Azərbaycan XİN açıqlama verib

18:38 - 29 Dekabr 2016 - SİYASƏT

“Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Ermənistan Azərbaycan sərhədindəki məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik”. APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistan Azərbaycan-sərhədində baş verən hadisə ilə bağlı KTMT-nin baş katibi Nikolay Bordyujanın açıqlamasına dair bəyanatında deyilir.
Bildirilir ki,  KTMT-nin baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir: “KTMT-nin baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir.
Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək”.
Qeyd edək ki, bu gün səhər saatlarında baş vermiş döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.  
Ermənistan Müdafiə Nazirliyi isə döyüşdə 3 erməni hərbçinin öldüyünü açıqlayıb.

Xəbər xətti