Azərbaycan dövlət-din münasibətləri baxımından nümunə olacaq bir ölkədir

18:12 - 12 Yanvar 2017 - KİVDF

Bu gün Azərbaycan tolerantlıq məkanı kimi dünya dövlətləri tərəfindən qəbul olunur


Müstəqil Azərbaycanda tolerantlıq və multikulturalizm təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət strategiyasının əsasını təşkil edir. Bu siyasətin nəticəsidir ki, Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun əsasları yaradılıb. Məscid, kilsə və sinaqoqların dövlət tərəfindən bərpa olunub, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəklənməsi həyata keçirilir, Azərbaycanda tolerantlıq həyat tərzidir və dinlər və məzhəblərarası müstəvidə qarşılıqlı anlaşma hökm sürür.
Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşayıblar. Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma, yaxud anlaşılmazlıq olmayıb və yoxdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda xalqlar qarşılıqlı hörmət və anlayış şəraitində yaşayıblar. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Azərbaycanda mövcud olan bu tolerantlıq dünya ölkələrinin əksəriyyətində yoxdur. Bunun da müəyyən səbəbləri var. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı hesab edir ki, etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi dinc xarakterli olsa belə, heç də həmişə humanist prinsiplər əsasında həyata keçirilmir. "Bu gah assimilyasiya, gah da izoliyasiya kimi mürtəce mahiyyətli formalarda təzahür edir. Maraqlı cəhət ondan ibarətdir ki, insan hüquqlarına münasibətdə özünü müasir dünyanın “lokomotiv”i sayan dairələr multikulturalizmi ya inkar, ya da imitasiya etməklə təzadlı mövqe nümayiş etdirirlər. Burada tolerantlığın, multikulturalizmin mövcudluğuna iddia edən bir sıra ölkələrdəki situasiyanı izləmək insanda gerçəkliyi əks etdirən təsəvvür yaratmaqla yanaşı, Azərbaycan reallığının rasional və obyektiv dərki baxımından da bir çox məqamlara aydınlıq gətirir. Belə ki, bəzi Qərb ölkələrində multikulturalizm kimi təqdim olunan sosial münasibətin Azərbaycanla formaca oxşar cəhətləri sezilsə də, məzmun etibarilə fərqli səciyyə daşıyır. Azərbaycanda minilliklər boyu dinc, yanaşı yaşamış fərqli dil, din və mədəniyyət daşıyıcıları varlıqlarını günümüzədək qorumuş, hazırda isə cəmiyyətdə bu yöndə mövcud olan pozitiv münasibətə çox mühüm çalar – dövlət siyasəti əlavə olunmuşdur ki, bu da respublikamızda tolerantlıq mühitin uğurlu perspektivlərini təmin edir. Lakin Qərb dünyasında təqdim olunan “multikulturalizm” isə həmin ölkələrə sığınmış qaçqın və ümumilikdə gəlmələrə olan hörmət və ehtiramdan deyil, sadəcə “dözümlü” münasibətdən ibarətdir. Təbii ki, həm regional, həm də qlobal miqyasda müxtəlif cəlbedici adlarla öz mədəniyyətlərinin dominantlığını təmin etməyi hədəfləyən, başqa mədəniyyət daşıyıcılarına assimilyasiya obyekti kimi baxan, cismani, yaxud mənəvi əritmək, yox etmək fəaliyyətlərini tarixən və çağdaş dövrümüzdə dövlət siyasətlərində anoloqsuz ənənə halına salmış eqoist təfəkkürlü qüvvələrin imitasiyalarını multikulturalizmi alternativsiz həyat tərzinə çevirmiş Azərbaycanla müqayisə etmək belə özlüyündə qüsurlu görünür".
Onun sözlərinə görə, tolerantlığın, multikulturalizmin hökm sürdüyü Azərbaycan Respublikası nədənsə bir sıra xarici dairələrdə əsassız ittihamlarla üzləşir, ölkəmizdə hansısa dini cərəyanların sıxışdırıldığı iddia edilir. " Diqqət yetirsəniz, həmin dairələrin müdafiə etdiyi qrupların təbliğatı ölkəmizdə mövcud olan tolerantlıq mühitinə zidd, fərqlilikləri qəbul etməyən, təməl baxışlarında dözümsüzlük dayanan cərəyanları təmsil etdiyi aşkar görünür. Dözümsüzlüyü və başqa inanclara nifrəti aşılayanlara Azərbaycan dövlətinin münasibəti ölkə qanunvericiliyi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların və müqavilələrin müddəaları ilə müəyyənləşir".
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, şübhəsiz ki, bu sahədə Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində davamlı və ardıcıl işlər aparılmaqdadır. "Məlumdur ki, Azərbaycan Respublikasında əhalinin 96 faizini müsəlmanlar, qalan həmvətənlərimiz isə digər dinlərin mənsublarını təşkil edirlər. Ölkəmizdə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir - birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Dövlətin konfessiyalara münasibətində də bərabərlik prinsipi mütləq mənada qorunur. Bu prinsipi ölkəmizdə qeydiyyatdan keçməklə fəaliyyət göstərən dini icmalarınn fəaliyyətinin dəstəklənməsi, onların ictimai həyatın bir parçası kimi cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin görülməsini aydın şəkildə müşahidə etmək olar. Ölkədə 649 dini icma qeydiyyatdan keçmişdir ki, onlardan 24-ü, yaxud 3.7 faizi qeyri-İslam təmayüllüdür"
Prezident İlham Əliyevin sərəncamı ilə hər il ayrılan maliyyə vəsaiti dini maarifləndirmə və mənəvi dəyərləri təbliğ etmə işini daha da gücləndirmək üçün nəzərdə tutulur." Dövlət Komitəsi dini maarifləndirmə işinə bilavasitə dini icmaların özlərini cəlb edərək, onların öz fəaliyyətlərini müvafiq layihələr çərçivəsində qurmaqla bu prosesin hərəkətverici qüvvəsi kimi çıxış edir. Beləliklə, dini icmalar dövlət vəsaiti ilə reallaşdırılan dini maarifləndirmə işinin obyekti yox, icraçısı kimi çıxış edirlər. ..Eyni zamanda, dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri işində də fərq qoyulmadan bütün konfessiyalar diqqətdə saxlanılır. Bu istiqamətdə məscidlərlə yanaşı, kilsə və sinoqoqların dövlət vəsaiti hesabına  tikilməsini də qeyd edə bilərik",- o qeyd edib.
Mübariz Qurbanlı bildirib ki, tolerantlığın, multikulturalizmin Azərbaycan model bir örnək kimi həm regional müstəvidə, həm də beynəlxalq arenada tətbiq edilməlidir və ümidvaram ki,  ediləcəkdir. "Çünki bütün dövrlərdə bəşəriyyətin xilası humanizm prinsiplərində olubdur. Azərbaycan bir dövlət olaraq multikulturalizm kimi humanist dəyərlərini dünyada təbliğ və öz nümunəsində layiqincə tətbiq edir. İnanıram ki, ölkəmizin multikulturalizm sahəsindəki təcrübəsi qısa zaman ərzində dünya ölkələri üçün nümunəvi örnək olacaqdır.
  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanl qeyd edib ki, Azərbaycan dinamik inkişaf yolundadır. "Ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan müsəlman ölkəsi olaraq dövlət-din münasibətləri baxımından nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi dünya dövlətləri tərəfindən qəbul olunur. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük nəticələr əldə etdiyini qeyd edirlər. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi yüksək göstəricilər dövlətin digər sahələrdəki uğurları ilə də səsləşməlidir. Biz çox sürətlə irəliyə getməkdəyik və əldə olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar milli-mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Yəni cəmiyyətin sosial-siyasi həyatında baş verən dəyişikliklər istər-istəməz digər sahələrə də öz təsirini göstərir. Biz iqtisadi sahədə keçid dövrünü arxada qoymuşuq.

Xəbər xətti