun qarşısını alıb. Lakin QMİ-dəki din xadimləri, yerlərdəki axundlar, imamlar, qazilər bunu yalnız dini maarifləndirmə yolu ilə həyata keçirə bilir. Onların qeyri-ənənəvi cərəyanları qadağan etməyə və ya onların fəaliyyətlərini məhdudlaşdırmağa hansısa əlavə səlahiyyətləri yoxdur.
 Azərbaycan müstəqillik əldə edən zaman ölkədə cəmi 17 məscid var idi. Hazırda Azərbaycanda 2050-dən çox məscid var. Bu məscidlərin kimin, hansı qurumun balansında olması mühüm məsələdir. İndiki qaydalara əsasən, məscidlərin bir qismi QMİ-nin, böyük hissəsi isə yerlərdə bələdiyyələrin və dini icmaların öhdəsindədir. Burada yayğınlıq var. Hesab edirəm ki, məscidlərin kimin balansında olması məsələsində sərt mərkəzləşməyə ehtiyac var. Məscidlərin idarəçiliyi müəyən vahid qurum çərçivəsində həyata keçirilməlidir. Biz hesab edirik ki, bu sahədə böyük bir iş getməli, məscidlərin idarəçiliyi sistemli şəkildə mərkəzləşməlidir. Məscidlərin dini idarəçiliyi təbii ki, QMİ-nin tabeliyindədir və buna heç kimin müdaxilə etmək niyyəti və iddiası yoxdur. Bu sırf dini məsələdir. Amma məscidlərin idarəçiliyində icmaların birbaşa iştirakı məsələləri var. Bütövlükdə məscidin mülkiyyət olaraq sahibliyi məsələsi öz həllini ciddi şəkildə tapmalıdır".
 Azərbaycanda olan söz, fikir, əqidə azadlığından istifadə edən bəzi şəxslərin mediada, sosial şəbəkələrdə ateist adı altında dindarları təhqir etməsi, ələlxüsus da İslam dininə qarşı təbliğat aparmaqla yanaşı, dini və onun müqəddəslərini təhqir etmələrinə toxunan komitə sədri bildirib ki, bu, tamamilə yolverilməzdir. "Bununla bağlı Azərbaycan qanunvericiliyində konkret cəzalar nəzərdə tutulur. Ötən il Azərbaycan qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, artıq vətəndaşlar internetdə, sosial şəbəkələrdə böhtan, təhqir və ya təxribat xarakterli nəsə paylaşsalar, buna görə cinayət məsuliyyətinə cəlb olunacaqlar. O cümlədən, Azərbaycan qanunvericiliyinə əsasən, ölkədə milli, dini, irqi qarşıdurma yaradanlar da cinayət məsuliyyətinə cəlb olunurlar.

Xəbər xətti