Ana səhifə
19 Dekabr 2018

Fizik olmaq istəyirdi, məşhur iqtisadçı oldu

Qubad İbadoğlu: “Deyirdilər ki, bu fakültəni bitirib, ən yaxşı halda bizim kimi orta məktəb müəllimi olacaqsan”

 

 

Qubad İbadoğlunu demək olar ki, tanımayan yoxdur. Hansı siyasi düşərgədə olmasından aslı olmayaraq, öz elmi, biliyi, dünyabaxışı, intelektual səviyyəsi, ən əsası böyük insanlığı ilə seçilən Qubad müəllim, saysız-hesabsız titullara sahib olsa da, heç zaman bununla öyünüb, başqalarına yuxarıdan aşağı baxmaz. “Tanınmışların ən yadda qalan illəri” rubrikasının budəfəki qonağı olan dəyərli iqtisadçı alimin belə uğurlara imza atmasında təbii ki, ziyalı ailəsində verilən tərbiyə, orta və ali məktəbdə aldığı bilik həlledici faktor olub. Çox uzatmadan böyük hörmət bəslədiyimiz Qubad müəllimin “uğur hekayəsi”ni öz dilindən eşitməyimiz daha maraqlıdır:

 

1971-ci ildə Füzuli rayonunun sərhəd Güzlək kəndində anadan olmuşam. Orta məktəbi 1987-ci ildə Bakıda, fizika-riyaziyyat təmayüllü 1№-li internat məktəbində bitirmişəm. O dövrün məşhur məktəblərindən biri idi. Həmin ildə fizika üzrə respublika olimpiadasının qalibi olmuşam. Orta məktəbdə qiymətlərim yüksək olub. Sadəcə bir 4 olduğuna görə medala düşmədim. Buna baxmayaraq universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Ali məktəbdə oxuduğum illərdə də yalnız bir dəfə 4 qiymət almışam. Digər qiymətlərim əla idi.

 

Məktəb direktoru cəzalandırıldı

 

Orta məktəbə getməyimin maraqlı tarixçəsi var. Mən 5 yaşımda orta məktəbə getmişəm. Halbuki şagirdlər ibtidai sinfə 7 yaşında qəbul edilirdi. Sadəcə olaraq qonşuda dostlaşdığım bir uşaq var idi. Bir gün onunla görüşmək üçün evlərinə gəldim. Anası dedi ki, oğlu məktəbə gedib. Onun ardınca mən də məktəbə üz tutdum. Valideynlərim məni sinifdən qovmadılar və həmin uşaqla bir partada oturdum. Sonra ardıcıl olaraq dərsə getməyə başladım. Çalışqanlığımı görüb, davamiyyət jurnalına adımı yazdılar. Beləliklə, mən 5 yaşımda 1-ci sinifdə oxumaq imkanı qazandım. Sonra yoxlama nəticəsində bunu aşkara çıxaranda, məktəb direktorunu cəzalandırdılar.

Açığını desəm, ixtisas seçimimdə də öz istəyim əsas rol oynamayıb. Çünki orta məktəb illərindən fizikaya meyil göstərirdim. Bu fənn üzrə olimpiada qalibi olandan sonra Bakı Dövlət Universitetinin (BDU) Lazer laboratoriyasına təhkim edildim. Orada təcrübə keçirdim. Onun üçün BDU-nun Fizika fakültəsinə sənədlərimi verməyi düşünürdüm. Orta məktəb müəllimi olan valideynlərim mənim bu seçimimə razı olmadılar. Onlar deyirdi ki, bu fakültəni qurtarıb, ən yaxşı halda bizi kimi orta məktəbdə müəllim kimi çalışacaqsan. Belə olanda başqa ixtisas seçimi etməli idim. Məlum olduğu kimi 80-ci illərdə ən populyar ali məktəblərdən biri Xalq Təsərrüfatı İnstitutu idi. Nəhayət sonda bu institutun üzərində dayandım. Qəbul üçün müraciət edəndə universiteti artıq bağlayıb, Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına çevirmişdilər. Elə bizdən imtahanı da Leninqraddan gələn xüsusi komissiya qəbul elədi. Bu da mənim ali məktəbə asanlıqla qəbul olunmağımda böyük rol oynadı.

 

Adımı “Metrkalı” oğlan qoymuşdular

 

Orta məktəbi qurtaranda da 16 yaşım hələ tamam olmamış, pasport belə almamışdım. Ali məktəbə sənədlərimi doğum haqqında şəhadətnamə (metrka) ilə təqdim etməli oldum. Məni hamı xüsusi olaraq izləyirdi. Çünki imtahan verənlər içərisində yeganə adam idim ki, yaşıl rəngdə olan “metrka” ilə imtahana gəlirdim. Adımı da “metrkalı” oğlan qoymuşdular. Bir sözlə, 16 yaşım tamam olmamış universitetə daxil oldum. Qəbul imtahanlarında da elə bir narahatçılığım yox idi. Bunun bir sıra səbəbləri vardı. Birincisi, orta məktəbi bitirdiyim internat məktəbində hər il buraxılan məzunların 95-96 faizi ali məktəbə qəbul olunurdu. İkincisi, qəbul imtahanlarına qədər müxtəlif olimpiadalarda iştirak etmişdim. Artıq psixoloji mərhələni arxada qoymuşdum. Təkcə, xüsusi narahat olduğum imtahan coğrafiya fənnindən idi. Baxdım ki, hansı ixtisasa qəbulda coğrafiya axırıncı imtahandır, sənədlərimi də ora verdim ki, sonuncu imtahana rahat hazırlaşa bilim.

 

Azadlıq hərəkatının ən fəal iştirakçısı olmuşam

 

Tələbəlik illərini xatırlayarkən, fəal tələbə kimi Azadlıq hərakatına qoşulmağım, başlayandan sona qədər tez-tez keçirilən mitinqlərdəki iştirakım yada düşür. Hətta Dirçəliş gününü də meydanda olmuşuq. Söhbət 17-18 noyabr tarixlərindən gedir. Artıq universitetin özündə tələbə hərəkatına qoşulmuşduq. Hansı ki, tələbələr xalq hərəkatının aparıcı qüvvəsi idi. Ona görə biz  bu proseslərdə iştirak edirdik. Hətta gecələr meydanda qaldığımız günlərdə olub. Bütövlükdə götürəndə meydan hərəkatında kifayət qədər aktiv olmuşam.

Ancaq yanvar hadisələrində iştirak edə bilməmişəm. Çünki 20 yanvar hadisəsinə qədər mən vaxtından əvvəl imtahanlarımı verib, doğulduğum Füzuli rayonuna qayıtmışdım. Sərhəddə yerləşən kəndimizdə ağır fövqəladə vəziyyət hökm sürürdü. Mən o zaman artıq atamı da itirmişdim. Evin böyük uşağı idim. Balaca qardaşlarım anamla bir yerdə qalırdılar. Kəndin müdafiəsində iştirak üçün müraciət etdim ki, imtahanları vaxtından əvvəl verim. Belə də alındı. Yanvar ayının 14-də artıq rayona getdim. Bir həftə sonra eşitdim ki, Bakıda belə bir hadisə olub.

Tələbəliyin ən maraqlı illəri qaldığım yataqxana ilə də bağlı olub. 5 il tələbə, 4 ildə aspirantura dövrünü Dərnəgüldə yerləşən indiki İqtisad Universitetinin yataqxanasında keçirmişəm. Yadda qalan maraqlı hadisələrdən bir çoxu da tələbə-inşaat dəstələrində iştirakım zamanı baş verib. Yaşım az idi. Mövcud əmək qanunvericiliyinə görə, 18 yaşı tamam olmayanlar başqalarından az işləyirdi. Tələbə yoldaşlarımın arasında qürurla zarafata salıb deyirdim ki, mən sizdən az işləyirəm, amma sizdən heç də az məvacib almıram.

İnstitutdan aldığım təqaüd mənim də xərclərimi qarşılamırdı. Yalnız I kursun ilk semestrində zərbəçi təqaüd almışam. Ondan sonra bütün kurs boyu əlaçı təqaüdü alırdım. Məbləği də 80 manat idi. Ailədə 5 nəfər idik. Yeganə olaraq anam çalışırdı. Belə olan təqdirdə, xərclərimi özüm qarşılamaq məcburiyyətində idim. Yuxarı kurslarda olanda isə kiçik qardaşlarım da universitetə qəbul olmuşdular. Onlara kömək etməli olmuşam. Tələbə vaxtında bizə uyğun iş gözətçilik idi. Çox vaxt gecə növbəsində çalışmışam. Aylıq əmək haqqı 70 rubl idi. Onun da 10 rublunu kəsirdilər. Təqaüdlə birlikdə cəmi 140 rubla I və II kursu başa vurdum. Universitetdə fərqlənməyim mənə imkan verirdi ki, uşaqlar üçün kurs işləri yazım. II, IV və  V kurslarda yazdığım kurs işlərindən daha yaxşı qazanc əldə edirdim. Aldığım pulun bir qismini kitaba xərcləyirdim. Çünki bilirdim ki, nə qədər çox kitabım olsa, nə qədər çox kitab oxusam tez müddətə və daha çox kurs, diplom, hətta dissertasiya işləri işləyə bilərəm. O dövr üçün artıq yeni bir situasiya da yaranmışdı. Yeni situasiyada köhnə nəzəriyyələr işləmirdi. Müasir iqtisadi nəzəriyyələr ortaya çıxmışdı. Bunu bilənlərin də sayı çox az idi. O dövr üçün yeni və müasir kitablarla, nəzəriyyələrlə tanış olduğuma görə mənim üçün işləmək çox rahat idi. Bu imkan verirdi ki, iqtisadiyyatdan yüksək səviyyəli tədqiqat işləri hazırlayım. Demək olar ki, tələbə olduğum son illər əsasən bu işlərlə məşğul oldum.

O dövrlərdə asudə vaxtlarım çox az idi. Əvvəla, böyüyüb boya-başa çatdığım doğma yurd işğal olunmuşdu. Ailə üzvlərim Bakıya gəlməli oldu. Çətin bir şəraitdə ailəni dolandırmaq məsuliyyəti məni işləmək məcburiyyətində qoydu. Bakıda oxuduğum zaman tələbəliyimin başqa bir maraqlı cəhəti var idi. Beləki qrupda ən cavan mən idim. Mənə ən yaxın olan tələbə yoldaşımla aramızda 6 yaş fərq var idi. Məndən 10 yaş böyük olan tələbə yoldaşlarım da az deyidi. Onlar dəfələrlə ali məktəbə sənəd verib, müsabiqədən keçə bilməmişdilər. Demək istəyirəm ki, yaş fərqi onlarla bərabər asudə vaxtı keçirməyimə hardasa mane olurdu. Amma bəzən tədbirlərə birgə qatılırdıq.

İndi tələbə yoldaşlarımın böyük əksəriyyəti ilə əlaqə saxlamağa çalışıram. Elə olur ki, bir yerə toplaşırıq, “Məzun günü”nü qeyd edirik.  Təbii ki, regionlarda olanlar bu tədbirlərimizə gələ bilmir. Yataqxanadakı otaq yoldaşlarımızla isti münasibət indi də davam edir.

 

“Ən maraqlı təhsil təcrübəsi Şimali Karolina Universitetində oldu”

 

Onu da qeyd edim ki, 1999-2000-ci illərdə Varşavada Ali İqtisad Məktəbində, 2004-2005-ci illərdə Budapeştdə Mərkəzi Avropa Universitetində təhsilimi davam etdirməklə, tədqiqatlar aparmışam. 2008-2009-cu tədris ilində ABŞ-ın Kanzas və Şimali Karolina universitetlərində ixtisasartırma kursları keçib elmi tədqiqatla məşğul olmuşam. Mənim üçün ən maraqlı təhsil təcrübəsi Şimali Karolina Universitetində oldu. Sözün əsl mənasında ABŞ-da olanda o zaman üçün olduqca böyük tədris təcrübəsi ilə qarşılaşdım. Ora gedəndə tədris metodologiyaları ilə artıq tanış idim. Mənim üçün maraqlı gələn müəllim-tələbə münasibətləri idi. Ən vacibi o idi ki, tələbinin biliyindən, bacarığından asılı olmayaraq hamıya bir insan kimi yüksək dəyər verirdilər. Bunu Azərbaycana gələndə sonra öz müəllimlik təcrübəmdə həmişə nəzərə alıram. Doğrudan da, mənim üçün tələbələr həmişə əhəmiyyətli kəsimdir. Heç vaxt tələbəyə yuxarıdan aşağı baxmamışam. Təvazökarlıqdan uzaq olsa da deyim ki, dərslərim tələbələr üçün həmişə maraqlı olub. Demək olar ki, ən intizamsız, ərköyün uşaqlar da dərsimin əhəmiyyətini dərk edərək nəsə öyrənməyə çalışıblar. Öyrənməsələr belə bir-birimizə olan hörmət və ehtirama riayət edirik.

 

 

“Üç nöqtə”

 

Tarix
13 Noyabr 2014 [11:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin