DYP: Cəriməni ödəməyən piyadalar məhkəməyə verilib

12:17 - 18 Yanvar 2017 - Xəbər

 Bu günədək təyin edilmiş cəriməni ödəməyən piyadalar məhkəmə qarşısında cavab verməli olacaqlar. "Report" xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
"Bir çox piyada təyin olunmuş cərimə məbləğini ödəməyib. Buna görə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət edilib. Qəbul edilmiş qərar nəticəsində həmin cərimələr ödəniləcək. Heç kim düşünməsin ki, cərimələri ödəməməklə məsuliyyətdən yayınacaq. Kimliyindən asılı olmayaraq hər kəs cəriməsini ödəməlidir", - deyə V.Əsədov qeyd edib.
Piyadaların hüquq və vəzifələrinin "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsi ilə tənzimləndiyini xatırladan V. Əsədov bildirib ki, bu maddənin tələbləri pozulduqda piyadalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar: "Eyni zamanda şəhər daxilində tikilmiş yeraltı, yerüstü piyada keçidlər, piyada xətləri yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb, yaxın məsafələrdə xidmət aparılır. Yol hərəkət qaydalarını pozan piyadalar aşkar edilərək, məsuliyyətə cəlb olunurlar".
Şöbə rəisinin sözlərinə görə, 2016-cı ildə təhlükəsizliyin təmin edilməsi, xüsusilə piyadaların avtomobillərlə vurulması faktlarının qarşısının alınması üçün tədbirlər keçirilib və 130 mindən artıq piyada saxlanılaraq məsuliyyətə cəlb olunub. 

Xəbər xətti