Gürcü ekspertlər: Gürcüstan təbii qaz məsələsində Azərbaycana arxayındır

11:21 - 18 Yanvar 2017 - İQTİSADİYYAT

“Qazprom”la Gürcüstan hökuməti arasında Ermənistana satılan təbii qazın nəqlinə görə, ödənişlər barədə razılığın əldə olunması bu gün Gürcüstanda müzakirə olunan ən aktual məsələlərdəndir. “Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan hökumətinin “Qazpromun” Ermənistana satdığı təbii qazın nəqlinə görə nağd pul ödəməsi təklifinin qəbul olunması gürcü ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Ölkənin müxalifət partiyaları bu razılaşmanı birmənalı olaraq ölkənin müstəqilliyinə və enerji təhlükəsizliyinə təhdid kimi qiymətləndirirlər. Müxalifət liderlərinin və ekspertlərinin fikrincə, Gürcüstanın güzəştə getməsi ölkənin enerji təchizatını zəiflədəcək, bir sıra ciddi problemlərə yol açacaq.

Maraqlıdır ki, Gürcüstan Prezidenti də hökumətin “Qazprom”la razılaşmasını tənqid edib.

Prezidentin mətbuat katibi Eka Mişveladze yanvarın 17-də keçirdiyi brifinqdə deyib ki, bu müqavilənin imzalanması ilə ölkənin enerji sektoru zəifləyib, Gürcüstanın iqtisadi və siyasi maraqları zərər görüb: "Bu, gələcəkdə bizə bir sıra problemlər yarada bilər".

Prezident bunları nəzərə almaqla, parlamentə müraciət edərək lazımi addımlar atmağı tövsiyə edib. Bildirib ki, ölkəni üzləşə biləcəyi risk və təhlükələrdən qorumaq üçün parlament Konstitusiya ilə təsbit olunmuş funksiyasını yerinə yetirməlidir.

Lakin prezidentin və müxalifətin fikirlərinin əksini düşünənlər də var.

Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya bildirib ki, müqavilədə Gürcüstanın Rusiyadan təbii qaz alması barədə öhdəlik nəzərdə tutulmayıb: "Azərbaycandan lazımı qədər qaz almaq imkanımız var və bu da, bizə başqa mənbədən mavi yanacaq almaq zərurəti yaratmır".

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze də bildirir ki, yeni müqavilə Gürcüstanın Rusiyadan enerji asılılığını artırmayacaq. Yalnız ödənişin forması dəyişir və Gürcüstan bu il “Qazprom”dan həm təbii qaz, həm də nağd pul alacaq. Onun sözlərinə görə, soyuq havalarda, payız-qış mövsümündə Gürcüstan daxili tələbatını ödəmək üçün “Qazprom”dan 1000 kubmetri 185 dollara olmaqla, mavi yanacaq ala bilər. Lakin 2018-ci ildən bütün ödəmələr nağd şəkildə həyata keçiriləcək.

Energetika sahəsində tanınmış ekspert Qiya Arabidze hesab edir ki, “Qazprom”la yeni müqavilə həqiqətən də Gürcüstan üçün nəyinsə dəyişməsinə səbəb ola bilər: "Amma bu, bizim qaz təminatımızda fəlakətə səbəb olmayacaq. 2018-ci ildə “Şah Dəniz” layihəsinin tam işləməsi, yeni qaz anbarının tikintisi Gürcüstana 2019-cu ildə “Qazprom”la daha ciddi və bizim üçün sərfəli danışıqlar aparmaq imkanı yaradacaq".

Digər ekspert Andriya Qvidaniya hesab edir ki, Gürcüstan gec-tez “Qazprom”un təklifini qəbul etməli idi. Düzdür, qazın nəqlinə görə, Gürcüstanın da xammal alması daha sərfəli idi. Amma hazırda bütün ölkələrə tranzit daşınmaları üçün pul ödənilir. Ona görə də Gürcüstan da bundan qaça bilməzdi.

Bəzi siyasətçilərin fikrincə, Gürcüstanın “Qazpromun” təklifini qəbul etməsinin başqa səbəbləri var. Tarixçi alim Quram Marxuliya hesab edir ki, səbəblərdən biri və başlıcası Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və Azərbaycandan alınan mavi yanacağın həcminin artmasıdır.

"Bu gün Azərbaycan qonşu Gürcüstanın təbii qaza olan tələbatının ödənilməsində əsas mənbədir. Gürcüstan Azərbaycana arxayındır və ona görə də belə bir addım atıb" – deyə o bildirib.

İqtisadçı ekspert Zurab Meradze isə vurğulayıb ki, Gürcüstanın güzəştə getməsinin kökündə Azərbaycan dayanır: "Azərbaycandan alınan qazın həcminin ilbəil artması, yeni enerji layihələrinin reallaşdırılması Gürcüstan hökumətinə belə bir addım atmağa imkan yaradıb".

Onun sözlərinə görə, bu gün Gürcüstanın təbii qaza olan illik tələbatı 2,5 milyard kubmetrdir. Bunun əsas hissəsi, təqribən 80 faizi Azərbaycandan nəql olunur. Qalan 12-15 faiz isə “Qazprom"un Ermənistana satdığı qazın nəqlinə görə tranzit haqqı kimi alınır.

Ekspert deyir ki, “Qazprom” hələ 2012-ci ildən Ermənistana satdığı qazın nəqlinə görə, Gürcüstana nağd pul ödəmək istəyirdi. Amma Gürcüstan “Qazprom”dan Ermənistana satdığı ümumi qazın 10 faizi həcmində mavi yanacaq tələb edirdi. Bu müqavilə hər il yenidən imzalanırdı.

Sonuncu müqavilənin müddəti 2016-cı ildə başa çatıb. Tərəflər arasında yanvarın 10-da keçirilən son görüşdə “Qazprom” təbii qazın nəqlinə görə, Avropa İttifaqına üzv ölkələrə ödədiyi tranzit haqqı kimi Gürcüstana nağd ödəmə təklifini qəbul etdirə bildi. Bu zaman tərəflərin heç birinin təbii qazın nəqlinə görə nə qədər pul və ya mavi yanacaq ödəniləcəyi barədə konkret rəqəm söyləməməsi ölkədə ciddi narahatlıq yaradır.

Siyasətçilər hesab edirlər ki, Gürcüstan hökuməti özünün enerji təminatının yaxşılaşdırılması istiqamətində mühüm və təxirəsalınmaz addımlar atmalıdır. Azərbaycan Gürcüstanın əsas qaz təminatçısıdır. Azərbaycan strateji tərəfdaşı olan Gürcüstana satdığı təbii qazı min kubmetri üçün qiymətləri endirib. Eyni zamanda, Azərbaycandan alınan “mavi yanacağın” həcmi də artırılıb. Buna baxmayaraq Gürcüstan yeni mənbələr axtarmalı, özünün enerji təhlükəsizliyini təmin etmək üçün daha böyük işlər görməlidir.

Onların fikrincə, tədbirlərdən biri də yeraltı qaz anbarının tikintisidir. Gürcüstan hökuməti bu barədə qərar qəbul edib. Anbar üçün artıq yer də müəyyənləşib və anbarın ilkin sxemi də hazırdır.

Təqribən 300 milyon kubmetr tutumu olacaq yeni anbar Gürcüstanın təbii qaza olan illik tələbatının 15 faizini ödəməyə imkan verəcək. Anbarın tikintisinə 2018-ci ildə başlanılması və işlərin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. Onun istifadəyə verilməsi Gürcüstanın qaz defisitinin aradan qaldırılmasında və gözlənilməz mənfi hallardan sığortalanmasında mühüm rol oynayacaq. Bu anbar Azərbaycan qazı hesabına doldurulacaq.

Bundan başqa, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsi işlərinin 2019-cu ildə başa çatdırılması Gürcüstanın Azərbaycandan əlavə həcmdə təbii qaz almasına imkan yaradacaq. Bu da Gürcüstanın başqa ölkələrdən enerji asılılığını tam aradan qaldıracaq.

Xəbər xətti