Tolerantlıq "Qurani-Kərim"in özündə geniş yer tapıb

18:17 - 17 Yanvar 2017 - KİVDF

Bizim milli dəyərlərimiz, tariximiz imkan verir ki, İslam dininə və Azərbaycana zərər verən hansısa cərəyanların yayılmasının qarşısı alınsın

Belə bir şəraitdə, belə bir dinin daşıyıcı olan toplumun içində hansısa qruplar meydana gələrək qeyri-islami və qeyri-ənənəvi metodlarla bu ülvi hissləri gözdən salmaq istəyir. 
Tolerantlıq və multikulturalizm eyni zamanda demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Sabitliyə təhlükəyə qarşı isə ardıcıl mübarızə aparılır. Məsələn, Azərbaycanın dini radikallığa qarşı üç istiqamətdə mübarizə aparılır- ideoloji mübarizə, iqtisadi və hüquqi müstəvidə gedən mübarizə. Bu mübarizə sistemli şəkildə digər qurumlarla əlaqəli şəkildə davam etdirilir. "Bütövlükdə dinin yaratdığı fəsadlar var. Dində iki fəsad var, - bir dini xurafat var, mövhumat da deyirik buna, bir də radikalizmi var, yəni dinin siyasiləşməsi var. Dini radikalizmi və dini xurafat, bu bir medalın iki üzvüdür. Buna qarşı mübarizədə, əlbəttə Cəlil Məmmədquluzadələr də, Mirzə Ələkbər Sabirlər də, Nəriman Nərimanovlar da, - Azərbaycanın işıqlı ziyalıları zamanında olubdur. Onlar dini mövhumata və dini xurafata qarşı öz əsərləri ilə ciddi mübarizə aparıblar. Dini xurafata qarşı bu gün də, Azərbaycanda mübarizə var, bu gün də Azərbaycanın ziyalıları içərisində bu cür yazılar yazanlar var, filosoflarımız var. Bu cür düşünən və dini xurafatın zərərlərini görərək onun əleyhinə təşviqat aparanlar var, mediada çıxışlar var və sairə. Dini radikalizmi başqa bir təzahürdür. Dini radikalizmə qarşı mübarizədə çox böyük rol oynayan məsələlərdən biri, həmin radikal dini qrupların iqtisadi bazasının çökdürülməsidir. Çünki, burada iqtisadiyyat çox önəmli yer tutur. DAİŞ və digər radikal qrupların iqtisadi bazası çökdürülərsə, onlar qısa zamanda aradan çıxacaqlar. Çünki, iqtisadi baza, yeni şəxslərin cəlb edilməsi, satın alınması, silahların alınması və sair amillərdə böyük rol oynayır. Ona görə də, biz iqtisadi bazanın çökdürülməsi, ideoloji baxımdan dini radikal qrupların islama aid olmaması, eyni zamanda hüquqi müstəvidə hüquq-mühafizə orqanları vasitəsi ilə bu cür radikal qruplara qoşulub qanunları pozanlara qarşı cinayət işlərinin qaldırılaraq Azərbaycan məhkəmələri vasitəsi ilə onların müəyyən müddətə cəzaya məruz qalması kimi addımlar atırıq",- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, dini maarifləndirmə sahəsində çoxsaylı tədbirlər həyata keçirilir. "Bu layihələr dini icmalar vasitəsi ilə reallaşdırılıb. Eyni zamanda, dini maarifləndirməni region ölkələri ilə koordinasiya etmək məqsədi ilə, biz İran İslam Respublikası, Türkiyə Cümhuriyyətinin müvafiq dini qurumları ilə, Gürcüstanın dini qurumları ilə, həmçinin Mərkəzi Asiya ölkələrinin dini qurumları ilə vaxtaşırı fikir mübadiləsi aparmışıq. Mənim dini komitənin sədri olaraq İrana, Türkiyəyə səfərlərim olub. Dini komitənin sədr müavinləri Tacikistanda, Türkiyə, Rusiya və sair ölkələrdə, o cümlədən Dağıstanda keçirilən tədbirlərdə iştirak edib. Bu yolla biz koordinasiyanı həyata keçiririk. Dini radikalizmə qarşı mübarizə ilə əlaqədar öncə dedim, burada üç istiqamət var. Bu istiqamətlərin biri digərini tamamlayır və bunun birini digərindən ayırmaq mümkün deyil. Dini radikalizmin kökünü kəsmək üçün islami dəyərləri olduğu kimi insanlara çatdırmaq lazımdır. Burada biz, Qafqaz Müsəlmanları İdarəsi ilə birgə hərəkət edirik. Qafqaz Müsəlmanları İdarəsi ilə bizim birgə tədbirlər planızmız var. Həm də Azərbaycanda məscidlərdə çalışan din xadimlərinə xüsusi kurslar təşkil olunur. Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və eyni zamanda Şeyxülislam Allahşükür Paşazadənin birbaşa iştirakı ilə müxtəlif bölgələrdə konfranslar və tədbirlər keçirilir. Eyni zamanda da bizim hüquq-mühafizə orqanları ilə tədbirlər planımıza uyğun olaraq hüquqi müstəvidə radikal dini qruplara qarşı mübarizənin koordinasiya olunması istiqamətində işlər aparırıq",-",- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki,, Azərbaycana "İslam dövləti" kimi qruplaşmaların  ayaq açmasına imkan verilməyəcək. "İslam dünyasında zaman-zaman xırda qruplar meydana gəlib və bu cür qruplara qarşı İslamın klassik formada mövcud olduğu ölkələrdə həqiqi mənada ciddi mübarizə gedib. Xırda "İslami" qruplara qarşı Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrdə həmişə mübarizə aparılıb. Çünki həmin "İslami" qruplar adı altında fəaliyyət göstərənlər son nəticədə "əl-Qaidə"nin, "Taliban"ın və bu kimi terrorçu qrupların yaranmasında ideoloji baza rolunu oynamağa çalışıblar. Eyni zamanda, bu "İslami" qruplar müxtəlif ölkələrdə ictimai-siyasi həyata müdaxilə etməyə çalışıblar. Bu qrupların törəmələrindən birini indi Yaxın Şərqdə hamı tərəfindən pislənən və özlərini "İslam dövləti" adlandıran qrupun timsalında görürük. Hesab edirəm ki, bu qrup İslam dünyasının içində qarşıdurma yaratmaqdadır. Bu qrupun nə istədiyi, hansı məqsədlə yaradıldığı, bütövlükdə fəaliyyətinin İslama nələri verəcəyini hesablasaq, proqnozlaşdırsaq, çox mənfi bir imic gətirdiyini görə bilərik".
Mübariz Qurbanlı bildirib ki, bu gün dünya əhalisinin sayı artıq 7 milyard nəfəri ötüb və onun 50 faizə qədəri səmavi və dünyəvi dinlərdə - İslam, xristianlıq, iudaizm və buddizmdə birləşib. Bunlardan ilk üçü səmavi, buddizm isə geniş coğrafiyada yayılmış qeyri-səmavi dinlərdən hesab olunur. "Bu dinlərin hər biri Allahın vahidliyini, təkallahlığı qəbul edir və tolerantlığa, sülhə çağırır, israfçılığın əleyhinə çıxış edir. Səmavi dinlərin hər bir kitabına, Davudun "Zəbur"undan başlamış Musanın "Tövrat"ı, İsanın "İncil"i və Məhəmməd Peyğəmbər (s.ə.a.s) vasitəsilə Allah tərəfindən bizə nazil olunmuş "Qurani-Kərim"ə baxsaq, onlarda sülh, əmin-amanlıq, bərabərlik, qardaşlıq ideyalarını görə bilərik. Bu dini kitabların ən təkmili təbii ki, "Qurani-Kərim"dir. ""Qurani-Kərim"in özü həm insanlar arasında, həm də insan-hakimiyyət münasibətlərini çox ciddi şəkildə tənzimləyir. "Qurani-Kərim"də 124 min peyğəmbərdən 25-nin adı çəkilir və bütün dinlərə hörmət və ehtiram göstərilir. Yəni tolerantlıq "Qurani-Kərim"in özündə geniş yer tapıb və belə bir şəraitdə, belə bir dinin daşıyıcı olan toplumun içində hansısa qruplar meydana gələrək qeyri-islami və qeyri-ənənəvi metodlarla bu ülvi hissləri gözdən salmaq istəyir. Ona görə də biz buna qarşı çıxırıq. Biz imkan vermərik ki, Azərbaycana da bu cür, məsələn, İŞİD kimi qruplaşmalar ayaq açsın, öz fəaliyyətini genişləndirməyə çalışsın. Azərbaycan dövləti və ictimaiyyəti bunun qarşısını almağa qadirdir. Bizim sosial-iqtisadi inkişafımız indi elə səviyyədədir ki, kimlərsə burada vətəndaşları hansısa şirnikləndirici təkilflərlə öz ətrafına toplaya bilməz. İkincisi, Azərbaycanda hüquq-mühafizə sistemi bu cür hərəkətlərə yol verənlərin qarşısını qanunla ala bilir. Üçüncüsü, Azərbaycan toplumu kifayət qədər dünyəvi savad almış və prosesi dərindən bilən bir toplumdur. Bizim milli mədəniyyətimiz, dəyərlərimiz, tariximiz imkan verir ki, İslam dininə və Azərbaycana zərər verən hansısa cərəyanların yayılmasının qarşısı burada alınsın".

Xəbər xətti