"İnşaatçılar" stansiyasının 1-ci vestibülü təmirə bağlanır

12:43 - 18 Yanvar 2017 - Xəbər

Metronun "İnşaatçılar" stansiyasının 1-ci vestibülü təmirə bağlanır. "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, 1986-cı ildə istifadəyə verilmiş “İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olduğundan stansiyanın I vestibülünün estetik görünüşü köhnəlib, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin, həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb:
"Bunları nəzərə alaraq “İnşaatçılar” stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq, sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. 2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunub və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilib. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq. “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “İnşaatçılar” stansiyasının I vestibülü (ATS tərəf) 23 yanvar 2017-ci il tarixində saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (“20 Yanvar” tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq".
I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.
“Bakı Metropoliteni” QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.


Xəbər xətti