Ana səhifə
23 İyun 2017

Regionlarda inzibati icraat və tikinti hüququna dair seminarlar

Səyyad Kərimov: “Gələcəkdə də qanunun tətbiqinə, eləcə də tətbiq zamanı qarşıya çıxan problemlərin həllinə dair icra hakimiyyəti orqanlarının əməkdaşları üçün seminarların keçirilməsinə ehtiyac var”

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində tədricən islahatlar aparılmağa başlanıldı. İctimai münasibətlər yeni müstəviyə qədəm qoyduğundan yeni qanunlar qəbul edildi, bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edildi. Azərbaycanın hüquq sisteminə yeni qanunlarla birlikdə yeni anlayışlar, yeni terminlər daxil oldu. Azərbaycanda hüquqi islahatların aparılmasında,  yeni qanunvericilik aktlarının hazırlanmasında Almaniya Beynəxalq Əməkdaşlıq Cəmiyyətinin xüsusi rolu var. Artıq uzun illərdir bu təşkilat jurnalistlər, dövlət qulluqçuları, hakimlər, vəkillər üçün hüquq sahəsinin aktual məsələləri ilə bağlı seminarlar təşkil edir. Ötən il isə Almaniya Beynəxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) əsas diqqəti regionlara yönəldib. 
«Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma» regional proqramı çərçivəsində regionlarda “İnzibati icraat haqqında” qanun və “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tətbiqi məsələləri ilə bağlı silsilə seminarlar keçirilib. Təşkilatın Azərbaycanda aparılan hüquqi islahatlara dəstəyi həm müvafiq sahədəki qanunların işlənib hazırlanmasında, həm də həmin qanunların qəbulundan sonra onların tətbiqi məsələlərinə dair müxtəlif tədbirlərin keçirilməsində özünü göstərir. GİZ-in 2006-cı ildən indiyədək respublikanın paytaxtında, habelə bölgələrdə dövlət orqanları və bələdiyyələrin əməkdaşları üçün bu mövzularda keçirdiyi seminarlar 2016-cı ildə də davam etdirilib. Seminarların keçirilməsində əsas məqsəd, dövlət və bələdiyyə orqanlarında çalışan yerli kadrların potensialından səmərəli istifadə etmək və həmin şəxslərin gələcəkdə müvafiq qanunvericiliyin tətbiqi, izahı ilə əlaqədar müəyyən bilik və vərdişlərə yiyələnmələrini təmin etməkdən ibarətdir. 


6 rayonda “İnzibati icraat haqqında” qanunun tətbiqi məsələlərinə həsr edilən seminar keçirilib


Regionlarda keçirilən seminarlara ekspert qismində Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, “İnzibati icraat haqqında” qanun, “İnzibati-Prosessual Məcəllə” və “Şəhərsalma və Tikinti Məcəlləsi”nin hazırlanması üzrə işçi qrupun rəhbəri olmuş Səyyad Kərimov cəlb edilib. “İnzibati icraat haqqında” qanunun tətbiqi məsələlərinə həsr edilən seminarlar ötən ilin martında Gəncə və Göygöl, aprelində Ağdaş və Göyçay, iyulunda Qəbələ və İsmayıllı, oktybarında isə Şəmkir və Tovuz şəhərlərində keçirilib. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tətbiqi məsələlərinə dair seminarlar isə ötən ilin iyununda Şamaxı, Ağsu şəhərlərində təşkil edilib. Seminarlarda mərkəzi icra  hakimiyyəti orqanlarının (nazirlik, komitə və s.) yerli şöbə və qurumları, habelə şəhər və rayon bələdiyyələrinin nümayəndələri, hakimlər, vəkillər, hüquşünaslar və jurnalistlər iştirak ediblər. Müvafiq qanunvericiliklə bağlı nəzəri məlumatın verilməsi ilə başlayan seminarlar sonradan qanunların tətbiqi zamanı yaranan problemlərin müzakirəsi ilə davam etdirilib. Maraqlı diskusiyalar şəraitində keçirilən seminarlar zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
S.Kərimov deyir ki, “İnzibati İcraat haqqında” qanun dövlət qurumları, publik fəaliyyəti həyata keçirən qurumlarda, o cümlədən bələdiyyələrdə idarəçilik fəaliyyətini və bu fəaliyyətin prosedur qaydalarını tənzimləyir: “Biz “İnzibati İcraat haqqında” qanun anlamında onlara inzibati orqanların, yəni vətəndaşlara yönəlik qərar qəbul etmə səlahiyyətinə malik orqanların fəaliyyəti ilə bağlı prosedur qaydaları izah edirdik. Vətəndaşlara aid qərarlar necə qəbul edilməli, bu qərarlar vətəndaşlara necə çatdırılmalı, üçüncü şəxslərin maraqlarının necə qorunmalı olması da bu qanunla tənzimlənir. Qanun 2011-ci ildə qüvvəyə minsə də, həm zaman, həm də mahiyyət baxımından bizim üçün yenidir. Təbii ki, yeni olan qanunun tətbiqində bir sıra çətinliklərin meydana çıxması anlaşılandır. Regionlarda bu seminarların keçirilməsində də əsas məqsəd yeni olan qanunun tətbiqi zamanı yerlərdə qarşılaşılan problemlərin müəyyənləşdirilərək həlli yollarının tapılmasıdır. Biz bir idarəçilik tərzi, idarəçilik mədəniyyəti, qanun idarəçiliyində yeni yanaşma formalaşdırmağa çalışırıq. Adi bir misal deyək ki, əvvəllər inzibati orqan vətəndaşın müraciətinə baxaraq cavab verirdi ki, müraciətə baxılaraq ya təmin olundu, ya da təmin olunmadı. Bunun üçün hər hansı əsaslandırma göstərilmir, qanunun müddəalarına istinad olunmurdu. İndi isə həmin müraciətə baxan inzibati orqan vətəndaşa təkcə rəsmi cavab verməklə kifayətlənməməli, həm də verdiyi cavabı əsaslandırmalıdır. Həmçinin, həmin müraciətin təmin edilmədiyi barədə qərar qəbul edilirsə, bunun səbəbi əsaslandırılmalı, qərardan hansı müddətə, hansı orqana şikayət edilmə imkanı olduğu vətəndaşa bildirilməlidir. Təəssuf ki, bizim qurumlar indiki halda da belə bir əsaslandırma nəzərdə tutmurlar. Problemin digər tərəfi həmin qərarda hüquqi müdafiə vasitələrinin göstərilməməsi ilə bağlıdır”. 


“Məhkəmələrin funksiyası təkcə vətəndaşların iddialarını təmin etmək deyil...”


Ekspertin qənaətinə görə, hələ də qanunda nəzərdə tutulan diskresion səlahiyyətlərin—qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun reallaşmasında problemlər var: “Bu da bizim üçün əslində yeni bir institutdur. Bununla bağlı “İnzibati İcraat haqqında” qanunda bir norma nəzərdə tutulub. Amma bu norma ümumi xarakterlidir. Bəzən inzibati orqanın qərar qəbul edən nümayəndəsi  diskresion səlahiyyətlərinin olub-olmamasını müəyyənləşdirməkdə çətinlik çəkirlər”.
S.Kərimov deyir ki, artıq neçə illərdir regionlarda bu tipli seminarlar keçirilsə də, hər dəfə iştirakçı tərkibi dəyişilir: “Kadr dəyişiklikləri ilə bağlı yeni kadrlar işə cəlb edilir və onların da hazırlıq səviyyəsi qənaətbəxş olmur. Buna görə yerli icra orqanlarının rəhbərləri ilə də görüşlər keçirib tövsiyyələr veririk. Onlara da bildiririk ki, GİZ-in seminar keçirib-keçirməməsindən asılı olmayaraq, inzibati orqanlar öz əməkdaşlarının təcrübəsinin artırılması üçün tədbirlər görsun. Çünki yerli icra orqanlarının hüquq şöbələri dövlət qulluqçuları ilə bu qanunun tətbiqi ilə bağlı davamlı şəkildə məlumatlandırma isləri aparmalı, dəyirmi masalar, müzakirələr keçirməlidirlər”. 
S.Kərimov deyir ki, inzibati orqanların qərarlarından narazı qalan region sakinləri arasında da məhkəmələrə müraciət edənlər var: “Gəncə, Şirvan, Şəkidə yerləşən İnzibati Məhkəmələrə yerlərdəki orqanların qərarlarından kifayət qədər şikayətlər verilir. Bu zaman məhkəmələr vətəndaşların iddialarını təmin edir. Amma  məhkəmələrin funksiyası təkcə vətəndaşların iddialarını təmin etmək deyil, həm də inzibati orqanlara təsir baxımından əhəmiyyətlidir. Məhkəmələrin baxdıqları iş üzrə qəbul etdikləri qərarlar gələcəkdə inzibat orqanın analoji məsələlər üzrə fəaliyyətinə ciddi təsir göstərir. Analoji hallarda artıq məhkəmələrin qəbul etdiyi qərarlara istinad edilir”. 


“Şəhərsalma və Tikini Məcəlləsi”ndə kifayət qədər sadə prosedurlar nəzərdə tutulub


“Şəhərsalma və Tikinti Məcəlləsi” ilə bağlı məsələyə münasibət bildirən Səyyad Kərimov deyir ki, bu seminarlarda yerli icra orqanlarının tikinti və şəhərsalma məsələləri ilə məşğul olan şöbələrinin əməkdaşları iştirak edir: “Bu seminarlarda da çalışırıq qanunun tətbiqi ilə məşğul olan şəxslərin bilik və bacarıqları artırılsın. Seminarlarda ərazilərdən, torpaqlardan istifadənin planlaşdırılması, yaşayış məntəqələrinin baş planlarının hazırlanması qaydası, tikintiyə, habelə fərdi yaşayış evlərinin inşasına icazə verilməsi, tikintiyə nəzarət, onun istismara qəbulu qaydaları, bu sahədə məhəllə sakinlərinin hüquqlarının qorunması və sair məsələlərə aydınlıq gətirilib. Bu gün də tikintiyə icazənin verilməsi, qanunsuz inşa edilən tikililərin leqallaşdırılması probleminin həlli ölkə üçün aktual məsələlərdəndir. Bunlar tikinti sektoruna bağlı qurumların qarşısında duran əsas problemlərdən biridir. Biz ilk öncə çalışmalıyıq ki, qanunsuz tikintinin qarşısını alaq. Bunun üçün “Şəhərsalma və Tikini Məcəlləsi”ndə kifayət qədər sadə prosedurlar nəzərdə tutmuşuq. Təqdim olunan sənədlərin siyahısı minimuma endirilib, inzibati yükləmə azaldılıb. Bütün bunlar isə o amilə xidmət edir ki, maneələr aradan qalxsın, qanunsuz tikintilər aparılmasın. Tikinti aparmaq istəyən şəxslər isə bu istəklərini qanuni yollara reallaşdırsınlar. Alman modeli üzərində qurulan bu məcəllədə bir sıra  yeniliklər var. Tikintiyə icazə verilərkən üçüncü şəxslərin maraqlarının necə qorunmalı olması da ciddi məsələdir və araşdırma tələb edir. Qanunun düzgün tətbiq edilməsi və gələcəkdə tikintiyə icazə  verilməsindən şikayətlərin sayının azalması üçün inzibati icraatın keyfiyyətli aparılması tələb olunur. Əgər keyfiyyət tələb olunursa, demək, keyfiyyətli kadrların hazırlanması da zəruridir”. 
Səyyad Kərimov deyir ki, gələcəkdə də qanunun tətbiqində qarşıya çıxan problemlərin həlinə dair yerli icra orqanlarının əməkdaşları üçün seminarların keçirilməsinə ehtiyac var: “Bizim yerlərdə keçirdiyimiz seminarlar, görüşlər və qanunun tətbiqi zamanı üzə çıxan problemlərlə bağlı apardığımız müzakirələr göstərir ki, belə seminarların davamlı olmasına ehtiyac var. Həm də bu seminarları yalnız GİZ keçirməməli, hökumətin də dəstəyi olmalıdır. Seminarların formatı, iştirakçıların əhatə dairəsi üzərində həmişə düşünmək olar. Amma hansı formatı seçiriksə seçək, tələb ondan ibarətdir ki, bu qanunu tətbiq edən  şəxslərin əhatə dairəsini dəqiq müəyyənləşdirə bilək. Yəni seminarlar sadəcə nəzəri bilikləri aşılamaqla yekunlaşmasın, həm də təcrübi əhəmiyyət daşısın”.
Ötən il Almaniya Beynəxalq Əməkdaşlıq Cəmiyyətinin inzibati və tikinti hüququna dair keçirdiyi 12 seminara 250 nəfərdən artıq iştirakçı qatılıb. Amma əlaqədar orqanlarda daimi kadr dəyişikliklərinin aparılması, həmçinin, qanunların tətbiqi prosesində yeni problemlərin meydana çıxması bu tipli seminarların davamlı keçirilmə zərurətini ortaya qoyur. 


Xalid VAHİDOĞLU

Tarix
9 Yanvar 2017 [12:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ