Azərbaycanda bütün dini azadlıqlar təmin edilib

18:19 - 9 Yanvar 2017 - KİVDF

Bu, müxtəlif dini konfessiyaların tərəfdarları arasında qarşılıqlı əməkdaşlıq və hörmətə doğru aparır


Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi ölkə xaricində də yüksək qiymətləndirilib və tanınınıb. Bunun bariz nümunəsi kimi Roma-katolik kilsəsinin sabiq başçısı II İoann Pavelin 2003-cü ilin mayında Bakıda olarkən dediyi fikirləri xatırlatmaq kifayətdir: “Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir. Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsidir. Bu, milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür”.
Həmçinin Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone 2008-ci ilin mart ayında Bakıda olarkən Azərbaycanda müşahidə etdiyi tolerantlığı yüksək qiymətləndirərək, müxtəlif dinlərə sitayiş edən insanların dinc, mehriban şəraitdə yaşaması faktını xüsusi vurğulayıbdır. Kardinal Tarçizio Bertone Azərbaycan xalqının və dövlətinin digər millətlərə və dinlərə olan münasibətini yüksək dəyərləndiribdir. Tolerantlığın Azərbaycan xalqının mentaliteti ilə bağlı olduğunu deyən Vatikanın dövlət katibi ölkə Prezidentinin fəaliyyətində də həmin məqamın aydın göründüyünü bildiribdi. 
Roma Papası Fransisk isə ötən ilin oktyabrında Azə\rbaycanda olarkən deyib: "Azərbaycanda səfərdə olmaqdan şadam".  Onun sözlərinə görə, Azərbaycanda bütün dini azadlıqlar təmin edilib. Roma Papası bildirib ki, indiki dövrdə xüsusilə Avropa dövlətlərində mənəvi və mədəni zənginliklər çox əhəmiyyət kəsb edir: “İndiki zamanda bu, insanlar üçün vacib olan məqamlardır. Bununla biz əlaqələrimizin məhsuldarlığından danışa bilərik”. Roma Papası Azərbaycanda ona göstərilən isti münasibətə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib:  "Cənab Prezident, Azərbaycan xalqı və hökuməti adından mənə ünvanladığınız səmimi salamlara və ötən il hörmətli xanımınızla Vatikana səfərinizdən sonra cavab səfəri ilə Sizi ziyarət etmək imkanına görə xüsusilə təşəkkür edirəm. Mən bu ölkəyə tarix boyu bu torpaqlarda məskunlaşan bir çox xalqların töhfəsinin bəhrəsi olan mürəkkəb və zəngin mədəniyyətinizə tam heyran olaraq gəlmişəm. Onlar müasir cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsində əks olunan təcrübəyə, dəyərlərə və fərqləndirici əlamətlərə həyat veriblər. Oktyabrın 18-də Azərbaycanda müstəqilliyin iyirmi beş illiyi qeyd olunacaq. Bu hadisə bu onilliklərin, əldə edilmiş tərəqqi və ölkənin üzləşdiyi çətinliklərin nəticələrinə hərtərəfli yekun vurmaq imkanı verir. Bu günə qədər keçilən yol institutların möhkəmləndirilməsi və millətin iqtisadi və vətəndaş artımına kömək istiqamətində atılan əhəmiyyətli səyləri aydın göstərir".
Roma Papası deyib ki, bu hamıya, xüsusilə də ən zəif olanlara qarşı daim diqqət tələb edən və multikulturalizmin üstünlüklərilə mədəniyyətlərin bir-birini tamamlamasının zəruriliyini qəbul edən cəmiyyətin sayəsində mümkün olan yoldur: "Bu da öz növbəsində vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və müxtəlif dini konfessiyaların tərəfdarları arasında qarşılıqlı əməkdaşlıq və hörmətə doğru aparır. Dövrümüzdə fərqlilikləri razılığa gətirmək üçün bu ümumi səy xüsusi önəm kəsb edir, çünki bu göstərir ki, başqa ideya və baxışları olan digər şəxslərin hüquqlarını pozmadan öz ideyalarının arxasınca getmək və dünyaya baxmaq olar".
Roma Papası Fransisk əlavə edib ki, autentik dini yolu olan hər bir etnik və ya ideoloji şəxsiyyət itaət və üstünlüyü legitimləşdirmək üçün onların əqidəsini, eyniliyini və ya Tanrının adını alətə çevirən münasibət və yanaşmaları istisna etməlidir: "Mən səmimi olaraq ümid edirəm ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolu ilə getməyə davam edə bilər. Qoy ölkənin ictimai və mülki həyatı üçün harmoniya və sülh şəraitində yaşamaq ədədi həyat qüvvəsi mənbəyi olsun, bütün qadın və kişilərə ümumi rifaha öz töhfələrini vermək imkanı təqdim etsin!"
Roma Papası sonra deyib ki, Azərbaycanda katolik, müsəlman, pravoslav və yəhudi icmaları arasında səmimi münasibətlər yaranıb və bu yaxşı münasibətlərin birlikdə dinc yaşamaq və bütün dünyada sülh üçün böyük əhəmiyyəti var. Bunlar göstərir ki, müxtəlif dini konfessiyaların ardıcılları arasında hamının rifahı naminə səmimi münasibətlər, hörmət və əməkdaşlıq mövcud ola bilər".
O ümid etdiyini bildirib ki, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında dostluq və əməkdaşlıq genişlənəcək: “Əsl dini dəyərlərə sadiqlik Tanrının müqəddəs adından zireh kimi istifadə edib öz baxışını digərlərinə zorla qəbul etdirmək cəhdi ilə tamamilə bir araya gəlmir. Əksinə, Tanrıya iman cəmiyyətlərin ümumi rifah axtarışında qarşılıqlı anlayış, hörmət və qarşılıqlı yardımın mənbəyi və şövqləndiricisi ola bilər. Qoy, Tanrı Azərbaycana harmoniya, sülh və çiçəklənmə ilə xeyir-dua versin”.
Roma Papası Fransisk Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün beynəlxalq birliyin köməyinə ümid edir. O bildirib: “Mən bu ölkənin qayğısına qalaraq öz torpaqlarını tərk etmək məcburiyyətində qalanlara və qanlı münaqişələrin nəticələrindən əziyyət çəkən bir çox insana səmimi yaxınlığımı ifadə etmək istərdim. Ümid edirəm ki, beynəlxalq birlik zəruri köməyi davamlı etmək vəziyyətində ola bilər”. Roma Papası regionda sabit sülhün yeni mərhələsinə başlamaq üçün hamını bu münaqişənin məmnunedici həllinə nail olmaq məqsədilə istənilən imkandan yararlanmağa dəvət edib: “Əminəm ki, Tanrının köməyi və cəlb olunmuş tərəflərin xeyirxah iradəsi ilə Qafqaz mübahisə və fikir ayrılıqlarının dialoq və danışıqlar yolu ilə həll edilərək aradan qaldırılacağı yer olacaq”. O qeyd edib ki, bununla da bu region – Müqəddəs II İohan Pavelin 2002-ci ildə Azərbaycana səfəri zamanı adlandırdığı “Şərqlə Qərb arasında qapı”-da sülh üçün açıq qapı və köhnə ilə yeni münaqişələri həll etmək üçün baxa biləcəyimiz nümunə olacaq. Roma Papasının sözlərinə görə, təəssüf ki, dünya dözümsüzlüklə alovlandırılan bir çox münaqişənin faciəsini yaşayır ki, bunlar da öz növbəsində zorakı ideyalar və ən zəiflərin hüquqlarının faktiki olaraq inkarı ilə təhrik edilir: “Bu təhlükəli yayınmalara qarşı səmərəli mübarizə aparmaq üçün dialoqa yorulmaz hazırlıq sayəsində irəliləyən mədəniyyəti, dözümlülüyə və maraq doğuran, həmçinin təkidli danışıqlar vasitəsilə birgə həllərin səylə axtarışının ağlabatan alternativinin olmadığı düşüncəsini təşviq etməliyik. O əlavə edib ki, ölkə sərhədləri daxilində müxtəlif sektorlar arasında harmoniyaya yardım etmək zəruri olduğu kimi, dövlətlər arasında da əsl tərəqqiyə və xalqları azadlığına aparan, uzunmüddətli razılaşmlara və sülhə gətirib çıxaracaq yeni yollar açan müdrik və cəsur yolu davam etdirmək lazımdır: “Bununla da xalqlar ağır əzablardan və çətin sağalan ağrılı yaralardan xilas olacaqlar”.
Roma papasınıın dedikləri bir daha sübut edir ki, Azərbaycanda yüksək tolertantlıq mövcuddur. 

Xəbər xətti